"Qanunsuzdur, şəxsi həyata müdaxilədir" - Əfqan Muxtarlı işi

05-08-2017 13:58 / Bu xəbər 190 dəfə oxundu

Avqustun 2-də Bakı İstintaq Təcridxanasında Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkəti həyata keçirilib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, jurnalistin üzərindən götürülmüş telefonun ekspertizasının nəticəsi barədə rəylə tanış olublar. Eyni zamanda deyiblər ki, "Meydan TV" ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən götürülmüş kompüterlər ekspertizaya göndəriləcək.

Ələsgər Məmmədli: "Şəxsi əşyaların yoxlanılması bilavasitə qanun pozuntusudur”

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli ToplumTv yə bildirib ki, istintaq tərəfindən Əfqan Muxtarlının şəxsi əşyalarına baxış keçirilməsi və ya keçiriləcəyinin müəyyən edilməsi şəxsi həyata müdaxilədir. 

Onun sözlərinə görə, Konstitusiyanın 32-ci maddəsi "şəxsi həyatın toxunulmazlığı hüququ"nun dövlət tərəfindən qorunmasını təmin edir: "Cinayət Məcəlləsinin 156-cı, o cümlədən 155-ci maddəsi telefon və yazışma sirrinin qorunması ilə bağlı məsələləri əhatə edir. Bu baxımdan da məhkəmə qərarı olmadan şəxsi əşyaların yoxlanılması bilavasitə qanun pozuntusudur”. 

Ələsgər Məmmədlinin sözlərinə görə, ikinci bir məqam odur ki, Əfqan Muxtarlını sərhəd pozma ilə həbs ediblər, amma indi MeydanTv ilə əməkdaşlığı araşdırılır: "Bu, özü istintaqın ciddi şəkildə cəmiyyəti aldatdığını və Əfqan Muxtarlının  sərhədpozma məsələsinin qondarma olduğunu göstərir. Əgər söhbət MeydanTv ilə əməkdaşlıqdan gedirsə, burada da cinayət elementi yoxdur. Çünki istənilən şəxs, istənilən qurumla əməkdaşlıq edə bilər. Bununla bağlı Konstitusiyamızın 71-ci maddəsində göstərilir ki, qanunla qadağan olunmayan hər şey sərbəstdir və MeydanTv ilə əməkdaşlıq da qanunla qadağan olunmayıb. Ona görə belə bir məsələnin araşdırılmasının özü də istintaqın yanlış aparıldığını və uydurma arqumentlər üstündə şəxsi təcrid etdiyini göstərir”.

Anar Məmmədli: "Təəssüf ki, Azərbaycanda bu praktika var”

Hüquq müdafiəçisi Anar Məmmədli isə bildirib ki, məhkəmə qərarı olmadan şəxsi əşyalara, onun mülkiyyətində olan texniki avadanlıqlara baxış keçirilməsi yolverilməzdir: "Ancaq təəssüf ki, Azərbaycanda bu praktika var. Dəfələrlə olub ki, siyasi motivlərlə həbs olunmuş şəxslərin texniki avàdanlıqlarına məhkəmə qərarı olmadan baxış keçirilib. Qanun pozuntusudur və Avropa İnsan Haqları Konvensiyasının prinsiplərinə ziddir. Mənə elə gəlir ki, Əfqan Muxtarlının vəkilləri bu halı nəzərə alacaqlar və onun bundan sonrakı dönəmdə hüquqlarının qorunmasını mübahisələndirəcəklər. Bu iş siyasi olduğu üçün Azərbaycanda perspektivi yoxdur və Avropa İnsan Haqları Məhkəməsinə çıxma perspektivi var”.

Arif Hacılı: "Ciddi hüquq pozuntusudur"

Müsavat başqanı Arif Hacılı Azərbaycanın hüquqi dövlət olmamasına təəssüflənir: "Bu baxımdan Azərbaycanda belə hadisələrin baş verməsi adamı hətta təəccübləndirmir. Çox ciddi bir hüquq pozuntusudur və Azərbaycanın Konstitutsiyasına zidd olan bir addımdır”.

Əfqan Muxtarlının mayın 29-da Tbilisidən müəmmalı şəkildə Bakıya gətirildiyi bildirilir. O, 31 may 2017-ci ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.