"Qanun qəbul olunsa, bir çox siyasi məhbus şərtsiz azad olunacaq" - Hüquqşünas

25-07-2017 14:26 / Bu xəbər 2952 dəfə oxundu

"Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Cinayət Məcəlləsinə edilən dəyişiklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub".
 
Arqument.Az xəbər verir ki, vəkil Cavad Cavadov da feysbukda məsələyə münasibət bildirib. 

Vəkil qeyd edib ki, qanunvericilik layihəsi ilə tanış olduqdan sonra ilk fikrim gözləntilərlə bağlıdır: "Gözləntilər daha çox idi”. 

"Buna baxmayaraq bu qanunvericilik layihəsi hətta bu vəziyyətdə belə qəbul olunandan sonra dəqiqdir ki, xeyli sayda məhkum, o cümlədən siyasi motivli həbslərlə bağlı olan bəzi məhkumlar, azadlıqdan məhrum edilmə yerlərindən azad olunacağından, çox sayda insan cinayət məsuliyyətindən azad olunma imkanı əldə edəcəyindən görə istənilən halda bu layihə müsbət addam kimi qiymətləndirilməlidir. Çünki son zamanlar biz cinayət qanunvericiliyin yalnız sərtləşdirilməsini müşahidə edirdik və bu əks istiqamətdə ilk addımdır. Ümid edirik ki, sonuncu olmayacaq", - o deyib. 

C.Cavadovun sözlərinə görə, qanunvericilyə ediləcək yeniliklərdən biri -azadlığın məhdudlaşdırılması növündə yeni cəzanın daxil edilməsidir: "Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin ilkin redaksiyasında bu cəza növu nəzərdə tutulmuşdur, lakin həmin cəzanın çəkilməsi üçün xüsusi tipli cəza çəkmə müəssisələri nəzərdə tutulurdu. Hazırki cəza növunun məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur. Bu bir növ ev dustaqlığı qətimkan tədbirinə oxşardır, lakin ondan daha genişdir. Yeniliklərdən də biri cinayətin subyektlərinin dairəsinin genişləndirilməsidir. Buraya 14 yaşına çatmış və zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxslər əlavə edilib. BU yaxınlarda buna oxşar olayda 16 yaşına çatmayan şəxsin nəqliyyatla şəxsin ölümünə səbəb olan əməlin törətməsi və məsuliyyətdən kənarda qalması bu dəyişikliyi labüd edir".

Vəkil bildirib ki, yeniliklərdən bir qismi cinayət məsuliyyətindən və cəzadan azad olunmaya aiddir: "Misal üçün səmimi peşimançılığa görə cəzadan azad etməyə əvvəl böyük ictimai təhlükə törətməyən cinayətlərə aid edilirdisə, hal hazırda bu sıraya az ağır cinayətlərdə aid edilir.

Mülkiyyət əleyhinə, şəxsiyyət əleyhinə cinayətlər üzrə zərərin ödənilməsi, zərərçəkmişlə barışıq əldə olunması ilə şərti ilə bəzilərində şərtsiz azad etmələr var. 

Bəziləri üzrə: 178.2, 179.2, 178.3 və 179.3-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etməsi şərti ilə cinayət məsuliyyətindən azad edə bilər kimi əlavələr vardır (maddə 73.1-2).

Burada "azad edilə bilər” termini "azad edilməlidir” kimi qəti, imperativ olması daha düzgün olardı, mövcud durumda bu korrupsiyaya yol açan bir haldır. 

Eyni hal Cinayət Məcəlləsinin 73-2.2. maddəsində göstərilənlərə aiddir ( bu maddəyə əsasən: Bu Məcəllənin 192.2, 193.2, 195, 195-1, 196, 197, 198, 202-2, 203, 203-1.1, 205-2, 208, 210, 211, 212 və 213-2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etməsi şərti ilə cinayət məsuliyyətindən azad edilə bilər).

Hər iki halda maddələrin imperativ olmaması və cərimələrin (dövlətə ödənişlərin) vurulmuş zərər, yaxud gəlirin miqdarı ilə əlaqələndirilməsi reallığa uyğun deyil və bu hallar həmin maddələrin qeyri işlək maddələrə çevriləcəyini qabaqcadan təmin edir".

"Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsində ağır cinayətlər üçün çəkilmiş cəzanın müddəti dörddə üçdən üçdə ikiyə azaldılıb. Cinayət Məcəlləsi ilkin olaraq qəbul edilərkən bu hal var idi, lakin sonradan sərtləşdirilib. 

Cinayət Məcəlləsinin77-ci maddəsində də həmçinin məhkumların azad edilməsi üçün müsbət dəyişikliklər vardır. Bura bütün cinayətlərin kateqoriyaları daxil edilib və əvvəl yalnız başqa cəza növu ilə azad edilməsi nəzərdə tutulmuşdursa, hazırda azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi də nəzərdə tutulub.

Cinayət Məcəlləsinin xüsusi hissəsinin bir çox maddələrinə azadlığın məhdudlşdırılması cəzaları əlavə edilib, bəzi cinayətlər az ağır kateqoriyasına keçirilib. 177.1, 178.1, 179.1 maddələrinin tərkibi yüz manatdan beş yüz manata artırılıb, xeyli miqdar beş min manatdan yuxarı, lakin əll min manatdan artıq olmayan məbləğə, külli maiqdar əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, həmçinin beş yüz min manatdan yuxarı olan xüsusilə külli miqdar anlayışı daxil edilib.

Nəzərə çarpan dəyişikliklərdən biri həmçinin 221 xuliqanlıq maddəsi ilə bağlıdır. Maddənin 2-ci hissəsinn sanksiyası azaldılıb və tövsif edici əlamətlər fərqləndirilib Əvəllər silah qismində istifadə edilən istənilən alət 221.3 maddəsinin tərkibini yaradırdısa, hazırda bura yalnız odlu və ya soyuq silah qismində istifadə edilənlər aiddir. Digər hallarda 221.2 madədsinin tərkibini yaradacaqdır.

Bu qanun layihəsi qəbul olunandan sonra bir çox tanınmış siyasi məhbuslar şərtsiz azad olunacaq (misal üçün Seymur Həzi, Məmməd İbrahim), digərlərinin (misal üçün İlqar Məmmədov) şərti olaraq vaxtından əvvəl, yaxud cəzasının yüngülləşdirilməsi qaydasında azad olunması siyasi hakimiyyətin iradəsindən asılı olan məsələdir və bunu zaman göstərəcək", - vəkil vurğulayıb. 

Arqument.Az