Qarabağ qazisi: “Rektora cinayət işi açılımalıdır”

Qarabağ qazisi: “Rektora cinayət işi açılımalıdır”

31-10-2019 12:41 / Bu xəbər 611 dəfə oxundu

Qarabağ ermənisi, Rusiyanın sabiq xarici işlər naziri, azərbaycanlıların yaddaşında daha çox Qarabağ faciəsi və qanlı 20 Yanvar təcavüzü ilə qalan Yevgeni Primakovun 90 illiyi ilə bağlı Bakıda bir neçə tədbir keçirilib.

O, 1990-cı ilin yanvarında Sovet Ordusunun Bakıda çoxsaylı insanı qətlə yetirdiyi zaman Kremlin Azərbaycanda nümayəndəsi olub.

Sosial şəbəkələrdə daha çox Bakı Slavyan Universitetində (BSU) baş tutan sərgi qınaq obyektinə çevrilib. 

Ali təhsil ocağında Primakovla bağlı keçirilən esse müsabiqəsi ilə bağlı təntənəli mərasim düzənlənib. Mərasimlə bağlı BSU-nun rəsmi saytında yazılır:

"Bu günlərdə Bakı Slavyan Universitetinin (BSU) kollektivi xoş bir xəbər alıb. Belə ki, BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.

Bu münasibətlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.
Qeyd edək ki, Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.

Səmimi və mehriban şəraitdə keçən görüşdə səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib, onlara həyatda, təhsildə və sosial fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb”.

Bu xəbərdən sonra sosial şəbəkələrdə BSU-nun rektoru Nurlana Əliyeva haqqında kəskin fikirlər yazılmağa başlayıb. Məsələn, Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu rektor haqqında cinayət işinin açılmasını tələb edib: "BSU-nun rektoru Nurlana Əliyeva vəzifəsindən dərhal azad edilməlidir və haqqında cinayət işi açlmalıdır”.

Məlumat üçün bildirək ki, esse müsabiqəsindən əlavə, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Primakovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılıb və bu da geniş müzakirələrə səbəb olub. Bir sıra ictimai siyasi xadim, politoloq, vətəndaş cəmiyyətinin nümayəndəsi sərginin Bakıda açılmasını kəskin tənqid edib.

Azərbaycan Xalq Hərəkatının liderlərindən Etibar Məmmədov "Amerikanın Səsi"nə şərhində Bakıda Yevgeni Primakovun xatirəsinə həsr olunmuş sərginin açılmasını "çox pis" qarşıladığını bildirib:

"Primakovun xatirəsinə sərgi keçirmək Milli Azadlıq Hərəkatında olan şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün millətin xatirəsinə təhqir deməkdir. Bunu kim keçirirsə, bunlar anti-Azərbaycan qüvvələridir. Buna yol vermək olmaz. Mənim buna fikrim qəti olaraq mənfidir. Məqsəd vaxtilə Azərbaycanın düşmənləri olan Kirovu (Sergey Mironoviç Kirov - 1921-1926-cı illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olub-red), Mikayanı (Anastas İvanoviç Mikoyan - anti-Azərbaycan mövqeyi ilə tanınan keçmiş SSRİ-nin siyasətçisi, Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinin katibi olub -red), Şaumyanı (Stepan Georgiyeviç Şaumyan - 1918-1920-ci illərdə Bakı Kommunasının rəhbəri olub-red) Azərbaycanın dostu kimi qələmə vermək istəyənlərlə eynidir. Azərbaycanın düşmənlərini Azərbaycanın dostu kimi, xətri keçən bir insan kimi təqdim eləməkdir. Çünki 20 yanvar hadisəsinin 30 illiyi olacaq. Bu, olanların millətin yadından çıxartmaq cəhdidir”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Xalq Hərəkatının liderlərindən İsa Qəmbər deyib ki, Primakov Azərbaycana qarşı "20 Yanvar" cinayətinin təşkilatçılarından biridir.

O hesab edir ki, Bakıda onun yubileyinin təşkili yolverilməzdir və Azərbaycan xalqına təhqirdir.

Turan İnformasiya agentliyinin redaktoru Şahin Hacıyev bildirib ki, Primakov adına Bakıda sərgi keçirilməsi sual doğurur:

"Primakovun adı bağlıdır ilk növbədə 20 Yanvar hadisələri ilə. O, Moskva tərəfindən rəsmi olaraq göndərilmişdi Bakıya. Hadisələr zamanı belə bir məşhur ifadə işlətmişdi: "Biz bura ona görə gəlmişik ki, kommunist rejimin yıxılmasının qarşısını alaq. O, xalq hərəkatı liderləri ilə, hökumətlə, dini xadimlərlə danışıqlar aparırdı və bununla qarşısında qoyulan məsələnin həlli yolunu axtarırdı. Görəndə ki, Vəzirov rejimi (Əbdürrəhman Vəzirov-Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi-red ) çökür, onun belə bir təşşəbüsü olmuşdu, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təklif eləmişdi ki, hökumətə sən rəhbərlik elə. Bütün bu addımlar, bu siyasət Azərbaycanda xalq hərəkatının qarşısını almaq məqsədi güdürdü. Belə adamı çətin ki, Azərbaycanın dostu adlandırmaq olar. Ona görə də Bakıda onunla bağlı hər hansı tədbirin keçirilməsi ən azından böyük sual doğurur”.