“Qafqaz üçlüyü”: R.İbrahimbəyovun məğlubiyyəti

“Qafqaz üçlüyü”: R.İbrahimbəyovun məğlubiyyəti

30-08-2018 01:20 / Bu xəbər 2161 dəfə oxundu

Sevda Sultanova

"Qafqaz üçlüyü” bədii filminə görə Rüstəm İbrahimbəyova qarşı aparılan məqsədli kampaniyanın iştirakçısı kimi görünmək istəmədiyimdən, bu ekran əsərindən yazmaqdan vaz keçmişdim. Kampaniya artıq dayandırıldığına görə, filmdən yazmaq qərarına gəldim. İbrahimbəyova qarşı səslənmiş ittihamlarda ortaya arqument qoyulmadı və aparılan kampaniyanın məqsədinə uyğun olaraq ssenaristdən (R.İbrahimbəyovdan) tamamən neqativ, düşmən obrazı yaratmağa cəhd olundu. Və deyim ki, filmdə bir sıra epizodlar mövzuya yanaşma baxımından tənqid üçün material verir, az sonra bu haqda ətraflı danışacağam.

Yazımda, əsasən, "Qafqaz üçlüyü”nün kinematoqrafik keyfiyyətlərini, mövzuya yanaşmanı vurğulayacağam, eyni zamanda onun antiazərbaycan mövqedən çəkilib-çəkilməməsinə aydınlıq gətirməyə çalışaçağam. Həm də bu ekran işinə İbrahimbəyovun ümumi yaradıcılığı kontekstində nəzər salacağam.


…İbrahimbəyov peşəkar ssenaristdir və biz bunu fakt kimi qəbul edirik. 1960-1970 illərdə milli kinoya yeni adlar, bu yeni adlarla birlikdə fərqli yanaşmalar gəldi. Adı parlayan müəlliflərdən biri də Rüstəm İbrahimbəyov idi. O, ssenarilərində sovet cəmiyyətinin mahiyyətinə fokuslanır, ona çoxqatlı diskurs, tənqidi baxış bucağı təklif edirdi: ifadə azadlığını məhdudlaşdıran, alternativ yaşam modelinə seçim imkanı verməyən sistemdə — insanın iç konflikti, onun toplumla kontaktının qırılması, özgələşməsi — yəni fərdi riyakarlığa məcbur edən, özü kimi olmağa fürsət verməyən, mənəvi böhrana salan rejimin gerçək üzünün təsviri. Onun qəhrəmanları sovet cəmiyyətində autsayderlərdir: bir qayda olaraq, həm quruluşun sərt qəlibləri, həm də mental dəyərlərlə ortaq nöqtə tapa bilməyən, ailənin, ictimai rəyin tələbilə həqiqi kimliyindən imtina eləyən, tragikomik situasiyalarda çırpınan ziddiyyətli adamlardır.

İbrahimbəyov çox hallarda konflikti ailə modelində göstərir. Ailə onun yozumunda dövlətin, sistemin modelidir. Bununla belə, İbrahimbəyovun ssenarilərində, adətən, mənfi, ya müsbət qəhrəman olmur. Onun ssenariləri insan dramlarıdır. Burada insanlar olduqları kimidirlər: zəiflikləri, müsbət və mənfiləri ilə birgə…

Ancaq milli kinoda Rüstəm İbrahimbəyov – Rasim Ocaqov tandemi ("Ad günü”, "Özgə ömür”, "Ölsəm, bağışla”, "Bağlı qapı arxasında”) nə qədər uğurlu alınsa da, digər rejissorlar onun ssenarilərindəki mövzulara yanaşma dərinliyinin, çoxqatlılığın təsvir həllini verə bilməyiblər, əksinə, yanaşmalarında didaktikaya yol verərək vəziyyətin, obrazların sosial-psixoloji-mədəni qatını səthi işləyiblər ("Anın quruluşu”-rej Rasim İsmayılov, "Bir ailəlik bağ”- rej Yuli Qusman, "Ürək…Ürək”- rej. Eldar Quliyev” və s.)…

