Qənimət Zahidin kitabı ingiliscə yayına çıxdı

Qənimət Zahidin kitabı ingiliscə yayına çıxdı

03-01-2019 18:30 / Bu xəbər 2297 dəfə oxundu

Baş redaktorun həbsxana haqqında yazdığı sənədli roman ingilis dilinə tərcümə edilib.

Bu barədə Arqument.Az-a Qənimət Zahid özü məlumat verib.

Onun sözlərinə görə, həbsxanada yazdığı "Ölüm korpusu" adlı romanın ingiliscəsi amazonda satışa qoyulub.

Qənimət Zahid "Azadlıq qəzetinin" baş redaktoru və Turan TV-nin direktorudur. 

Dediyinə görə, bu kitabı Azərbaycanda və azərbaycan dilində dərc etdirmək siyasi səbəblərə görə mümkün olmayıb. 

Daha sonra Q. Zahid onu ingilis dilinə tərcümə etdirmiş və bu günlərdə amazon beynəlxalq onlayn satış şəbəkəsi "Ölüm korpusu"nu satış üçün aktivləşdirib.

Kitabdan bir parçanı təqdim edirik: 

Karantin

Rəisin eni uzunluğuna mütənasib olmayan böyük bir kabineti vardı. "Vardı”, ona görə ki, bu kabinet daha yoxdur. Həmin rəis də daha yoxdur. Həmin həbsxana yerli-dibli qaşınıb-sökülüb, yerində 164 metr uzunluğunda bayraq qülləsini laxladan "Bayraq meydanı” var. Azərbaycanın dustaqlıq tarixinin 130 illik tarixini göynədən Bayıl türməsi söküldü, axı. Amma bu türmənin sökülməsi ilə bağlı türmənin çölündə olanlar daha artıq xəbərdardırlar. Bizsə içəridəydik və Bayıl türməsinin rəisi məni şəxsi qəbulla şərəfləndirirdi.

Kabinetin yuxarı başında simmetrik olaraq tən ortadan qoyulmuş rəis stolunun ətrafına düzülmüş 32 stul vardı; 16+16, yəni uzun müşavirə masasının hər tərəfində 16 stul! Bu müşavirə masasına perpendikulyar qoyulmuş stolun arxasında rəis şəxsən özü oturmuşdu. Amma sağında-solunda o qədər telefon aparatı vardı ki, stol bu aparatların altında yük eşşəyi kimi görünürdü. Zatən, telefon aparatlarının çox ağır olduğu da aşkar hiss olunurdu. Bunların bir qismi İdarədaxili, o biri qismi şəhərdaxili, yerdə qalan uzun və üstündə əlli-altmış düyməsi olanı da lap daxili, yəni əməlli-başlı həbsxana telefonu olmalı idi. Stolun üzərində ən şahanə və zərif görkəm rəisin metal rəngli təvazökar mobil telefonuna məxsus idi.
 
Stolun mən tərəfdən sol yuxarı küncündə "Quran” qoyulmuşdu. Doğrudur, sonralar mənə belə deyilmişdi ki, rəis axır vaxtlar namaz qılır, amma mən həbsxana rəisinin iş stolunun üzərində "Quran” qoyulmasını heç cür anlaya bilmədim. Məsələ burasındadır ki, həbsxana işçilərinin mütləq əksəriyyəti dustaqlara inanmaq və ya onları sınaqdan keçirmək üçün "Quran”a and verməzlər.  Burada qarışılıqlı inamla bağlı olan mübahisələri ana-bacı, var-yox söyüşləri tənzimləyir. Həbsxana işçilərinin hamısı, o cümlədən rəis də öz iradəsini yeritmək üçün "Allah haqqı”, "Quran haqqı” və sair kimi aşırı təəssüratlı ifadələrdən istifadə etməzlər. Burada da situasiyanın mürəkkəblik səviyyəsinə uyğun olaqar  müxtəlif dərəcəli söyüşlərdən istifadə edilər. Bir qayda olaraq belədir və istisnalar nadir halda olur. Həbsxanalar "Cəzaçəkmə Yerlərində Cəza Məcəlləsi”  və bu Məcəlləyə qeyri-rəsmi əlavə şəklində tətbiq olunan söyüşlərlə idarə olunur.

Rəis mənə müşavirə stolunun lap baş tərəfində, özünə ən yaxın hissəsində yer göstərdi. Bu, əməlli-başlı hörmət əlaməti idi. Bütün əmək fəaliyyəti həbsxanalarla bağlı olan, əmək kitabçasında başqa heç bir müəssisə tipinin möhürü olmayan qocaman rəis bu davranışı ilə özünün çox təcrübəli bir adam olduğunu nümayiş etdirirdi. O, generaldan bircə çin aşağı idi. Belə sadə davranışı çoxları özünə layiq görmür. "Paho, dustaq, kimliyindən asılı olmayaraq, mənim stolumun başında oturacaqmış” kimi görməmiş psixologiyası yalnız həbsxana rəislərinə deyil, Azərbaycan vətəndaşlarını potensial dustaq və gerçək girov keyfiyyətində qəbul edən dövlət məmurlarının əksəriyyəti üçün səciyyəvi və nümunəvi davranış etalonudur.

