Qanunsuz dərman əməliyyatı: generalların biri danışmaqdan imtina edir, o biri isə kənarda saxlanılıb

Qanunsuz dərman əməliyyatı: generalların biri danışmaqdan imtina edir, o biri isə kənarda saxlanılıb

15-03-2019 00:31 / Bu xəbər 1646 dəfə oxundu

"Məhkəmədə sübut olundu ki, bütün bu işlər general Abdiyevin göstərişilə həyata keçirilib, amma o, heç olmasa, şahid kimi də dindirilməyib...”

Ölkəyə gömrükdənkənar 6.5 milyon manatlıq dərmanların "pampers” adıyla gətirilməsi, onların qeydiyyatdan keçirilmədən satışına görə məsuliyyətinə cəlb olunmuş 8 nəfərin - Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi, general Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli (onlar həm də Gömrük Hospitalına rəhbərlik ediblər), hospitalın işçiləri - proqramçısı, Türkiyə vətəndaşı Ateş Atanur, Cəmil Mehtiyev, hava limanında işləyən gömrük əməkdaşları Əlamət Quliyev və Elnur Məmmədov, "Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov və Vasif Xıdırovun işi üzrə məhkəmə istintaqı başa çatıb.
 
Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırmaları yetərli sayıb və belə qərar çıxarıb.

Bu qərardan əvvəl isə məhkəmədə ötən ilin aprelində bu işlərin üstü açılandan sonra vəzifəsindən çıxarılan digər general - Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyevin bacısı oğlu Sultan Süleymanov şahid qismində ifadə verib. O bildirib ki, inspektor işləyirdi, bu hadisələrdən sonra işdən çıxarılıb.

S.Süleymanovun sözlərinə görə, işi anbarda qaimə ilə çıxarılan malların sayına nəzarət etmək olub. Hadisələrdən təxminən bir ay əvvəl postu dəyişilib və həmin işi icra etməyə başlayıb. Bildirib ki, idarənin rəisi Sadiq Abdiyevin – dayısının göstərişi ilə iş yeri dəyişdirilib.

Təqsirləndirilən F.Məmmədlinin vəkili Rəşad Mirmehdizadə ondan soruşub ki, kapitan rütbəsi olduğu halda, niyə həmin işi görürdü?

"İdarə rəisi belə məsləhət görmüşdü”, - deyə S.Süleymanov cavab verib.

Vəkil R.Mirmehdizadə təqsirləndirilən general Fikrət Qədiməliyevə də xeyli suallar ünvanlayıb. General sualları cavablandırmaqdan imtina edib. Amma vəkil onları səsləndirib:

Generaldan cavab istənilən suallar:

- Mərkəzi Gömrük Hospitalındakı qara mühasibatlıqdan xəbəriniz var idimi? Onu kim, nə məqsədlə yaratmışdı?

- Sizin aylıq maaşınız nə qədər idi? Sizə verilən 29 min manat hardan ayrılırdı?

- Gömrük Hospitalında aparılan baxış zamanı müəyyən edilən sənədlərdə xəstələrin siyahısının qarşısına "-" və "+” işarələri qoyulduğu müəyyən edilib. Həmin siyahılar ayrı-ayrı otaqlarda idi, bunu necə izah edə bilərsiniz?

- Hospitalda həkim olmayan işçilər paket maaş alırmış. Həmin pullar hansı vəsaitdən verilirdi?

- Rəsmi maaş və paketlərin verilməsi üçün bağlanan müqavilələrdə sizin imzalarınız var. Necə izah edə bilərsiniz? Bəzi həkimlərlə ayrı-ayrı 3 müqavilə belə bağlanıb.

- Hospital üçün tibbi avadanlıqlar alınmasında sizin imzanız var. Nə deyə bilərsiniz?

- Hopitalın bəzi avadanlıqları qohumlarınıza verilib. Bunun səbəbi nədir?

- Telefon danışığı var ki, siz digər təqsirləndirilən Cəmil Mehdiyevlə danışandan sonra hospitala gələn mallar gömrükdən buraxılıb. Bunu necə izah edə bilərsiniz?

- Məhkəmədə ifadə verən işçiləriniz hospitalda bütün proseslərin sizin nəzarətinizdə olduğunu deyirdi. Bu barədə nə deyə bilərsiniz?

- Həkimlərə verilən faizlər, onlara edilən ödənişlər hardan alınırdı?

- İfadənizdə Tükiyədən gələn həkimlərə 15 min avro maaş verdiyinizi demisiniz. Hardan əldə edilib bu vəsait?

- Hospitalın 5-ci mərtəbəsində olan piano hansı vəsaitlə alınıb?

- Hospitala bağlı olan Qadın Sağlamlıq Mərkəzinə 600 min manat pul xərclədiyinizi demisiniz. Hardan alınıb bu pul?

- Hospitalda xəstə qəbulu təşkilatı olub. Həmin təşkilatın biri sizin adınıza olub. Sizin qohumlar pulsuz müalicə olunub. Necə izah edə bilərsiniz?

- Hospitala gətirilən dərmanların üzərinə "pampers” yığılıb, adları dəyişdirilib. Bundan xəbəriniz olubmu?

- Hospitalda niyə Sadiq Abdiyevin qohumlarına pulsuz tibbi xidmət göstərilib?

- Fərman Məmmədli sizin göstərişlərinizi yerinə yetirdiyini, toplanan pulları sizə verdiyini deyir. Bütün sənədləşmə işlərinə sizin nəzarət etdiyinizi digər işçiləriniz də deyir. Siz nə deyə bilərsiniz?

F.Qədiməliyev məhkəmədə ifadə verməkdən də imtina edib.

Daha sonra vəkillər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Sadiq Abdiyevin, digər general Fikrət Qədiməliyevin bacanağı və katibəsinin, Gömrük Hospitalında işləyən həkimlərin, Maliyyə Nazirliyinin Gömrük Hospitalındakı yoxlamalarla bağlı akt tərtib etmiş əməkdaşlarının məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyiblər.

Daha bir vəsatətləri cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi barədə olub. Həmin görüntülərdə hava limanında mallar gətirilən malların gömrükdən kənar (monitorda baxılmadan) keçirilməsi əks olunub.

"Məhkəmədə sübut olundu ki, bütün bu işlət idarə rəisi Sadiq Abdiyevin göstərişilə həyata keçirilib. Onun haqqında cinayət işi ayrılıb. Nəticəsi də necə olacaq, bilinmir. Halbuki, onun da işinə bu işlə birlikdə baxılmalıydı. Heç olmasa, özü şahid qismində dindirilməliydi. Ona görə də xahiş edirik, siz çağırıb dindirin”, - deyə vəkil Gülşən Salmanova bildirib.

Vəkillər həmçinin Mərdəkanda bağ evinin üzərindəki həbsin götürülməsini istəyiblər. Deyiblər ki, o ev əslində, Fərman Məmmədovun Ukraynada işləyən qardaşına məxsusdur.

Müdafiəçilər bu işin istintaqını aparmış Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqi Sənan Veyisovun da məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar.

General F.Qədiməliyevin vəkilinin vəsatəti isə onun ailə üzvlərinə məxsus əmlakların üzərindən həbsin götürülməsi haqda olub.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Məhkəmə prosesi martın 18-də davam edəcək. Həmin məhkəmə iclasında prokuror çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi 2018-ci il aprelin 30-da birgə əməliyyat keçirib. Əməliyyatdan sonra adları çəkilən şəxslərlə yanaşı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyev də vəzifəsindən çıxarılıb. Onun haqqında da cinayət işi başlanıb, lakin həbs olunmayıb. Onun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb və istintaqın davam etdirildiyi bildirilir.

Bu işdəki təqsirləndirilən 8 nəfərdən ikisi – Fikrət Qədiməliyev və Elnur Məmmədovun da barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmədə Fərman Məmmədli və onun vəkilləri xüsusən F.Qədiməliyevin azadlıqda saxlanmasına etirazlarını bildiriblər.

Meydan.tv