Putinin Əsəd Tramplini... - Suriyada kim qazanacaq?

Putinin Əsəd Tramplini... - Suriyada kim qazanacaq?

08-04-2017 01:36 / Bu xəbər 1964 dəfə oxundu

Suriyanın İdbil şəhərinə edilən kimyəvi hücumdan sonra, yəni aprelin 7-də ABŞ Suriyada Əsəd rejiminə aid olan Şayrat hərbi hava bazasını raketlərlə vurub. 

Hədəfə alınan hərbi obyetdə kimyəvi hücumda istifadə edilən təyyarələrin olduğu bildirilir. 

Suriya ordusu 6 əsgərinin, Suriya dövlət televiziyası isə 9 nəfər sivil vətəndaşının öldüyünü açıqlayıb.  

Edilən hərbi hücum Rusiya-ABŞ münasibətlərində diplomatik gərginlik yaradıb. Pentaqon hücumdan öncə Rusiyanı məlumatlandırdığını bildirib. 

Rusiya tərəfdən edilən rəsmi açıqlamada deyilir ki, prezident Putin hücumun ABŞ-Rusiya münasibətlərinə zərər verəcəyini düşünür və ABŞ-ın Suriyaya hərbi müdaxiləsini beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirir. 

Deyildiyi kimi, bu hadisə ABŞ-Rusiya münasibətlərini gərginləşdirə bilərmi? 
Elxan Şahinoğlu:
Siyasi şərhçi Elxan Şahinoğlu Toplum TV-yə deyib ki, Rusiya Əsəd rejiminə verdiyi dəstəyi geri çəkməyəcəyi təqdirdə gərginlik artacaq: "Bəli, bir müddət gərginliyə səbəb olacaq, çünki Amerika mesajını göndərdi ki, kimyəvi silahdan istifadəyə dözməyəcək. Gərək indi Rusiya Əsəd rejminə təziq edə. Etməsə, Amerika ilə münasibətlər yenidən soyuqlaşa bilər. Halbuki Rusiya hakimiyyəti Trampla münasibətlərin normallaşmasına ümid edirdi. Amma Əsədə verdiyi dəstəyə görə Rusiya nəinki Amerikayla, İsrail və Türkiyə ilə münasibətləri də gərginləşdirir. Çünki onlar da son kimyəvi silahlı hücumda Əsədi günahkar sayır”.

Politoloq Zərdüş Əlizadə isə bütün olanlarda başlıca günahkarın Amerika tərəfinin olduğunu düşünür:
"Mən Trampın qərarını onun Amerikadakı zəif vəziyyəti, hücumlara məruz qalması, impiçment məsələsinin gündəmə çıxarılması ilə bağlayıram. O, bu qeyri-qanuni hərəkəti ona görə edib ki, Amerikadakı ictimai rəyi, xüsusilə onun Rusiya ilə münasibətləri normallaşdırmaq siyasətini tənqid edən adamları sakitləşdirsin və onları öz tərəfinə çəksin. Əgər mən bunu Bakıda yaşayan bir siyasətşünas kimi anlayıramsa, təbii ki, Rusiyada da bunu çox gözəl anlayırlar. Anlayırlar ki, o, bunu nəyin naminə edib. Buna da artıq nail olub. Təsadüfi deyil ki, onu kəskin tənqid edən senatorlar, konqresmenlər, ifrat sağ və ifrat sol mövqedə duran adamlar qışqırıblar ki, "Yaşasın Tramp!” Əsl kişi adamdı, elə belə də eləmək lazımdır”. Bu, onun daxili siyasi ehtiyacından doğan addımıdır. Qaldı Rusiyaya, onlar da öz siyasətini davam edəcəklər. Suriyanın bombalanmamış harası qalıb ki?! Əgər tamamilə toxunulmamış bir ölkə olsaydı, ora Amerikanın bomba atması biabırcı bir vəziyyət olardı. Suriyanın bütün şəhərləri dağıdılıb, əhalinin yarısı ölkədən çıxıb. Bu da əsasən Qərbin siyasəti nəticəsində olub”.

Aprelin 7-də prezident Donald Tramp Amerika xalqına müraciət edərək Suriyanın hava qüvvələrini bombalamaq əmri verdiyini bəyan edib: "Mən bu gün kimyəvi hücumların qaynaqlandığı hava bazasını vurmaq əmri vermişəm”.

Amerika prezidenti deyib ki, ölümcül əsəb qazından istifadə edən Əsəd günahsız kişi, qadın, və uşaqların canlarını boğaraq alıb. 

Suriya prezidenti Bəşar əl-Əsədin günahsız mülki vətəndaşlarına qarşı "dəhşətli kimyəvi silahlarla” hücum etdiyini vurğulayan D.Tramp "Suriya diktatorunun" öz xalqına qarşı əməllərini kəskin pisləyib.  

O habelə Əsədi regionda sabitliyi pozmaqda, qaçqın böhranını dərinləşdirməkdə ittiham edib.

"Amerikanın səsi”nin məlumatına görə, D.Tramp bəyan edib ki, kimyəvi silahlardan istifadə və onun yayılması ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziddir və bunun qarşısını almaq Vaşinqtonun borcudur. 

Amerika prezidenti Suriya rəhbərliyinin BMT Təhlükəsizlik Şurasının və Kimyəvi Silahlar üzrə Konvensiyanın müddəalarını kobud şəkildə pozduğunu önə çəkib:

"Amerika ədalət uğrunda çarpışır, ümid edirik sonda sülh və harmoniya bərqərar olacaq. Biz bu qayğılı dünyamızda üzləşdiyimiz sınaqlara sinə gərmək üçün Tanrıdan idrak umuruq. Mən bütün sivil dünyanı Suriyada qan-qadaya son qoymaq üçün bizim səylərə qoşulmağa çağırıram”.

Donald Tramp əvvəlki bəyanatlarında qeyd edib ki, kimyəvi hücum qurbanlarının televiziyadakı görüntüləri onda dərin iz buxarıb.

Qara Məhəmmədoğlu