***
Göründüyü kimi, İbrahimbəyovun toxunduğu problemlər günümüzdə də aktuallığını itirməyib. Hərçənd sovet quruluşu dağılandan sonra İbrahimbəyov bir neçə ssenarisində ardıcıl olaraq bu tendensiyanı davam etdirir: dağılan quruluşun fəsadlarını göstərməklə yanaşı, Bakının beynəlmiləl elit mühitinə xiffət, əyalət mədəniyyətinin daşıyıcılarının urbanistik mədəniyyəti əritməsinə, ümumən, əyalət adamına və eyni zamanda əyalət təfəkkürlü idarəetmə sisteminə tənqidi münasibət…



"Qafqaz üçlüyü”ndə də bu tendensiya duyulur. Öncəliklə filmin qısa məzmununu yazım ki, söhbətin nədən getdiyi onu izləməyənlərə də aydın olsun:

Moskvada oftalmoloq işləyən erməni Eduard keçmiş bakılıdır. O, arvadı Vera və oğlu Teymuru ataraq Rusiyaya gedib. Eduardın arvadı, azərbaycanlı Kamillə ailə qurub. Kamil Teymuru da himayəsinə alaraq, öz övladı kimi böyüdüb. Teymur aktyordur və Moskvada işləmək şansı yaranıb. Eduard oğlunu Bakıya gedib, doğum haqda şəhadətnaməsini gətirməyə, onun soyadını götürməyə məcbur edir. Çünki o, qohumunu Teymurun oğlu olduğuna inandıra bilsə, onun mirasını əldə edəcək. Teymur Bakıya qayıdır. Onun, soyadını dəyişmək istəyi arvadını, qohumlarını qəzəbləndirir. Sonra Teymur yoxa çıxır. Eduard onun öldürüldüyünü zənn edərək, Bakıya gəlmək istəyir, lakin erməni olduğuna görə sərhəddən buraxılmır. O, uşaqlıq dostu Fərhada zəng edərək ölkəyə buraxılmasına köməklik göstərməyi xahiş edir. Fərhad, buna görə yüksək vəzifəli məmura ağız açır. Eduard Bakıya gəlir. Fərhadın da öz sorunları var, onun "yaxın illərdə neft tükənəcək” bəyanatı, müxalif mövqeyi hakimiyyəti qəzəbləndirib.

Sonra müxtəlif hadisələr baş verir. Teymurun ölmədiyi, bağda quyuya düşdüyü məlum olur. Teymur sonda ailəsi, bioloji atası ilə birgə Moskvaya qayıdır.

Rejissoru Eldar Şengelaya olsa da, filmi eyni zamanda İbrahimbəyovun ekran əsəri kimi qəbul etmək olar. Çünki İbrahimbəyovun ssenaristi olduğu filmlərdə rejissuraya təsiri kino adamlarına sirr deyil (Onun, Nikita Mixalkov kimi nüfuzlu rejissorla işbirliyini nəzərdə tutmuram, təbii ki).

Mahiyyətinin dərinliyinə varsaq, "Qafqaz üçlüyü” əslində Azərbaycana, azərbaycanlılara qarşı deyil.

Əsərdə toxunulan motivlər aşağıdakılardır:
— Ölkədə mövcud hakimiyyətin tənqidi
— Regionun üç ölkəsi arasında siyasi münasibətin- azərbaycanlı, erməni, gürcü dostların münasibətlərində modelləşdirilməsi
— Və çox güman ki, İbrahimbəyovun özü də istəmədən, bəzi səhnələrdə sezilən əyalətlə bağlı komplekslərinin təzahürü

Əhvalatda əyalət təfəkkürlü siyasi idarəetmə sistemi hədəfə götürülür. Vacib bir epizodun nümunəsində fikrimi arqumentləşdirim: Rəsmilərin icazəsi ilə Bakıya gələn Eduarda müxalif mövqeli Fərhad evində sığınacaq verir. Fərhadı susdurmaq məqsədilə təxribata əl atılır, bir qrup adam onun evinin qarşısında aksiya keçirərək, ermənini tələb edir. Hakimiyyət nümayəndəsi Fərhada razılaşma təklif edir: o öz postundan istefa və tənqidi çıxışlarına son verəcəyi təqdirdə Eduard Rusiyaya rahatlıqla dönə biləcək. Razılaşma baş tutur…

Zaman-zaman müxalif fikirli fiqurlara qarşı analoji sifarişli aksiyaların keçirilməsinin gerçəkliyimizdə də şahidi oluruq. Fəqət "Qafqaz üçlüyü”ndəki bu epizodda — erməniyə nifrət, onu tələb etmək aksiyası siyasi rejimin sifarişi kimi yox, daha çox xalqın təşəbbüsü kimi meydana çıxır. Məqsəd bu olmasa belə, istəmədən təhtəlşüura bu fikir ötürülür.

