"Qiyasın gözlərini işıqsız qoymaq istəyirlər" - Şura Əmiraslanova

25-05-2017 18:20 / Bu xəbər 1861 dəfə oxundu

Həbsdə olan fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanova Ombudsman Aparatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, beynəlxalq təşkilatlar, ölkədəki səfirliklər və beynəlxalq hüquq müdafiəçilərinə müraciət ünvanlayıb.

Müraciətdə bu gün Azərbaycanda xeyli sayda siyasi məhbus olduğu bildirilir:

"Gələcəkdə onlardan bəhs edəndə, biz indi yaşadığımız dövrdən narazı olsaq da, məhz bu insanların mübarizəsindən heyranlıqla danışacağıq. Bilirəm, oğlum Qiyas da o sırada olacaq. Bundan əmin olduğum üçün də onunla qürur duyuram”.

Şura Əmiraslanova deyir ki, oğlu Qiyas yüzlərlə haqqı  tapdanıb, qul vəziyyətinə salınmış gənclərin dili, gözü olub: 

"O, yaşadığı ölkədə dərin quyuya salınıb, zülmətə həbs etmək istədikləri işığı ordan çıxarmaq, o işığı zalımlardan xilas edib yenidən Azərbaycana qaytarmaq istəyirdi. Buna görə indi onun öz gözlərini işıqsız qoymaq istəyirlər. Bir neçə gün əvvəl Qiyasın solmuş, saxta  ittihamlarla dolu sənədləri oxuya bilməyəcək qədər gücdən düşmüş gözlərini görəndən bəri nələr yaşayıram, nələr düşünüb, hiss edirəm, bunu anlada bilmirəm. Tək bildiyim odur ki, Qiyasdan qisas alırlar. Tək bildiyim o ki, Qiyasın gələcəyini, azadlığını, ölkəsinin sərvətlərini oğurlayanlar indi də onun gözlərinin işığını oğurlamaq istəyirlər”.
 
 

Daha sonra ana oğlunun həbs olunduqdan sonra gördüyü  işgənclərdən danışır. Deyir, bu, yəqin ki, onun görməsində problem yaranmasına kifayət edib. Amma görünür onu həbs etməklə cəzalandırmaq istəyənlərə verdikləri 10 il azadlıqdan məhrumetmə cəzası kifayət etmir:

"Mən övladımın səhhətindən, gələcəkdə başına gələ biləcəklərdən narahatam. Onu şərləyib həbs edənlər bu gün gözlərini normal müayinə etməkdən qaçırlarsa, ona adi bir eynəyi düz təyin edə bilmirlərsə,  sabah onun fiziki olaraq qarşılaşacağı problemləri heç aradan qaldırmayacaqlar. Qiyas həbs olunana qədər mənim  oğlum idi. İndi isə bir ölkənin övladıdır. Dünənə qədər Qiyas tək oğul idi, indi onun yüzlərlə bacısı, qardaşı var...”

Müraciətin sonunda Şura Əmiraslanova üzünü dünyanın insanpərvər qüvvələrinə tuturaq onlardan oğlunun gözlərinin işığını qorumaq üçün fəaliyyətə keçmələrini rica edir:

"Qiyasın gözlərinin nurunu sönməyə qoymayın. Onlar təkcə Qiyasın gözlərinin deyil, bu məmləkətdə  gələcəyini qurmaq üçün azadlıq himnini oxumaq istəyən minlərlə gəncin gözlərinin işığıdır.  Qiyas və bu gün onun kimi haqsızlığa etiraz edib həbslərdə olanların  pozulmuş haqqı naminə, bu ölkədə azadlıq və ədalət istəyən insanları bu zalım rejimin qarşısında tək qoymayın. Qiyasın gözlərinin işığını qorumaq üçün ona yardım edin ki, o da bu ölkənin işıqlı gələcəyi üçün mübarizəsinə davam edə bilsin”.

Qiyas İbrahimov 2016-cı ilin mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıb.Fəal narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. 
 
Meydan Tv