Qəbələ sakinləri: "Meşə ərazisi İcra Hakimiyyəti tərəfindən satılıb" (FOTO)

Qəbələ sakinləri:

23-07-2019 16:46 / Bu xəbər 1010 dəfə oxundu

Qəbələ rayonunda meşə fondunun ərazisinin ayrı-ayrı fiziki şəxslərə satıldığı iddia olunur.

Nu barədə rayon sakinləri aztoday.az-a məlumat veriblər.

Onlar bildiriblər ki,  Vəndam meşəbəylinin 02 saylı dolayının 55-ci kvartalındakı meşə sahəsində fərdi evlər tikilir: "Belə ki, Qəbələ rayon İcra Hakimiyyətinin baş memarı Abdulxalıqov Təbriz Hüseyn oğlunun bu işdə xüsusi rol oynadığı və maklerlər vasitəsi ilə meşə ərazisinin 20-dən çox şəxsə satıldığı bildirilir. Bu prosesdə rayon torpaq şöbəsinin sabiq müdiri İslam Hacıyevin də Təbriz Abdulxalıqovla əlbir olduğu iddia edilir". 

Sakinlərin sözlərinə görə, icra başçısının evinin sözügedən meşə sahəsinə yaxın olduğu üçün qoz ağaclarının əkildiyi meşə sahəsi vətəndaşlara baha qiymətə satılıb: "Qəbələ Rayon Meşə İdarəsi icra hakimiyyətinin meşə ərazisini qanunsuz satması faktına qarşı qanuna müvafiq addımlar atmır. Meşə İdarəsi sözügedən ərazidə evlərin tikilməsinə dəfələrlə müdaxilə edib, tikintini dayandırıb. Amma Meşə İdarəsi hansısa səbəbdən şəhərin baş memarı Təbriz Abdulxalıqov başda olmaqla qoz ağaclarını məhv etdirmiş səlahiyyət sahiblərinə qarşı hüquq mühafizə orqanlarına şikayət etmir. Halbuki həmin ərazidəki çoxillik agaclar kəsilərək, böyük bir sahədə qoz meşəliyi məhv edilib".

Rayon sakinləri qeyd ediblər ki, Qəbələ Rayon İcra Hakimiyyəti ilə rayon Meşə İdarəsi arasında yaranmış narazılıqdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla aidiyyati qurumlar da məlumatlıdır. Belə ki, onlar bütün qurumlara müraciət etdiklərini bildiriblər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi problemlə bağlı "aztoday.az"ın sorğusuna cavab verməyib.