Qonaqkənddə 70 ev təhlükədədir, hər an faciə baş verə bilər - FOTOLAR

Qonaqkənddə 70 ev təhlükədədir, hər an faciə baş verə bilər - FOTOLAR

24-10-2016 15:52 / Bu xəbər 1235 dəfə oxundu

Bildiyimiz kimi, Qubanın  ən qədim kəndlərindən biri hesab olunan  Qonaqkənd  Vəlvələ çayının yanında yerləşir.

Bu səbəbdən, yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaradır. Lakin son  günlər bu təhlükə daha da artıb. Vəziyyət o qədər kritikləşib ki, hətta  bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərinini belə sel yuyub.  

Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun  Qaynarinfo.Az-a verdiyi məlumata görə, son günlər yağan güclü yağışlar  və əriyən qarın nəticəsində çayın səviyyəsi  xeyli qalxıb, evlərin hasarlarına çatıb  və hətta  həyatyanı səhələrə dolub .Ən acınacaqlısı isə  selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq,  təxirəsalınmaz tədbirlərin görülməsinə tələb edir. 

Niyatulla Orucov bildirir ki, sürüşmə nəticəsində keçmiş Atuş kəndi ərazində Vəlvələ çayının qabağı "boğulub” və çayın məcrası genişlənib, suyun da səviyyəsi qalxıb. Kənd sakini deyir ki, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən səksəkə içindədir:

"Hər an faicə baş verə bilər, camaat su içində qala bilər. Sentyabr ayının 2-si, 24-ü,17-si,oktyabr ayının isə 13-ü,15-i ,17-si   çayın səviyyəsi artıq evlərə çatmışdır. Elə ilk təhlükə zamanı - sentyabr ayı mən Fövqəladə Hallar Nazirliyinə  sel  təhlükəsi ilə bağlı teleqaram vurdum. Onlar da teleqramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz  və qeyri-konkret bir cavab məktubu gəldi, hansı ki, bu cavabdan  normal heç nə başa düşmək olmur. Cavabdan ümumən belə başa düşmək olur ki, onlar nəsə tədbir görməyə tələsmirlər,daha doğrusu istəmirlər.Elə bil biz A-dan danışırıq, onlar bizə B-dən nağıl danışırlar. Halbuki təhlükə vəziyyətində yaşayırıq və  dediyim kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə, biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halla üz-üzədir, ancaq onların veclərinə deyil. Yerli bələdiyyəyə də, Quba İcra Hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar  hər dəfə deyirlər ki,məsələdən məlumatlıyıq. Gəlib baxıblar da. Amma icra hakimiyyətindən bildirilir ki, onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Bizim isə istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz evimizdə rahat yaşaya bilək ,ya da bizi buradan köçürsünlər. Çünki  bu vəziyyətdə ,özü də payız-qış aylarında hər gün, hər saat həyacan içində yaşayırıq. Əgər bizim imkanımız olsa idi, biz özümüz nəsə bir  tədbir görərdik, amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq... ".

Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun nümayəndəsi Tarıyel İbrahimov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, yaranmış vəziyyətlə bağlı məlumatları var:

"Həmin ərazi ilə bağlı məlumatımız var. Ancaq deyildiyi kimi, vəziyyət o qədər də dəhşət deyil. Yəni bu məsələni kənd sakinləri şişirdir. Quba-Qonaqkənd-Şamaxı rayonlararası yeni avtomobil yolu salınır. Bildiyiniz kimi, bu lahiyə çərçivəsində körpülərin təmiri, yeni bəndlərin qurulması və digər işlər görüləcək. Məsələ diqqətimizdədir və bununla bağlı lazımı tədbirlər görüləcək".