"Qərardan şikayət edəcəyik" - Vəkil

23-05-2017 17:59 / Bu xəbər 1721 dəfə oxundu

Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb. 

Mayın 23-də məhkəmə qarşısına çıxarılan jurnalist 30 sutka həbs cəzası alıb. 

O, polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. 

Yaxınları onun saxlanma səbəbi kimi "Facebook" sosial şəbəkədəki paylaşımlarını göstərirlər. 

N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.

Elçin Sadıqov: "Apellyasiya şikayəti verəcəyik”.

Vəkil Elçin Sadıqov Toplum Tv-yə verdiyi açıqlamasında bildirib ki, qərardan narazıdır və Apelyasiya Məhkəməsinə şikayət verəcək: "İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polisin əmrlərinə tabe olmamaq) saxlanılıb. Həmin qərardan narazıyıq və apellyasiya şikayəti verəcəyik”.
 Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət olunub
Nicat Əmiraslanovun üzv olduğu Nida Vətəndaş Hərəkatı da saxlanılan üzvləri barəsində bəyanat yayaraq, gənc fəallara qarşı olan bu cür hücumları pisləyib: "Nidaçı fəal, jurnalist Nicat Əmiraslanov Qazaxda saxlanılıb. O, polisin qanuni əmrlərinə tabe olmama (İnzibati XətalarMəcəlləsinin 535.1-ci maddəsi) ittihamı əsasında saxlanılıb. NİDA Vətəndaş Hərəkatı olaraq gənc fəallara qarşı olan hücümları pisləyirik, bu cür repressiyaların ölkədə vəziyyətin daha da gərginləşdirilməsinə xidmət etdiyini bildiririk”.

Müşfiq Ələsgərli: "Nicatın hansı fəaliyyətlə məşğul olduğunu araşdıracağıq”
Image result for Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli isə bildirib ki, Nicatın bloger və ya jurnalist olması barədə məlumatlı deyil: "Yəni onun aktiv jurnalist fəaliyyətini görmürəm. Hansısa ictimai təşkilatın üzvüdür deyirlər, ola bilər, amma jurnalist, xəbər istehsalçısı barəsində xəbərsizəm. Bu halda rəsmi dairələr də məlumat yayırlar ki, o, hansısa fərqli fəaliyyətinə görə tutulub. Ortada olan, gündəmdə olan jurnalist deyil, onun fəaliyyəti barədə məlumatlı deyilik, bu baxımdan bu iş araşdırma tələb edir ki, bir baxaq, görək kimdir, hansı fəaliyyətlərlə məşğul olub. Məsələyə birmənalı rəy vermək mümkün deyil, hələlik araşdıracağıq ki, mediaya nə aidiyyatı var”.

Ali Zeynal
Toplum Tv