Qalizianın qətli: Baş nazirin aparat rəhbəri istefa verib

Qalizianın qətli: Baş nazirin aparat rəhbəri istefa verib

27-11-2019 13:06 / Bu xəbər 1095 dəfə oxundu

Kembri münasibət bildirməyib, ancaq mətbuatda qeyd edilir ki, o, bu addımı polisə kömək etmək məqsədiylə atıb

Maltanın Baş naziri Cozef Muskat (Joseph Muscat) deyir ki, onun aparat rəhbəri Kiç Kembri (Keith Schembri) jurnalist Dafne Qalizianın (Daphne Caruana Galizia) öldürülməsi ilə əlaqədar polis istintaqı davam etdiyi üçün vəzifəsindən gedib.

Kembri münasibət bildirməyib, ancaq mətbuatda qeyd edilir ki, o, bu addımı polisə kömək etmək məqsədiylə atıb.

Dafnenin istintaqı keçən həftədən etibarən intensiv hal alıb. İnstintaqın tərkib hissəsi olaraq maltalı iş adamı Yorqen Fenek (Yorgen Fenech) həbs edilib.

Cinayətdə şübhəli bilinən vasitəçi isə prezident tərəfindən əfv olunub.

Muskat parlamentdə bildirib ki, şübhəli bilinən Melvin Toymaya (Theuma) qətl haqqında məlumat paylaşdığı üçün toxunulmazlıq hüquq verilib. Malta xəbərlərində qeyd edilir ki, onun əlində ölüm hadisəsiylə bağlı səs yazıları var.

Baş nazir çərşənbə axşamı sabiq aparat rəhbərinin istintaqa cəlb edilməsi və bu sorğunun nə ilə əlaqədar ola biləcəyi barədə spekulyasiya etməyəcəyini bildirib.

Təhqiqatçı jurnalist Dafne Qalizia 2017-ci ilin oktyabr ayında korrupsiya ilə bağlı araşdırmalarından sonra avtomobildə partladılaraq öldürülüb.

O, yazılarında Fenekə məxsus "17 Black” adlı şirkətin yüksək rütbəli siyasətçilərlə bağlı olduğunu bildirmişdi. Son bloqunda Dafne Kembri haqqında da yazmışdı.

Fenekin də məlumat qarşılığında əfv istədiyi bildirilir. Onun yaxtasında həbs edildikdən sonra xəstəxanada müalicəyə alındığı qeyd olunur.

Qətlin həyata keçirilməsində indiyədək üç nəfər ittiham olunub.

Keçən həftə Fenekin həbsindən sonra Vallettada parlament binası qarşısında toplaşan kütlə Muskatın istefasını tələb edib. Bazar ertəsi günü etirazlar davam edib və tələbələr çərşənbə axşamı yeni nümayişlərə çağırış ediblər.

Malta mətbuatının verdiyi məlumata görə, Baş nazir çərşənbə axşamı deyib ki, parlament qrupunun iclasında ona yekdilliklə dəstək ifadə edilib.

Kembrinin "Panama sənədləri” adlı araşdırmada adı keçir və Qalizia onun və nazir Konrad Mizzinin gizli şirkətlərdən faydalandığını iddia etmişdi.

Kembri və turizm naziri deyilənləri inkar edib. İstefa edib- etməyəcəyini soruşan jurnalistlərə Mizzi çərşənbə axşamı günü hökumət iclasından sonra açıqlama verəcəyini bildirib.

Malta iş cəmiyyəti deyib ki, davam edən istintaq ölkəyə vurulmuş zərərin həcmini ortaya qoya bilib.

Ticarət Palatası bəyanatında bildirib ki, istintaq nəticəsində cinayət fəaliyyətinin iqtidar dairələrinə nə dərəcədə daxil olduğu aydın olub.