Baxmayaraq ki, dediyim epizoddan öncəki səhnələrdə də aydınlaşır ki, aksiya yuxarılar tərəfindən kütlənin manipulyasiyasıdır, onun fokusunda erməni yox, alternativ fikirli ziyalının zərərsizləşdirilməsi dayanır. Ancaq etiraz aksiyası hissəsinin digər epizodlara nisbətindəki emosional gücü və intonasiyası, dokumentallığa yaxınlığı, ən əsası — içəridə (erməninin olduğu evdə) və çöldə (aksiya olan yerdə) baş verənlər arasında montaj ritminin, bütövlüyünün pozulması aksiyanı yaddaqalan edir. Başqa sözlə desək, baş verənlərin xalqın etirazı yox, qurama olması — doğru hesablanmamış kadrlararası ritmin, montajın, yanlış plan vurğularının, saxta, həyəcansız aktyor oyununun, uyğunsuz ifadə vasitələrinin, zəif bədii həllin sayəsində kölgədə qalır. Və personajların sanki ölkə reallığında, məsələn, heç olmasa, bu aksiyanın gərginliyini yaşamaması, nəsə anlaşılmaz bir boşluqda hərəkət etməsi, üstəlik, bir gün ərzində baş verən çoxsaylı hadisələrin dramaturji nizama salınmaması müəlliflərin hakimiyyəti ifşa etmək niyyətini görünməz edir. Çünki sənətdə əsas məsələ həqiqətin sadəcə fiksəsi yox, həm də necə bir ifadə vasitələrindən yararlanaraq təqdim edilməsidir. Odur ki, nəticə olaraq bu epizodda yanlış kontekst — hakimiyyətin ifşası əvəzinə, azərbaycanlıların, doğrudan da, tolerant ola bilməməsi kimi görüntü, emosiya önə çıxır.

Belə bir səhnə (sifarişli etiraz aksiyasını nəzərdə tuturam), mövzu sırf ölkədaxili siyasi mübarizə müstəvisində göstərilsəydi, daha uyğun idi. Ancaq rejimin mahiyyətini göstərməkdən ötrü millətlərarası münaqişədən, Qarabağ kimi həssas mövzudan istifadə etik deyil və bu cür radikal dramaturji gedişata əl atmaq – yəni erməniyə nifrətlə köklənən belə bir təsvir özümüzə qarşı əks effekt verir.

Yuxarıda, İbrahimbəyovun əyalət kompleksiylə bağlı qeydim təsadüfi deyil.

İbrahimbəyovun səhvi ondadır ki, o, əyalət təfəkkürlü idarəçiliyi konkret məkana bağlayır və buradan da istər-istəməz onun əyalət adamına, mədəniyyətinə dözümsüzlüyü meydana çıxır. Hələ 2006-cı ildə Oleq Səfərəliyevin rejissorluğu ilə çəkilən "Əlvida, cənub şəhəri”ndə bir ssenarist kimi İbrahimbəyov dözümsüzlüyünü özəlliklə vurğulayır. İçərişəhərin məhəllələrindən birinə köçən rayonlunun (çox güman ki, o, qaçqındır, hadisələr 1988-ci illlərdə baş verir) balaca oğlu təbii ehtiyacını birbaşa həyətdə ödəyir. Məhəllənin beynəlmiləl sakinləri buna etiraz edir. Uşağın atası, yüksək vəzifədə çalışan Fariz caz ansamblının fəaliyyət göstərdiyi zirzəmini alaraq restoran qurur, illər sonra daha yüksək mövqeyə çatanda köhnə məhəllələri məhv edir. İbrahimbəyov onun simasında əyalət təfəkkürlü idarəçiliyə (Bakıda tarixi, mədəni abidələrin təyinatı üzrə formatdan çıxarılaraq, iaşə obyekti kimi istifadəsi, şəhərin arxitekturasının təhrifi, sakinlərin hüquqlarının pozulması, nəticədə avtoritarizm meyllərinin meydana çıxması) eyham vurur.



