"Qanunsuzluqlardan danışdım, işsiz qaldım, məhkəməyə verildim" - Nəzarətçi-mühəndis

09-09-2019 10:15 / Bu xəbər 703 dəfə oxundu

Cəlilabad rayon Elektrik Şəbəkəsinin keçmiş işçisi xidməti ərazisindəki qanunsuzluqlara etiraz edib, başı qalmaqaldadır

"Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim. Bu qanunsuzluqların başında idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovun dayandığını bilirdim. Bu barədə rayonun işıq idarəsinin rəisinə də bildirirdim. O isə tədbir görəcəyinə söz verirdi. Mən bu qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə yazırdım. Nəticədə idarə rəhbərliyi qərara gəldi ki, bu qanunsuzluqlara son qoymaqdansa, məni işdən kənarlaşdırmaqla məsələni ört-basdır etsinlər”.

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Kamran Ağayev 3 il həmin rayonun işıq idarəsində mühəndis-nəzarətçi işləyib. Onun deməsinə görə, işlədiyi müddətdə gördüyü qanunsuzluqlara göz yuma bilməyib, gördüklərini sosial şəbəkələrdə paylaşıb. Nəticədə özü işsiz qalıb. Bu azmış kimi, idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədov onu məhkəməyə verib, həbs olunmasını tələb edir.

"Fermalara enerji verilişində qanunsuzluqlar vardı, gəlib rəisə məruzə etdim”

Karman Ağayev Dövlət Neft Akademiyasını bitirib. 2016-cı ilin fevral ayında idarəyə işə qəbul olunub. Xidməti ərazisi olan fermalarda və başqa obyektlərdə olarkən qanunsuzluqlar aşkar edib. Bununla bağlı Cəlilabad rayon Elektrik Şəbəkəsinin rəhbərliyinə məlumat verib: "Həmin vaxt rəisimiz Aydın Məmmədov idi. Mən ona qanunsuzluq barədə xidməti məruzə etdim. Həbib Məmmədov məni dəfələrlə kənara çəkib xəbərdarlıq etdi ki, "nə gördün, yum gözünü, keç, sənlik deyil”. Mənsə bildirdim ki, xidməti ərazimdə kimsə dövlətin əmlakıyla şəxsi əmlakı kimi davrana, qanunu poza bilməz. Ondan sonra Həbib Məmmədov mənimlə qərəzçilik aparmağa başladı”.

"Bülletendə olduğum vaxt əmrim verilib”

Kamran Ağayev deyir, qərəzçilik bu ilin iyulunda onun işsiz qalmasına səbəb olub: "İyun ayının 29-dan bülletendə olmuşam, həmin vaxt əlinə girəvə düşən idarə rəhbərliyi mənim barəmdə təqdimat yazaraq işdən çıxarılma əmrimi imzalayıb. Çünki rəis özü sonralar mənə etiraf etdi ki, Kamran, səninlə bağlı təqdimatı mənə Həbib yazdırdı, yoxsa yazmazdım. Rəhbərliyin bu hərəkəti növbəti qanunsuzluq idi, çünki mən bülletendə ola-ola işdən azad etmişdi. Cəlilabad rayon Elektrik Şəbəkəsində baş verən qanunsuzluqla bağlı prezidentə, prokurora, "Azərişıq” ASC-yə, Energetika Nazirliyinə və başqa qurumlara yazdım. Yazdıqlarıma yalnız Energetika Nazirliyindən reaksiya oldu. Yoxlama keçirildi və sadaladığım qanunsuzluq faktları təsdiqləndi”.

Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının rəisi Elçin Qocayev sentyabrın əvvəli Kamran Ağayevə göndərdiyi məktubda qeyd edib ki, onun prezidentə və digər qurumlara ünvanladığı müraciətlər bu filiala yönəldilib. Müraciətdə qaldırılan məsələlər araşdırılıb. Qeyd olunan qanun pozuntuları təsdiqlənib, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Maarif Novruzov və balans uçotu şöbəsinin rəisi Həbib Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Məktubun sonunda bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşlarının fəaliyyətinin araşdırılması, onların barəsində hər hansı intizam tənbehi tədbirlərinin görülməsi Energetika Nazirliyinin səlahiyyətlərinə aid deyil. Kamran Ağayevə tövsiyə edilib ki, bunun üçün o, aidiyyəti qurumlara müraciət edə bilər.

