Qoyulan böyük pulların əvəzində batan turizm

Qoyulan böyük pulların əvəzində batan turizm

25-07-2016 10:34 / Bu xəbər 1451 dəfə oxundu

Rövşən Ağayev

Əgər idarəetmə effektiv və şəffaf deyilsə, hökumətlər dövri olaraq bir-birini əvəzləmirsə, korrupsiya əsas idarəetmə rıçaqıdırsa, iqtisadiyyatın təməl dayağı azad rəqabət yox, inhisarçılıqdısa, ən nəhəng sərmayələr belə, iqtisadi inkişaf və rifah gətirməyəcək. Statistika Komitəsinin ötən həftə turizmlə bağlı açıqladığı ən son illik hesabatda bəzi rəqəmlərə baxın, bu qənaəti mütləq təsdiqləyəcəksiniz.

Böyük neft pulları ölkəyə daxil olandan ölkənin turizm sektoruna çox nəhəng sərmayələr yatırılıb. Xüsusilə də 2007-2013-cü illərdə Qusar, Qəbələ, Quba, Xaçmaz və Şəki rayonlarında, həmçinin Bakıda dəbdəbəli turizm infrastrukturu qurulub. Bunun müqabilində turizm sektorunda nə dəyişib?

Ölkəyə gələn xarici turistlərin sayı nəinki artmayıb, əksinə azalıb. 2011-2013-cü illərlə müqayisə etsək, 2015-ci ildə orta hesabla 15-20 faiz azalma var.

Regionlarda nə qədər çoxlu sayda mehmanxanalar tikilsə də, həmin obyektlərdə qalmaq istəyən əcnəbi turistlərin sayı artmaq əvəzinə, azalıb. Məsələn, 2010-cu ildə regionlardakı mehmanxanalarda əcnəbilər 170 min sutka üçün yer sifariş verdiyi halda, 2015-ci ildə bu rəqəm 130 minə enib.

Ümumiyyətlə, əgər 2010-cu ildə ölkə üzrə mehmanxanada qalan turistlərin gecələmə sayında regionların payı 41 faiz idisə, 2015-ci ildə həmin göstərici 37 faizə enib.

Ölkə turizminin ürəyi sayılan bir çox regionların turizm statistikası adamı dondurur. Istisna deyil ki, "gizli iqtisadiyyat”ın sehrli çubuğu öz işini görür. Əgər belədirsə, deməli, turizmə qoyulan milyardların ölkə iqtisadiyyatına faydası yoxdur və olmayacaq, ayrı-ayrı adamların cibinə işləyir. Yox, əgər bu rəqəmlər gerçəyə yaxındırsa, onda yenə də turizmin bir sektor kimi, ölkə iqtisadiyyatına faydasını gözləməyin mənası yoxdu. Konkret faktlara baxaq…

Hər kəsə məlumdur ki, Qəbələdə təkcə son 7-8 ildə 4-5 nəhəng mehmanxana yaradılıb, xizəksürmə ifrastrukturu qurulub. Amma statistika göstərir ki, bu rayonda mehmanxanalarda (həmçinin mehmanxana tipli gecələmə yerlərində) turistlərin sayı sürətlə artmaq əvəzinə, azalıb. Məsələn, 2010-cu ildə Qəbələdə belə məkanlarda qalanların sayı 24.3 min nəfər olmuşdusa, 2015-ci ildə 5.9 min nəfərə enib. Ən təəccüblüsü odur ki, 2015-ci ildə Qəbələdə mehmanxanaları seçən turistlərin içərisində 1 nəfər də olsun, əcnəbi olmayıb. 

Nəticə isə belədir: Qəbələ kimi turizm rayonunda 2015-ci ildə mehmanxanaların (həmçinin mehmanxana tipli yerlərin) ümumi gəliri 383 min manat olub. Amma, məsələn, turizm məkanı hesab edilməyən Kürdəmir rayonunda həmin müəssisələrin gəliri 1.3 milyon manata yaxın olub – yəni hökumətin ölkə turizminin qəlbi saydığı Qəbələdən az qala, 4 dəfə çox.

Başqa bir fakt. Bu gün ölkənin regionlarındakı gecələmə hesabı ilə götürəndə mehmanxanaların mümkün potensialının təxminən 94-95 faizi istifadə edilmir. Həmin göstərici yalnız Naftalanda 45 faizə yaxındır. Bu isə çox güman ki, həmin ərazidə olan insanlar üçün spesifik, başqa yerdə əldə edə bilmədikləri müalicə imkanının olması ilə bağlıdır. Bu fakt, həm də onu göstərir ki, Azərbaycanda istirahət və əyləncə turizminin potensialı müalicə turizminin potensialından çox-çox aşağıdır.

Qeyd: Yazı müəllifin "facebook” səhifəsindən götürülüb.