"Qanun deyir ki, insanı polis şöbəsinə gətirən kimi..."

10-01-2017 23:27 / Bu xəbər 902 dəfə oxundu

Videobloger Mehman Hüseynovun ötən gün axşamdan yoxa çıxması,  dostları, yaxınları, ailəsi və vəkili  tərəfindən 102 xidmətinə müraciət olunmasına baxmayaraq onun harda olması barədə doğru məlumat verilməməsi, eyni zamanda Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidovun mətbuata verdiyi açıqlamada bloggerin axtarışının davam etdiyini bildirməsindən sonra Mehman Hüseynovun bu gün səhər 22-ci polis bölməsindən Nəsimi Rayon məhkəməsinə aparılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
 
Bəziləri bunu "adam oğurluğu” kimi qələmə verir,  bəziləri isə bu məsələdə şübhəli məqamların olduğunu bildirir. 

 
 

"Bir gün qanunları pozanların özləri də eyni münasibət ilə qarşılaşacaqlar"

Media eksperti, hüquqsünas Ələsgər Məmmədli Toplum Tv-yə  bloggerin başına gələn hadisəni şərh edərkən deyib ki,  Mehman Hüseynovun dünən axşam saat 19:30-dan etibarən itməsi və bu gün təxminən 12-yə qədər onun haqqında rəsmi məlumat verilməməsi cox ciddi bir problemdir. 

"Bu problem əslində idarəetmənin problemidir. Bu hüquq mühafizə orqanlarının qanunsuz olaraq insanları saxladığının, bu və ya digər formada təqib etdiyinin göstəricisidir. Çünki belə bir hərəkət baş veribsə, hüquq mühafizə orqanları dərhal onun haqqında yaxınlarına informasiya verməli idi. Bu səhər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin mediaya verdiyi açıqlamasından bəlli olur ki, onlar guya məlumatı mediadan eşidiblər və onunla bağlı axtarışlar davam edir. Daha sonra Daxili İşlər Nazirliyinin Nəsimi Polisinin 22-ci Polis Bölməsindən Mehmanın məhkəməyə aparıldığı bildirilir. Bu özu həmin nazirliyin öz idarələrindəki vəziyyəti bilmədiyinin göstəricisi kimi də qiymətləndirilə bilər. Ayrica bilirsiz ki, Azərbaycan BMT-nin üzvüdür. BMT-nin 2006-cı ildə qəbul etdiyi " Bütün şəxslərin məcburi yoxaçixmalarindan müdafiəsinə dair" konvensiya var ki, burada hər kəsin məcburi yoxolmalardan qorunma hüququ təsbit olunub. Məcburi yoxolmalar, oğurlanmalar ümumiyyətlə dövlət və rəsmi strukturlar tərəfindən insanların qanunsuz olaraq oğurlanması və bununla bağlı məlumat verilməməsi anlamına gəlir. Hazırda konvensiyanın bu müddəaları çox ciddi pozulub. Şəxs haqqında 16-17 saat ərzində onu axtaran yaxınlarına və rəsmi qurunlara müraciət edən vəkilinə doğru-dürüst məlumat verilməyib. Sadəcə o, məhkəməyə aparılıqdan sonra məlum olub ki, Mehman Hüseynov polis tərəfindən saxlanılıbmış.  Bu baxımdan mən düşünürəm ki, Azərbaycanda, xüsusilə də daxili işlər orqanları və hüquq mühafizə orqanları öz funksiyalarının qanunla müəyyən edilən sərhəddini bilməli, həmin çərçivədə hərəkət etməlidir. Əgər bir insanin saxlanılması zəruridirsə, əlbəttə ki, saxlanılacaq,  amma bu zaman onun yaxınlarına həmin şəxsin rəsmi orqan tərəfindən saxlanıldığı bildirilməlidir. Hazırda sosial şəbəkələrdə dolaşan məlumatlara görə onun axşam saxlanıldığı ərazidəki, mövcud olan xüsusi obyektlərin kamera qeydləri də silinib. Bu da çox ciddi bir ittihamdır. İttihamlar əgər realdırsa, bu onu göstərir ki, rəsmi qurumların nümayəndələri qanuna söykənərək vətəndaşların hüququnu qorumaq yerinə qanuna arxalanıb, onu pozmaqla məşğul olur. Əlbəttə bu proses Azərbaycan cəmiyyətinə yaxşı heç nə vəd etməz. Əgər hüququn aliliyi tapdanırsa, qanunların üstünlüyü yox olursa nəticə etibariylə bir gün o qanunları pozanların özləri də eyni münasibət ilə qarşılaşacaqlar".
 