Bayıl türməsinini rəisi Misir Əliyev mənə əla təsir bağışladı, mənimlə söhbətinə də nəzakətlə başladı:
- Bura həbsxanadır. Amma hərdən cəhənnəmə də girişin fərqi olur. Buna görə də "xoş gəlmisən!” deyirəm.
- Təbii, əgər siz hər səhər işə xoş ovqatla gəlib eyni ovqatla da getmək istəyirsinizsə, sizdən başqa yüzlərlə adam da buraya eyni istəklə gəlib-gedə bilirsə… Üstəlik, burası sizin üçün sadəcə iş yeri, müəssisədirsə, bura "xoş gəlmək” elə bir qəbahətli iş deyil. Sağ olun.

Rəisin bu əhvalpürsanlıqdan sonrakı uzun monoloqundan belə başa düşdüm ki, mənim həbs olunmağım onun planları, niyyətləri və istəklərindən asılı olmayaraq baş verib. O, təcridxananın rəisidir, buradakı qayda-qanun onu daha çox maraqlandırır. Buraya kimin necə gətirilməsinin ona dəxli yoxdur.  Doğrudur, bura kimlərin yolunun necə düşməsinin müəyyən qədər təfavütü var, çünki bütün bu təfərrüatlar həbsxanadakı əməliyyat şəraitinə təsir göstərir. O da bir rəhbər olaraq bu müəssisədə "FV” olmasını arzulamır və belə hallar baş verəndə fövqəladə tədbirlər görməyə üstünlük verir. Adidən adi iş prosesinin, adidən adi fövqəladə halların bütün incəliklərinə uyğun olaraq, mən həbsxanada hansısa kameraya yerləşdirilməmişdən əvvəl "karantin” adlanan xüsusi kameraya yerləşdirilməliyəm, bir neçə gün orada qalandan sonra köçürülməliyəm doğma otağıma. Rəis nəzərə alır ki, mən ali təhsilli adamam, birinci dəfədir ki, mühakimə olunuram, bu vaxta qədər rəhbər işlərdə işləməyə macalım olub, üstəlik, yazı-pozu adamıyam…
 
Məni "karantin”ə girmək mərhələsindən azad edir. Mən buradan birbaşa kameraya gedəcəyəm. Əlbəttə, söhbət hansısa xoşagəlməz və arzuolunmaz mərhələyə daxil olmamaqdan gedirsə, deməli, bu yaxşıdır. Yaxud, ortalıqda "azad edilmək” ifadəsi varsa, deməli, söhbət hansısa xoşagəlməz və arzuolunmaz mərhələnin mümkün mövcudluğundan gedir. Bu balaca azadlıq qırığına görə rəisə, bəlkə də, təşəkkür etməli idim. Amma həbsxananın daxilində bir otaqdan başqa otağa köçürülmənin ən ümumi insan azadlıqlarına heç bir dəxli olmadığını nəzərə alaraq, mən təşəkkür etmək kimi əziyyəti özümə rəva görmək istəmədim, - heç rəisin də belə xırda reveransa görə təşəkkür dinləmək həvəsinin olmayacağını düşünüb, "Necə məsləhətdir, elə də edin”, - dedim. Və rəisin baxışlarından dərhal tutdum ki, o, karantin mərhələsindən azadlığa görə təşəkkürdən yayındığımı boş buraxmadı. Buna görə də əlavə etdi ki, ora bir az natəmizlik olur, ona görə sənlik deyil. Mən əvvəlki mövqeyimi təkrar etdim və dialoqun bu hissəsi bitdi. 
 
Rəis məndən arxada divarın dibinə söykədilmiş kresloda oturub bizim mükaliməmizi dinləyən müavininə baxdı: "Razılaşdığımız kimi edin. Tapşırın, müəllimə babat bir kamera versinlər”.
 
Bu, söhbətin bitməsi demək idi və mən ayağa qalxdım. Müavini qabağa buraxıb kabinetdən çıxdım. Hər ikimiz rəisin "Razılaşdığımız kimi edin” göstərişinin icrasına doğru hərəkət etməyə başladıq. Müavin bu göstərişin və həmin "razılaşmanın” nədən ibarət olduğunu bildiyi üçün tam qətiyyətli addımlarla, mən isə razılaşma barədə heç bir xəbəri olmayan adam kimi qətiyyətli addımların ləpiri ilə hərəkət etməyə başladıq…