İbrahimbəyov əyalət təfəkkürlü idarəçiliyini vurğulamaqda və tənqidində haqlıdırmı? Haqlıdır. Bəs problem nədədir? Birincisi, dediyim kimi- əyalət təfəkkürlü idarəçiliyi sistem problemi kimi yox, bölgə problemi kimi önə çəkməsindədir.

Əyalətə dözümsüzlük meylinin ilk rüşeymləri İbrahimbəyovun 1998-ci ildə Ramiz Həsənoğlu ilə birgə «Azərbaycanfilm» kinostudiyasında ekranlaşdırdığı "Ailə” (ssenarist İbrahimbəyovdur) filmində görünür. Hadisələr 1980-ci illərin sonu, Bakıda Meydan hərəkatının fonunda vaqe olur və şəhərin mərkəzində yaşayan böyük beynəlmiləl ailənin dağılmasından bəhs edir. Sovetlərin dağılmasıyla ailədə də dəyişikliklər labüdləşir. Bir epizodda Ermənistandan olan qaçqınlar ailənin erməni üzvü Qarikə hücum edərək onu daş-qalaq etmək istəyirlər. Müəlliflər snob ədasıyla bunu — sivillərə vandal hücumu kimi göstərirlər. Amma rus və azərbaycanlı ailə üzvləri Qariki xilas edirlər. Hərçənd, Qarikə hücum edən azərbaycanlılar İbrahimbəyovun traktovkasında "Qafqaz üçlüyü”ndə niyyətlərinə çatırlar: qoca gürcünü erməni bilərək ölümcül döyürlər. Üstəlik, hadisə Fərhadla qarşı tərəf razılaşma əldə edəndən sonra baş verir. Belə çıxır ki, xalq öz təşəbbüsü ilə cinayətə əl atır. Və bilərəkdənmi, ya təsadüfdənmi, "Qafqaz üçlüyü”nün aksiya epizodunda etiazçıların fakturası antipatik əyalət tipi kimi seçilib. Dediyim kimi, ola bilsin, İbrahimbəyovun əyalət komplekslərinin təzahürü, burada istəməyərək, şüuraltı olaraq meydana çıxıb… Bu azmış kimi Teymuru erməni soyadını götürmək istəyinə görə aqressiv formada qınayan qaynı da, əsas obrazlardan biri Fərhad da, Teymurun atalığı Kamil belə antipatik təsir bağışlayır. Müqayisədə Eduard, oğlu Teymur daha simpatik görünürlər.

…Məgər Ayaz Mütəllibovun rəhbərliyi dönəmində (o vaxt ki, rəhbərlikdə şəhər mədəniyyətinin daşıyıcıları, şəhər elitası yer alırdı) idarəçilik əyalətçilik təfəkkürünə əsaslanmırdı? 1990-cı illərin əvvəllərində AzTV-də müaxlifətin ünvanına təhqirlər yağdıran, prezident Ayaz Mütəllibovun himayəsində olan Vüsal Əfəndiyev və ya hakimiyyətin müxalifətə həqarət ehtiyacını ödəyən Hacı Əbdül kartının istifadəsi əyalətçilik təfəkkürünün təzahürü deyildi? Hazırda mövcud idarəçilik də sovetdənqalma idarəçiliyin başqa formada- daha sərt, dekadent davamıdır…

…İbrahimbəyovun ssenari müəllifi olduğu bu ekran işlərində Qarabağ müharibəsi, müharibədən əziyyət çəkən, haqları pozulmuş insanlar yalnız ötəri fon, keçici informasiyadır.

"Qafqaz üçlüyü”nün bir epizodunda qonşu uşaq guya təsadüfən, Teymurun qaynı ilə söhbətindən onun erməni olduğunu eşidir və sonra quyuya düşmüş ermənini daşlayır: "Uzun illər öncə ermənilər metronu partladıb, əmim orada ölüb”.

