Qarabağa Azadlıq Hərəkatı xalqa müraciət edib

Qarabağa Azadlıq Hərəkatı xalqa müraciət edib

03-11-2018 15:35 / Bu xəbər 1458 dəfə oxundu

Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının Təşkilat Komitəsi Azərbaycan xalqına müraciət ünvanlayıb.

Müraciətə deyilir: 

"Əziz və dəyərli xalqımız! 
Azərbaycansevərlər! 
İrəvandan və Qarabağdan qovulmuş, erməni təcavüzü ilə üzləşərək dünyaya səpələnmiş soydaşlarımız! 
Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz! 

Artıq 27 ildir Qarabağ və onun ətraf rayonları Ermənistan tərəfindən işğal olunaraq, təcavüzə məruz qalıb. Mal-mülkümüz talan edilib. Bir milyona qədər qaçqın və köçkünlərimiz yurd-yuvalarından didərgin düşüb. Yüzlərlə ana-bacılarımız, ata və oğullarımız əsir götürülüb. 

XX əsrin sonunda, bəşəriyyətin demokratiya yolu tutduğu dönəmdə biz belə bir xəyanətlə üzləşdik. Ancaq dözürük! Dünya birliyinin Qarabağ probleminin həllinə ədalətli yanaşacağına, ATƏT-in Minsk qrupunun regiona səfərlərinin ədalətli sonluqla başa çatacağına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetiriləcəyinə ümid bəsləyərək dözürük. 

Bununla belə, aydın görünür ki, artıq proseslər Ermənistanın xeyrinə inkişaf etməkdədir. Qarabağ münaqişəsinin həlli ilə məşğul olan təşkilatlar və ölkələr məsələnin həllinə biganədirlər. Artıq Qarabağın işğaldan azad edilməsi dövlətçiliyimizin və xalqımızın ölüm-qalım məsələsinə çevrilib, çünki ermənilərin strateji məqsədi Azərbaycan dövlətini məhv etmək, Azərbaycan xalqını Qafqazdan yox etməkdir. 

Ermənistanın reallıqdan uzaq olan siyasətçiləri heç nədən çəkinməyərək bu istəklərini müxtəlif yollarla açıq şəkildə bəyan edirlər. Ancaq onlar bilsinlər: "Haqq nazilər - üzülməz!” Azərbaycan xalqı nə Qarabağ, nə də Qərbi Azərbaycanda baş verənləri unutmur və unutmayacaq! Bunu anlamaq və qəbul etmək istəməyənlər yanılırlar. Bu gün Azərbaycan xalqının susqunluğuna, sükutuna aldanaraq özlərini və millətini aldatmasınlar. Erməni xalqını və Ermənistan hakimiyyətini sonu bilinməyən işğalçı siyasətə sürükləməsinlər! 

Biz Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı düşmən münasibəti ilə razılaşa bilmərik. Xalqımızın səbri tükənib və biz - Azərbaycan xalqı başımıza gətirilən bu müsibətlərə qəzəblə, hiddətlə "Yox!” deyirik! 

Ermənistanın sərsəm ərazi iddialarından cana doyaraq Laçın, Ağdərə, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Xankəndi, Əsgəran, Hadrut, Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonlarının, o cümlədən Qazax, Tovuz və digər rayonların işğal olunmuş kəndlərinin azad edilməsini tələb edirik. 

Azərbaycan hakimiyyəti xalqın bu tələbinə hörmətlə yanaşmalı, sülh yollarının bütün imkanlarından istifadə etməlidir. Əgər sülh yolu ilə Qarabağı azad etmək mümkün deyilsə, o zaman bir yolumuz qalır: Müharibə!

Hansı yolu seçməyimizdən asılı olmayaraq Qarabağın xilası milli həmrəylikdən keçir. Bunun üçün dünyanın harasında yaşamasından, hansı siyasi, ictimai təşkilatı, sosial təbəqəni təmsil etməsindən asılı olmayaraq biz - dünya azərbaycanlıları Qarabağ probleminin həllində bürləşməli və bütövləşməli, beynəlxalq təşkilatlar qarşısında qəti tələb qoymalıyıq: "Ermənistan Qarabağ və ətraf rayonların ərazilərindəki işğal etdiyi torpaqları təcili olaraq tərk etməlidir!”

Bu tələb bizim haqq tələbimizdir. Dünya hüququ və siyasəti Azərbaycanın tərəfindədir. Ona görə də hər birinizi Qarabağın azadlığı, ərazilərimizin bütövlüyü naminə qarşısına bu müqəddəs işi həyata keçirmək məqsədi qoymuş Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı ətrafında birləşməyə çağırırıq. 

Hər bir azərbaycanlı, hər bir vətəndaş bu yolda cəsarət nümayiş etdirməli, fədakarlıq göstərməlidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda getdiyimiz bu yolda qətiyyətli olaq!

Allah xalqımızı və Azərbaycanımızı qorusun!"