Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasındakı dava - Rəsmi açıqlama

Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasındakı dava - Rəsmi açıqlama

30-09-2019 14:45 / Bu xəbər 898 dəfə oxundu

Dünən Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları və polis arasında kütləvi davanın baş verdiyi bildirilir.

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. 

Videoda tərəflər bir-birlərinə zərbələr endirir və təhqiramiz ifadələr işlədirlər. 

Video da SOCAR-ın işçiləri ilə yanaşı, polis əməkdaşlarının da hadisə yerində olduğu görünür. Məlumatda polis və SOCAR əməkdaşlarının Qarabağ qazilərini döydüyü iddia olunur. 

Hadisəyə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev münasibət bildirib. 

O deyib ki, sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir”.

Polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən "102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib: "Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb”.

Xətbuat Xidmətinin rəhbəri hadisənin baş vermə səbəbləri barədə də məlumat verib: "Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar. Hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırma başlayıb".

Hadisə ilə bağlı SOCAR da açıqlama yayıb.

Açıqlamada deyilir ki, sentyabrın 27-də saat 12:00 radələrində SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.

Şirkətdən "Report”a verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb: "Bildirilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq, ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər".

"Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış video çəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”,- açıqlamada qeyd edilib.

Bildirilib ki, aparılan ilkin araşdırmalardan məlum olub ki, tikinti yerinə çağırılan və iğtişaşlara təhrik edilən əlillərin həmin tikintiyə heç bir aidiyyəti yoxdur: "Hüseynov Şərif Novruz oğlunun ətrafında olan bir qrup bütün vasitələrlə öz qanunsuz maddi maraqlarına nail olmağa çalışır. Bunun üçün hər cür əməllərə əl atır, o cümlədən əlilərin nüfuzundan, cəmiyyətdəki statuslarından və qüvvələrindən sui-istifadə etməkdən, onları təxribata çəkməkdən belə çəkinmirlər. Hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın təhlükəsizlik xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olublar”.

"Hazırda baş vermis insidentlə bağlı hüquq mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır", - açıqlamada deyilir

Sosial şəbəkələrdə yayılan videonu təqdim edirik. Diqqətə çatdıraq ki, videoda nalayiq ifadələr var. Buna görə də oxuculardan üzr istəyirik: