Qaçaqmalçılığa görə iki gömrük əməkdaşı ətrafında xidməti araşdırma aparılır

Qaçaqmalçılığa görə iki gömrük əməkdaşı ətrafında xidməti araşdırma aparılır

03-10-2018 16:49 / Bu xəbər 462 dəfə oxundu

"İttiham olunanlar Dubaydan çoxlu sayda mobil telefonun nəzarətdən kənar keçirilməsinə şərait yaradıblar”

Dövlət Gömrük Komitəsinin iki əməkdaşının qaçaqmalçılıq etdiyi ifşa edilib və onlar tutduqları vəzifələrdən azad ediliblər.

Komitənin məlumatında deyilir ki, xidməti yoxlama aparılır, onun nəticələrinə görə materiallar prokurorluğa göndəriləcək.

Komitədən bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Nazim Muxtarov gömrük sərhədini keçdikdən sonra saxlanılıb, əl baqajına baxış keçirilib.

"Onun baqajından 79 ədəd bəyan edilməmiş "İphone” mobil telefonu, iki ədəd "Samsung” mobil telefonu, həmçinin qulaqlıqlar, adapterlər və yaddaş kartları aşkar edilib”.

Komitənin məlumatında deyilir ki, araşdırma zamanı Muxtarovun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin müfəttişi Ariz Hüseynli ilə qaçaqmalın gömrük nəzarətindən keçirilməsi haqqında sövdələşmə əldə etdiyi müəyyən edilib.

"Ümumi dəyəri 197 min 120 manat olan mobil telefon və aksessuarların qaçaqçılığı həyata keçirilib. Bundan başqa, Hüseynli gömrük postunun rəisi Rəhman Əliyevlə birlikdə 500 dollar müqabilində böyük ölçüdə ətriyyat və kosmetika vasitələrinin qaçaqçılıq yolu ilə keçirilməsi üçün şərait yaradıb. Xidməti araşdırma başlayıb, yığılan materiallar Baş Prokurorluğa göndəriləcək”.///Meydan.tv