Qəfil seçki taktikası. Bəs müxalifətin taktikası?

Qəfil seçki taktikası. Bəs müxalifətin taktikası?

04-07-2019 16:33 / Bu xəbər 1165 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli növbədənkənar parlament seçkisi ehtimallarını şərh edib.

Azərbaycan Konstitusiyasına görə, parlament seçkisi beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. İndiki parlament 2015-ci il noyabrın 1-də seçilib, növbəti seçki 2020-ci ilin eyni gününə düşür.

Ancaq 2016-cı ildə konstitusiyaya əlavə olunmuş maddəyə görə, Azərbaycan prezidenti Milli Məclisi buraxa, növbədənkənar seçki təyin oluna bilər.

Novator.az bildirir ki, Cəmil Həsənli özünün "Facebook” səhifəsində hakimiyyətin son vaxtlar qəfil seçkilər üsuluna – özü üçün əlverişli vaxta qəflətən seçki təyin etmək və cəmiyyəti hazırlıqsız yaxalamaq taktikasına əl atdığını vurğulayır. 

Onun fikrincə, konstitusiyanın növbədənkənar seçki haqqında norması qəfil seçki anlamına gəlməməlidir: 

"Normal ölkələrdə olduğu kimi növbədənkənar seçkinin təyin edilməsi ictimai müzakirədən keçməlidir. Növbədənkənar seçki qəfil seçki demək deyil”.

Cəmil Həsənli Milli Şuranı seçki əleyhdarı, inqilabçı kimi təqdim etməyə cəhdlər olduğunu qeyd edir: "Ölkədə siyasi dəyişikliklərin yolu seçkidən keçməlidir. Hakimiyyət xalqın səsinə, millətin iradəsinə dayanmalıdır. Bunun alternativi yoxdur və bunu bizdən çox istəyən, arzulayan da yoxdur. İnqilab isə bilavasitə millətin müstəsna hüququdur, əyri, oğru, korrupsioner, kriminal, zülmkar, dələduz, hakimiyyəti mənimsəmiş, xalqın iradəsini zorlamış rejimlər kütləvi xalq etirazları ilə milli iradənin gücü ilə hakimiyyətdən uzaqlaşıdırılıblar.

Biz azad, ədalətli, demokratik seçki yolu ilə dəyişikliklərə üstünlük veririk və bu "azad, ədalətli, demokratik” kəlmələrinin özünü də Əliyev rejiminin əsarətindən, YAP-ın 25 illik manipulyasyasından azad edib onlara gerçək məzmun verilməsini prioritet hesab edirik. Bu gün cəmiyyətin ehtiyacı seçki havasına oynamaq yox, Əliyevlərin mənimsədiyi seçki haqqını geri almaqdan, öz hakimiyyətini seçmək hüququnu bərqərar etməkdən keçir.

Bizim ölkədə seçki institutu hansı vəziyyətdədir və ümumiyyətlə Azərbaycanda seçki deyilən bir şey varmı? Bizim seçki institutunda seçicinin yeri yoxdur, möcüzə seçki qutusunda deyil, Mərkəzi Seçki Komissiyasında baş verir. Hakimiyyətin mənbəyi xalq deyil, MSK-nin arayışıdır. Bunun bircə adı var: xalqın seçki prosesindən uzaqlaşdırılması, hakimiyyətin mənimsənilməsi. Ölkə konstitusiyasının 6-cı maddəsinə görə, bu, xalqa qarşı ən ağır cinayətdir.

Azərbaycanda seçki saxtakarlığı azala-azala deyil, gizlin deyil, genişlənə-genişlənə gedir və getdikcə də legitimləşir. Xalq seçki subyekti kimi artıq görüntü üçün də rejimə lazım deyil. Bu ölkədə "seçki” nəticələrinin seçkidən bir gün öncə elan edilməsi kimi praktika da var.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəylərində göstərilir ki, Azərbaycanda 2008-ci ilin prezident seçkisində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkisində 32 faiz, 2013-cü ilin prezident seçkisində 58 faiz olub. 2015-ci ilin parlament seçkisindən 22 gün əvvəl biz Milli Şura olaraq əldə etdiyimiz məlumatlar əsasında parlamentə "seçiləcək” 125 deputatın siyahısını elan etmişdik. Onun 121 nəfəri, yəni 96 faizi düz çıxdı. Deməli, araba atdan qabağa keçib, nəticələr seçkidən əvvəl bəllidir, rəy sorğularına görə yox, hakimiyyət kluarlarında tərtib olunmuş siyahılara görə.

