Qayınata kürəkənə 40.000 manat “atdı”

Qayınata kürəkənə 40.000 manat “atdı”

15-11-2017 02:09 / Bu xəbər 2349 dəfə oxundu

Cəlilabad rayon prokuroru Tarıyel Ələkbərov baş prokuror Zakir Qaralovun göstərişini niyə icra etmir?!
 
Xocalı sakini Cavadova Telyanə Ədil qızı redaksiyamıza müraciət edib. O, müraciəti həm də Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının Hüquq Şöbəsinin müdiri Fuad Ələsgərova, Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, Ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya edib. Dərdli Ana dövlətdən hələ ümidini kəsməyib və oğlunun hüquqlarını bərpa etmək üçün onlara son ümid yeri kimi baxır.
 
Xural.com-a istinadən Xocalı sakini Cavadova Telyanə Ədil qızının müraciətini olduğu kimi dərc edirik:
 
"Yazaraq sizlərə bildirmək istəyirəm ki, mən və həyat yoldaşım Cavadov Əsgər Pənalı oğlu Xocalı rayonundan məcburi köçkünük. Eyni zamanda hər ikimiz Qarabağ müharibəsi əlilləriyik. Yoldaşım Əsgər Qarabağ uğrunda gedən qanlı döyüşlərdə yaralanıb. Qarabağ müharibəsi veteranıdır.

Ailəmizlə birlikdə Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə bina 1, 4-cü mərtəbə, ev 21 ünvanında məskunlaşmışıq. Altı oğul, üç qız övladım var. Oğullarım hamısı Azərbaycan Respublikasının Hərbi Qüvvələrində həqiqi hərbi xidmət keçib, Vətənə olan borclarını ödəyiblər.

Beşindi oğlum Cavadov Cəfər Əsgər oğlu Cəlilabad rayonunda yerləşən "Ucuzluq” ünivermağını icarəyə götürüb böyük ailəmizi dolandırmaq məqsədi ilə işlədirdi. Onun özünün də ailəsi və üç uşağı vardı. Cəfər orada kirayə ev tutub ailəsi ilə birlikdə yaşayırdı. Mağazada işçilər işlədirdi. Lakin qayınatası və baldızları ona dedilər ki, bizi özünə işçi götür, maddi vəziyyətimiz pisdir. Oğlum qayınatası Quliyev İlqar Məhərrəm oğluna, qayınanası Nuridəyə və baldızları Quliyeva Ləman və Quliyeva Jaləyə inanaraq, onları özünə işçi götürdü. Onlar da birləşib qabaqcadan əlbir olub, oğlum Cəfərin etibarından sui-istifadə edərək, 40.000 (qırx min) manatdan artıq məbləğdə mal və pulu 8 (səkkiz) ay müddətində mənimsəmişlər. Mənim oğlum bir də onda ayıldı ki, mağazada mal qalmayıb, əldə isə pul yoxdur. Sədərək və Binə Ticarət mərkəzlərinə külli miqdarda borcu yaranıb. Bu işi araşdırmağa başladıqda başa düşüb ki, qaynatasıgil onu aldadır. Öz telefonlarının səsyazma proqramlarına yazılmış səsyazılarını aşkar etdi və anladı ki, onlar ailəliklə birləşərək, dələduzluq etmiş, onun külli miqdarda mal və pulunu mütəşəkkil şəkildə mənimsəmişlər. Bütün ailə üzvlərinin də bundan xəbəri olub. Bütün bunlar səsyazılarında öz əksini tapıb. Belə olan halda, oğlum 102 xidmətinə müraciət edib, başına gələn hadisəni hüquq-mühafizə orqanlarına xəbər verib. Bundan sonra Cəlilabad rayon polis şöbəsindən Vidadi Zeynalov Cəfəri yanına çağırdı, izahatını aldı, araşdırma başladı. Qarşı tərəfin də izahatları alındı. Onlar boyunlarına aldılar ki, pulu mənimsəyiblər. Bu səbəblə iş mənimsəmə kimi tövsif olundu və Cəlilabad rayon prokurorluğuna göndərildi. Bu gün də Vidadi Zeynalov boynuna alır ki, İlqar pulun bir qismini oğuladığını etiraf edib və bu yazılı izahat iş materiallarına əlavə olunub və prokurorluğa göndərilib. Lakin bugünkü materialların arasından bu yazılı izahat bizə məlum olmayan səbəblərdən çıxarılıb. Bu da prokurorluq araşdırmasının qərəzli və subyektiv aparılmasına dəlalət edir.

Beləliklə, 19 yanvar 2017-ci il tarixdə Cəlilabad rayon prokurorluğu AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan oğlum Cəfərin qanuni nümayəndəsi, digər oğlum Cavadov Səfər Əsgər oğlu Baş Prokuror cənab Zakir Qaralovun Cəlilabad rayonunun sakinləri ilə mart ayında keçirdiyi görüşə qatılaraq onun qəbuluna düşüb hadisə barədə məlumat verdi, qərardan narazı qaldığımızı bildirdi. Cənab Zakir Qaralov özünü Cəlilabad rayon prokuroru Tarıyel Ələkbərova tutdu, göstəriş verdi ki, "audit çağır, dəyən ziyanı müəyyənləşdir, əldə olan səsyazmalarından ilkin istinad kimi istifadə et, yenidən araşdırma apar, işin obyektiv və ədalətli aparılmasını təmin et”. Lakin Tarıyel Ələkbərov bu göstərişlərin heç birinə əməl etmədi, audit çağırılmadı, səsyazılarına istinad olunmadı, iş obyektiv aparılmadı, bu səsyazıları qərarda təhrif olaraq qiymətləndirildi, uzun müddətdən sonra 28 iyul 2017-ci il tarixli qərarı ilə cinayət işinə başlanması bir daha rədd edildi.

Lakin sözügedən qərarın surətini 3 aydır ki, müxtəlif bəhanələrlə oğluma təqdim etməkdən imtina edirdi. Bu barədə Baş Prokurorluğun qaynar xəttinə dəfələrlə müraciət olunub. Sonunda biz bu qərarı almaq üçün Xocalı rayonundan bir qrup ağsaqqal gedib tələb etdi, sonra məcbur olub verdi.

Yuxarıda yazılanlardan açıq-aşkar bəlli olur ki, Cəlilabad rayon prokurorluğu bu işin ədalətli araşdırılmasına maraqlı deyil. Odur ki, Sizdən xahiş edirəm, bu işi öz nəzarətinizə götürəsiniz, işin yenidən araşdırılmasını təmin edəsiniz, bu araşdırmanı aparması üçün başqa rayon prokurorluqlarından birinə həvalə edəsiniz.

Ümidim bir Sizədir. Belə ki, həyat yoldaşım Cavadov Əsgər Pənalı oğlu Qarabağda sağlamlığını itirmiş olsa belə, özünü pis hiss etmirdi. Lakin T.Ələkbərovun qəbulunda əsəbiləşdikdən sonra otaqda yıxıldı və prokurorun qəbulundan çıxandan sonra hələ də özünə gələ bilmir, yataq xəstəsinə çevrilib. Ailəmiz Dövlətimizin Ali Qanunlarına sığınır, Sizlərdən kömək umur. Bizi haqlı olduğumuz halda haqsızlığa uğramağımıza yol verməyin. Bir Azərbaycan vətəndaşı, Xocalı köçkünü, Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ əlili ailəsi və ağbirçək Azərbaycan anası kimi Sizə sığınırıq”.

xural.com