"...qərar çıxarırlar, ləğv edirlər, sonra yenə bərpa edirlər..." - Mehman Əliyev

21-09-2017 08:44 / Bu xəbər 1221 dəfə oxundu

Sentyabrın 19-da "Turan" İnformasiya Agentliyinə qarşı bərpa olunan sanksiya, növbəti gün, yəni 20 sentyabrda yenidən ləğv olundu.

Hüquqşünas Ələsgər Məmmədli "Turan” İnformasiya Agentliyinin sanksiya prossesinə münasibət bildirərkən Toplum Tv-yə deyib ki, baş verən hadisələr dövlət idarəetməsindəki problemlərdən xəbər verir: "Vergilər Nazirliyinin tətbiq etməli normativ sənəd var; Vergi Məcəlləsi və ondan doğan aktlar. Bütün addımları başdan buna uyğun atsaydı, məsələ belə olmazdı. Sırf qanunu tətbiq etsəydi, "Turan”a qarşı artıq hər hansı bir qalmaqal və qalmaqalın da ölkə üçün yaratdığı sıxıntılar olmazdı. 

Həftə içində 3-cü dəfədir ki, qərarlar dəyişir. Bu gün təkrar öyrənirik ki, yenidən cinayət işinə xitam verilib. "Turan"a qarşı tətbiq olunan sanksiyadan, "Turan" məhkəmə şikayəti verib və məhkəmə baxışının olacağı üçün bu proses ləğv olunur". 

Ekspert deyir ki, əslində proses başından belə olmalı idi: "Sanksiya qanunsuz olaraq verilmişdi, "Turan" da bunu məhkəməyə vermişdi. Məhkəmə bu işə baxmalı və sənədlərə istinad edib bunu ləğv etməli idi. Ümumiyyətlə, əslində, bu, olmamalı idi, amma olsa da prosedur belə olmalı idi. İndiki halda proses hüquq müstəvisinə enməyə başlayır".

Hüquqşünasın sözlərinə görə, paralel olaraq bu, onu göstərir ki, dövlət qurumları istər işə başlayanda, istərsə də xitam verəndə konkret olaraq qanunla onların üzərinə qoyulan səlahiyyətləri bir kənara qoyub, sifariş gözləyirlər: "Ölkə başçısı hər işə müdaxilə etməlidirmi? Onun işi budurmu? Onda qanun çərçivəsində fəaliyyət göstərməli olan qurumlar nəyə yarıyır? Bunlar ciddi suallardır və bu suallar idarəetmə ardıcıllığında yaranan problemləri göstərir. Ümid edirəm ki, bu, son olacaq. Cəmiyyəti belə ciddi şəkildə narahat edən, həm də idarəetmənin ciddi nöqsanı kimi görünən proseslər baş verməyəcək. "Turan"ın və "Turan" kimi media azadlığı daşıyıcıları olan hər kəs sərbəst buraxılacaq, basqıya məruz qalmayacaq".

"Bu aydın şəkildə onu göstərir ki, məsələ sifarişlidir" 

Agentliyin direktoru Mehman Əliyev Toplum Tv-yə bildirib ki, analoqu olmayan hadisələr baş verir: "İlk dəfə deyil ki, qərar çıxarırlar, ləğv edirlər, sonra yenə bərpa edirlər və s. Sonuncu məsələ belədir ki, bizə 18-i məktub daxil olub və orada göstərilir ki, istintaqa, ümumiyyətlə, xitam verilib. Biz avqustun 7-dən, proseslər başlayandan sonra məhkəməyə baş vurmuşduq. Qanuna görə, məhkəmə müstəvisində baxılmalı, istintaq hərəkətləri keçirilməməli idi. Adamlar bunu etmədi və məhkəmə də təyin olunmadı. İndi sentyabrın 27-nə məhkəmə təyin ediblər. Bununla bağlı nazirlik qərar verib ki, istintaq prosesinə xitam verilir və məsələ məhkəmə müstəvisinə keçir. Məsələyə məhkəmədə baxılacaq".