Qovmaq növbəsi Qafqaza çatdı

Qovmaq növbəsi Qafqaza çatdı

29-03-2018 17:12 / Bu xəbər 1090 dəfə oxundu

Rusiyalı diplomatların Sergey Skripal qalmaqalına görə müxtəlif ölkələrdən qovulması davam edir. 

Novator.az-ın məlumatına görə, martın 29-da Gürcüstan belə qərar çıxarıb. Gürcüstanda Rusiyanın diplomatik nümayəndəliyi İsveçrə səfirliyi nəzdində fəaliyyət göstərir. Rəsmi Tbilisi nümayəndəliyin 1 əməkdaşına ölkədən çıxmaq üçün 7 gün vaxt verib.

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqal bu ay yaranıb. 66 yaşlı Sergey Skripal və qızı martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. 

Onların Rusiyada istehsal olunan, sinir iflici törədən xüsusi maddə ilə zəhərləndiyi açıqlanıb. Britaniya hökuməti Moskvanı terrorda ittiham edərək 23 rusiyalı diplomatı ölkədən çıxarıb, bunun ardınca digər Qərb dövlətləri eyni sanksiyaya əl atıb.

Novator.az bildirir ki, martın 29-na bu ölkələrdə rusiyalı diplomatları qovmaq qərarı qəbul edilib:

ABŞ – 60 rusiyalı diplomatı ölkədən çıxarır

Ukrayna – 13

Almaniya, Fransa, Polşa, Kanada – 4

Litva, Moldova, Çexiya – 3

Avstraliya, Albaniya, Danimarka, İspaniya, İtaliya, Niderland – 2

Belçika, Macarıstan, İrlandiya, Latviya, Makedoniya, Norveç, Rumıniya, Finlandiya, Xorvatiya, Monteneqro, İsveç, Estoniya –1.

Sergey Skripal 2004-cü ildə Rusiyada həbs olunub, dövlətə xəyanət və Böyük Britaniyanın xeyrinə casusluq ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə əfv olunan Sergey Skripal Böyük Britaniyaya təhvil verilib və orada sığınacaq alıb.