“Qarabağ icması haqda ayrıca qanun olmalıdır” - Erkin Qədirli

“Qarabağ icması haqda ayrıca qanun olmalıdır” - Erkin Qədirli

25-12-2018 02:01 / Bu xəbər 1588 dəfə oxundu

Dekabrın 20-si Bakıda Dağlıq Qarabağ azərbaycanlılarının II qurultayı keçirlib. Qurultayda 38 yaşlı Tural Gəncəliyev "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri seçilib. Tural Gəncəliyev hüquqşünasdır, hazırda Xarici İşlər Nazirliyində çalışır, nazirliyin Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibidir.

"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin əvvəlki sədri Bayram Səfərov olub. Bayram Səfərov 2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinin başçısıdır. O, həmin il iyunun 5-dən "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinə sədrlik edib.

II qurultayda Asif Cahangirov və siyasi elmlər doktoru, Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov icmanın sədr müavinləri seçiliblər.

Sədr və müavinlərin hamısı şuşalıdır.

Erkin Qədirli sosial şəbəkədə yazdığı açıqlamasında bildirib ki, təxminən 10 il qabaq Dağlıq Qarabağın azərbaycanlı icmasının qeyri-hökumət təşkilatı kimi formalaşdırılması, qurumun bir QHT kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi yanlış addım olub.

İcmanın qanunla təsis edilməsinə tərəfdar olduğunu və bununla bağlı düşüncələrini hələ sözügedən təsisatın yaradılması ideyası müzakirə ediləndə diqqətə çatdırdığını söyləyən Erkin Qədirlinin fikrincə, Dağlıq Qarabağın azərbaycanlı icmasının legitimliyi qanundan doğmalıdır: "Bu icma, təbii ki, yalnız qarabağlılardan ibarət olmalıdır. Onu QHT şəklində təşkil etmək yolverilməzdir, çünki QHT-yə üzvlük bölgə kimliyinə görə ola bilməz. QHT üzvlüyünün bölgə kimliyi əsasında müəyyənləşdirilməsi vətəndaşların bərabərliyi və QHT-lərdə üzvlüyün könüllülüyü prinsiplərinə uyğun gəlmir. Qarabağdakı icmamızın QHT şəklində təşkili ölkəmizin istənilən bölgəsindən olan vətəndaşların həmin icmaya üzv olmaq haqqını doğurur. Hərçənd orada yalnız qarabağlıların olması gərəkdir”.

Dağlıq Qarabağ azərbaycanlılarının II qurultayında icmaya yeni rəhbərliyin seçilməsini təqdir edən Erkin Qədirli icmanın statusu məsələsinin də gündəmə gətirilməsinə tərəfdardır: "Qarabağ icmamız, eləcə də işğal olunmuş torpaqlarımız haqqında ayrıca qanun olmalıdır. QHT statusu icmamızın legitimliyini qüsurlu edir, danışıqlarda təmsilçiliyin siyasi çəkisini azaldır”.

1988-ci ildə Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı "müstəqil dövlət” elan edib. Bunun ardınca Azərbaycan parlamentinin qərarı ilə muxtar vilayət ləğv edilib, Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni Xocavənd adlandırılıb, Əsgəran və Hadrut rayonları ləğv olunub, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib.

1994-cü ilə qədər çəkən işğalçı müharibədə ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçiriblər.

Novator.az