ATƏT və AŞPA müşahidəçilərinin 2018-ci ilin növbədənkənar prezident seçkisi ilə bağlı birgə rəyi ondan ibarət oldu ki, növbədənkənar seçki xalqın iradəsini ifadə etməyib. Yəni seçki tam saxtakarlıq şəraitində keçirilib. Seçki saxtakarlığının artan xətlə getməsini müşahidə edən ABŞ Dövlət Departamenti elan etmişdi ki, Azərbaycan xalqı seçki yolu ilə hakimiyyəti dəyişmək hüququndan məhrum edilib”.

Cəmil Həsənli yazır ki, Azərbaycanda xalqın kütləvi narazılığının artması yüksələn xətlə gedir, insanların içində qəzəb dalğası spiralvarı sıxılır, onun hər an açılma təhlükəsi istisna edilmir və bu fonda xarici təzyiqlər artır, rejimin beynəlxalq sanksiyaların hədəfinə çevrilməsi ehtimalı yaranır: "Gələcək dumanlı görünür və payız dumanı düşməmiş Əliyevlər növbədənkənar qaydada parlamenti də indiki siyasətlərinə, indiki məhdud ailə maraqlarına tam şəkildə uyğunlaşdırmağı düşünrülər. Axı gündən-günə pisləşən sosial vəziyyətin təsiri altında gələn ilə qədər çox şey dəyişə bilər. İndiki anda seçkinin önə çəkilməsində millətə nəsə vermək kimi bir düşüncə yoxdur. Ailə hakimiyyətini möhkəmləndirmək, daha da davamlı etmək, onun siyasi və hüquqi dayaqlarını daha etibarlı etmək kimi məkrli planlar var.

Bu halda müxalifət, müstəqil vətəndaş cəmiyyəti və azad sözün, azad düşüncənin daşıyıcıları nə etməlidir? İlk növbədə bütün dəyişikliklərin mənbəyini ölkənin içinə hədəfləmək, xalqı öz gücünə inandırmaq, millətin ictimai fəallığını artırmaq seçki strategiyasının baş xətti kimi əməli xarakter almalıdır. Lakin bu o zaman nəticə verə bilər ki, hakimiyyətin müxtəlif üsullarla mürtəceləşdirib öz maraqlarına uyğunlaşdırdığı Seçki Məcəlləsi dəyişdirilsin, ölkə içində siyasi və vətəndaş cəmiyyəti qurumlarının, ölkə xaricində Venesiya Komissiyasının təklifləri, fikir və mülahizələri nəzərə alınsın, mövcud məcəllə hakimiyyətin nəzarətindən çıxarılsın.

Şübhəsiz ki, son 10-15 ildə seçkini saxtalaşdırmaqla özünü ifşa etmiş, gözdən salmış, hakimiyyətin mənimsənilməsi prosesində bilavasitə iştirak etmiş seçki komissiyaları mütləq dəyişdirilməlidir. Müxalifət qüvvələri ölkənin siyasi həyatını fəallaşdırmaq, seçici aktivliyinə nail olmaq, siyasi partiyaların cəmiyyətdə rolunu gücləndirmək üçün proporsional seçki sisteminin bərpası istiqamətində birgə mövqe sərgiləyə bilərlər. Seçkidə marağı və məsuliyyəti olan beynəlxalq təşkilatlarla qabaqcadan müzakirə aparmaq və bir sıra məsələlərdə ortaq məxrəcə gəlmək də faydalı olardı. Məsələn, bir sıra müstəqil ekspertlər də belə hesab edirlər ki, Azərbaycan hakimiyyətinin planlaşdırdığı növbədənkənar seçkidən öncə ATƏT, AŞPA kimi beynəlxalq təşkilatlara birgə müraciətlər edilməlidir ki, onlar seçkilərin saxta keçirildiyinə rəy verdiyi halda həmin saxta seçilmiş parlamentin nümayəndə heyətinin ATƏT-ə, AŞPA-ya və digər qurumlara buraxılması yolverilməzdir. Bu haqda müxalifətə iddialı olan qüvvələrin birgə müraciət imzalaması da mümkün əməkdaşlıq formalarından biridir. Bütövlükdə bu istiqamətdə əməkdaşlığın imkanları kifayət qədər genişdir və ölkədə normal seçki mühiti əldə etmək üçün onlardan yararlanmaq seçkidə iştirakın ümdə şərti olmalıdır”.

Cəmil Həsənli 1952-ci ildə anadan olub. Tarix elmləri doktorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.

1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.

2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi olub.

Milli Şura həmin il yaradılıb. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.