"Qoca" ləqəbli kriminal avtoritet öldürüldü

02-11-2017 17:01 / Bu xəbər 204 dəfə oxundu

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri "Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Bildirilir ki, Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Məlumatın dəqiqləşdirilməsi məqsədi ilə aparılan yoxlamalarla Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılaraq tutulub.

Cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

Xüsusi təyinatlı qatardan qaçan məhbuslardan digəri Əli Ağamiyə qarşı istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb. APA-nın xəbərinə görə, ona qarşı Cinayət Məcəlləsinin rüşvət vermə maddəsi ilə cinayət işi açılıb.

***

Silahlı insident zamanı daha 2 nəfər yaralanıb.

Noyabrın 2-də Qaradağ rayonunda silahlı insident olub. Atışmada yaralanan "Qoca” ləqəbli Etibar Məmmədov öldürülüb.

Etibar Məmmədov bir neçə gün öncə Bakı-Astara-Bakı qatarından qaçan məhbuslardan digəridir. 

Baş Prokurorluğun Mətbuat xidməti faktı "Report”a təsdiqləyib.

Bildirilib ki, Qaradağ rayonunda baş verən silahlı insidentdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bir qrup silahlı şəxs arasında atışma olub. Nəticədə bir neçə nəfər yaralanıb, Etibar Məmmədov isə aldığı xəsarətdən ölüb: 

"Yaralanan 2 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri 1988-ci il təvəllüdlü Anar Azər oğlu Əsgərovdur. O, Etibar Məmmədovu yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Şahmar Şamil oğlu Bəyəlizadədir. O, üz nahiyəsindən xəsarət alıb. Etibar Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir”.

Oktyabrın 23-də Bakı-Astara-Bakı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, hazırda külli miqdarda narkotik maddələrin dövriyyəsində ittiham olunan Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, bilərəkdən adam öldürməkdə ittiham edilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Oktyabrın 25-də Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib. Taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar. 

Qaravul rəisi Ceyhun Səmədov, onun köməkçiləri Fuad Hacıyev və Tural Polatxanov həbs ediliblər.