"Qadını və oğlunu aldadıb Bakıya aparıblar" - İcra Hakimiyyətindən Xoşqədəm Baxşəliyevaya cavab

21-09-2017 20:03 / Bu xəbər 1683 dəfə oxundu

Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən "Səni axtarıram" verilişində Masallı rayon sakini Şəhla Ağayevanın oğlu İbadət Rzayevi 20 il zəncirləyərək saxlaması, ona qarşı zorakılıq etməsi ilə bağlı məlumatın təfərrüatı məlum olub.

Masallı Rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirovda məsələyə münasibət bildirib.

O, Arqument.az-a açıqlamasında İ.Rzayevin bir neçə gün əvvəl Bilgəhdə yerləşdirildiyi xəstəxanadan ailəsi tərəfindən qaçırılması barədə yayılan xəbərləri təkzib edib. 

C.Bəşirov İ.Rzayevin xəstə olduğunu, anasının ona yaxşı baxdığını deyib: "Sadəcə, həmin veriliş şou xarakterli hazırlanıb, qadını və oğlunu kənddən Bakıya aparanda da onlara yalan məlumat verilib. Qadına oğlunu müalicə məqsədilə Bakıya apardıqlarını deyiblər. Qadın da onların səmimiyyətinə inanıb. Oğlanı Bilgəhdə xəstəxanaya yerləşdiriblər. Anaya sonradan məlum olub ki, oğlunu müalicə etdirmək yox, layihə üçün gətiriblər. Ona görə də qadın  qohumlarına zəng edib və onların köməyi ilə uşağı xəstəxanadan çıxarıb, rayona gətirib”.

Ananın oğlunun ayaqlarını zəncirləməsinə gəldikdə, C.Bəşirov bildirib ki, o ruhi xəstə olduğundan evi yandırmağa cəhd etməsin deyə belə bir addım atılıb: "Valideynləri tərəfindən ona heç zaman zorakılıq edilməyib. Hətta xəstəliyini əvvəl müalicə etdiriblər. Lakin tam sağalacağı ilə bağlı həkimlər söz verməyib. Anası daim qulluğunda durur. O ailənin tək övladıdır. İllər əvvəl onun ruhi dispanserə yerləşdirilməsi ilə bağlı təklif olmuşdu, anası buna qəti şəkildə qarşı çıxdı. O, övladına özünün baxmağında israr edib. Çəkiliş üçün gələndə də ailəni aldadıb aparıblar, oğlunu tam müalicə etdirəcəklərini deyiblər”.

Oğlanın saxlandığı yerə gəldikdə, icra nümayəndəsi ailənin yaşadığı evin də  elə vəziyyətdə olduğunu deyib: "Ailə o qədər də imkanlı deyil, özlərinin də yaşadığı yer eyni vəziyyətdədir. O birbaşa edilən çəkiliş deyil. Çəkilişdən əvvəl ailə ilə danışıb, çəkilişi razılaşdırıblar. Lakin onlara bu çəkilişin uşağı müalicə etdirmək məqsədilə edildiyini deyiblər.  Anaya bildiriblər ki, şənbə günü olduğundan müvəqqəti Bilgəhdəki xəstəxanaya yerləşdirilir. Həftənin 1-ci günü başqa bir xəstəxanada müalicəsini davam etdirəcəyini deyiblər. Ananın bizə verdiyi məlumata görə o, aldadıldığını xəstəxana əməkdaşlarının suallarından sonra başa düşüb. Onlar ananın oğluna yaxşı baxmadığı, zorakılıq etdiyi barədə yayılan məlumatlardan danışıblar. Bundan sonra, ana hər şeyi başa düşüb”.

Məsud 
Arqument.Az