Müəlliflərin uşağı hasara dırmaşdıraraq, bu söhbəti dinlətdirdiyi kadrın əhvalatda nizamsız yerləşdirilməsi, situasiyanın kobud, süni yaradılması özünü dərhal büruzə verir. Uşağın erməniyə aqressiyasının metro partlayışı ilə əsaslandırılması – müxtəlif hadisələr zəncirində əhəmiyyətsiz fon, emosional təsiri olmayan informasiya kimi havadan sallanır.

Kinoda informasiya xatirinə informativlik təhlükəli priyomdur. İbrahimbəyovun səhvlərindən biri də budur. O, "Ailə”də qaçqınların erməniyə hücumunu, "Əlvida, cənub şəhəri”ndə əyalət idarəçiliyini, "Qafqaz üçlüyü”nün ayrı-ayrı epizodlarında qarşı tərəfə aqressiyanın səbəblərini, görünməyənləri, "niyə, nə üçün bunlar baş verir” suallarını gözardı edir, araşdırmır, sadəcə qəzəbin nəticəsini göstərir və olanlar haqda quru məlumatla kifayətlənir.

"Qafqaz üçlüyü”ndə azərbaycanlıları müsbət yöndən göstərən ayrı-ayrı epizodlar var. Teymuru öz övladı kimi böyüdən, ona soyadını verən, sonda onun atasını tapdığına sevinən Kamil, Eduardı xilas etmək naminə prinsiplərindən vaz keçən Fərhad…
Üstəlik, erməni obrazını mənfi çalarda göstərən məqamlar da az deyil: yaxşı oftalmoloq kimi təsvir edilən Eduardın sonrakı səhnələrdə mənfəətpərəstliyi üzündən oğlunu öz soyadına keçirmə çabası kimi.

Ümumiyyətlə isə, ciddi filmdən danışırıqsa, münaqişəli tərəflərin hekayəsi göstərilən filmlərdə ideoloji təbliğat, bir xalqın pis, digərinin yaxşı göstərilməsi, pafos, bayağı düşmən obrazının təsviri sənət meyarlarına ziddir. Sənətin predmeti münaqişədə əzab çəkən insandır, onun reaksiyası, addımları, ağrıları, sarsıntılarıdır, mövcud vəziyyətdə "iç dünyasının neorealizmidir”. Müasir kinematorafiyada, keçmiş Yuqoslaviyadakı müharibə, İsrail-ərəb konflikti haqda tərəf tutmayan onlarla əla film çəkilib… Elə milli kinomuzda da festivallarda mükafat almış "Sarı gəlin”, "Nabat” kimi yaxşı nümunələr var.

"Qafqaz üçlüyü” ümumilikdə bədii yox, publisistik işlənib. Müəlliflər situasiyalara, aktyorlar obrazlarına inandıra bilmirlər, onların davranışlarının psixoloji izahı, reaksiyaları mövcud deyil, təsvirdən çox sözlər danışır, başqa cür desək, filmi sözlər həll edir, müəlliflərin ağrısı, səmimiyyəti duyulmur. Kamera əhvalatın dərinliyinə enə bilmədiyindən həyatilik yoxdur.

Hələ bəzi anlaşılmaz nüanslar da var. Örnəyi, final epizodlarından birində, Kamil Eduarda oğlunun bundan sonra onunla tam güvəndə olacağını deyir. Məgər, bunadək o, Azərbaycanda təhlükədəydi? Anlayıram ki, müəlliflər sonda barışa, kompromisə gəlməyə çalışıblar. Amma bu yersiz sentimental, barış replikası yapmacıq səslənir.  Hadisə çoxluğunun yarımçıq işlənməsi nəticəsində kollajvarı əhvalat ortaya çıxıb.

İbrahimbəyovun sovet dönəmində Azərbaycandakı fəaliyyəti nə qədər keyfiyyətli idisə, sovetlərdən sonrakı ssenarist fəaliyyəti (Nikita Mixalkov və Rejis Varnye ilə işlədiyi filmləri nəzərdə turmuram) bir o qədər fiaskodur. "Qafqaz üçlüyü” də bunun təsdiqidir.

Yazı müəllifin bloqundan götürülüb.