"Bu sadəcə adam oğurluğudur.”  

Hüquqşünas Aslan İsmayılov isə bildirib ki, tək Mehmana qarşı deyil, son zamanlar digərlərinə qarşı da  bu kimi hərəkətlər adi hal alıb. 

"Qanuna görə insan həbs olunan kimi, onun yaxınlarına harada olduğu  barədə xəbər verilməlidir ki, vəkillə təmin edilsin. Bu sadəcə adam oğurluğudur.  Son zamanlar adam oğurluğu bizdə sanki heç nə olmamış kimi bir hala çevrilib. Polis bölməsinin Mehmanın yaxınlarına yalan məlumat verməsi isə vəzifə səlahiyyətlərini aşmaqdır. Hətta qatı cinayətkar belə  həbs olunanda onun yaxınlarına dərhal xəbər verilməlidir. Yəni heç kimdən xəbərsiz sutka ərzində bir şəxsin oğurlanıb saxlanılması doğru deyil. İndi bəlli deyil ki, hansı təzyiqlər göstərilib, hansı təhqirlər edilib. Bu özbaşınalıqdır. Bunun sonu çox acınacaqlı nəticələnəcək. Həm əhali, həm də hakimiyyət üçün".
"Azərbaycanda geniş yayılmış bir haldır”.
 
 
"Qanun deyir ki, insanı polis şöbəsinə gətirən kimi..."

Hüquq müdafiəçisi Əsabəli Mustafayev bunun Azərbaycanda geniş yayılmış təcrübə olduğunu bildirir. 

 "İnsanı tutub aparırlar heç kim də bilmir. Hətta Daxili İşlər Nazirlyinə sorğu da göndərəndə deyirlər ki, bizdə belə adam yoxdur. Sonra məlum olur ki, artıq aparıblar və qəti imkan tədbirləri seçiblər. Avropa Məhkəməsinin bununla bağlı onlarla qərarları var. Qanun deyir ki, insanı polis şöbəsinə gətirən kimi onun yaxınlarına zəngetmə hüququ var. İnzibati qaydada tutulma blankında da bənd var ki, tutulan şəxs kimlərə zəng edib. O blanklar bizdə həmişə boş olur. Əgər yaxınları da bilmirsə ki, bu adam tutulub onda vəkil də tuta bilmirlər. Vəkil tutsalar belə, tutulmanın mahiyyətini ona elan olunmuş ittihamın mahiyyətini bilmədən vəkil order götürə bilmir, həmin adamla görüşə bilmir. Bu prosseslər sistem halındadır. Təəssüf ki, Azərbaycanda geniş yayılmış bir haldır. Bu halda da güman edirəm ki Mehman Hüseynovun vəkili mütləq Apelyasiya şikayətində də bunu göstərəcək, Avropa Məhkəməsinə şikayət veriləcək".

Videobloger Mehman Hüseynov ötən gün axsam  saat 8 radələrində yoxa çıxmışdı. Bu gün 22-ci polis bölməsindən Nəsimi rayon məhkəməsinə aparılan blogger barədə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək  200 manat cərimə kəsib. Mehman Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.