Həbib Məmmədov
Mənbə: Meydan Tv

"Nazir dedi, qanunsuzluqları aktlaşdırmışıq, gerisi bizlik deyil”

Kamran Ağayev energetika nazirinin qəbulunda olduğunu da deyir: "Pərviz Şahbazov dedi ki, biz qanunsuzluqları aşkar edib aktlaşdırmışıq, bundan o tərəfə addım atmaq bizim səlahiyyəmizə aid deyil. İşdən çıxarılmağına gəlincə, get, məhkəməyə ver. Bugünədək Pərviz Şahbazovdan başqa heç bir qurum, nazir müraciətlərimlə maraqlanmayıb. Bu cəzasızlığın nəticəsidir ki, mənimlə qərəzçiliyi hələ də davam etdirən Həbib Məmmədov guya ona böhtan atmağıma görə məni xüsusi ittiham qaydasında şikayət ərizəsiylə məhkəməyə verib, 3 illik həbs olunmağımı tələb edir. Halbuki, dediyim kimi, idarənin qanunsuzluqlarını Energetika Nazirliyi də təsdiqləyib”.

Həbib Məmmədovun şikayət ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsində iki dəfə məhkəməyə hazırlıq iclası təyin olunub. İlk iclas avqustun 29-na təyin olunsa da, Kamran Ağayevin yaşadığı ünvana bildiriş avqustun 31-də gəlib. Bu səbəbdən də hazırlıq iclası baş tutmayıb. Hazırlıq iclası növbəti dəfə sentyabrın 5-nə təyin olunub, ancaq bu dəfə Həbib Məmmədov hazırlıq iclası başlamamışdan məhkəmə binasını tərk edib və qayıtmayıb. Hakim iclası növbəti dəfə sentyabrın 17-dək təxirə salıb.

İki ay əvvəl Kamran Ağayev də işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. Ancaq deməsinə görə, işi icraatına götürən hakim iki aydır ki, məhkəməni keçirmir.

"Kamranı elə apardılar ki, sanki qatı cinayətkardır”

Kamran Ağayevin ailə üzvləri deyir, Cəlilabad Elektrik Şəbəkənin rəisi yaşadıqları ünvana gələrək onlardan tələb edib ki, Kamrana təzyiq göstərsinlər, şikayətlərini dayandırsın. Bundan başqa, Həbib Məmmədovun tapşırığıyla polislər ünvana gələrək Kamran Ağayevi polis şöbəsinə aparıblar. 

Anası danışır: "Həbib Məmmədov rayonda at oynadır, ailəmizə zülm eləyir. Həyətimizə o qədər polis tökmüşdü ki... Kamranı elə apardılar ki, sanki qatı cinayətkar, qatil tutublar. Evdə ruhi xəstə var, baş verənlərdən vəziyyəti ağırlaşmışdı, mən həmin vaxt qorxmuşdum, əsəb, sarsıntı keçirmişdim, indiyə kimi də yüksək təzyiqdən, şəkərdən əziyyət çəkirəm. Bu uşağın günahı nədir ki?.. Düzgünlük... Gördüyü əyriliyə, saxtakarlığa göz yummamaq...”

Kamran Ağayevin atası da vaxtilə yerli işıq idarəsində elektrik kimi çalışıb. Qanunsuzluqlara görə ərizə yazaraq könüllü işdən çıxıb.

Cəlilabad Elektrik Şəbəkəsindən bildirilib ki, Kamran Ağayevin əmək əmək müqaviləsinin müddəti bitib, "Azərişıq” ASC rəhbərliyi onunla yeni müqavilə imzalamayıb. Balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovsa bildirib ki, Kamran Ağayevin iddia etdiyi bütün məsələlərə Cəlilabad Rayon Məhkəməsi hüquqi qiymət verəcək. Bu səbəbdən də o, iddialara münasibət bildirməyib.

Əmr
Mənbə: Meydan Tv

Sənədlər
Mənbə: Meydan Tv