Qırmızı ləkə...

Qırmızı ləkə...

15-04-2019 14:09 / Bu xəbər 988 dəfə oxundu

Zərifə Novruz

Gənc qız hər gün olduğu kimi Dənizkənarı Milli Parka gəldi. Əlində simit, qulaqcıqla retro musiqilər dinləyir. Gözlərində hüzn var. Onun göz bəbəklərindəki dərinlik insanı uzaqlara aparır... 

Yavaş addımlarla dənizə tərəf gəlir. Daşın üzərində oturur. Bir yandan ləpə, bir yandan qağayıların səsi özünəməxsus melodiya təşkil edir. Əlindəki simiti xırda-xırda əzib qağayılara atır. Bu zaman üzündə təbəssüm yaranır. Kaş qağayıların dili olaydı, görəsən, nələr danışardılar? 

Ruhu çoxdan ölmüş xalqın dərdlərini qağayılar bizə söyləyərdilərmi? - deyə düşünürdü.

İçdən-içə dənizlə dərdləşməyə başladı, çünki onu dənizdən başqa heç kim dinləmirdi...

"Yalnızlık, yaşamda bir an,
Hep yeniden başlayan…
Dışından anlaşılmaz.
Ya da kocaman bir yalan,
Kovdukça kovalayan…
Paylaşılmaz”.

O, indi Özdəmir Asafın bu misralarını beynində canlandırırdı.

Birdən ondan bir az aralıda oturan  süpürgəçi qadın onun diqqətini çəkir.  Yaşlı qadın 55-60 yaşlarında olardı. Ağ saçları həfifcə üzünə tökülürdü. Özü boyda ağır süpürgəsi də yanında olan ağbirçək qadın dənizi seyr edir və hıçqıra-hıçqıra ağlayırdı. 

Gənc xanım yaxınlaşıb heç nə demədən salfeti ona uzatdı. Yaşlı qadın təəccüblə qızın üzünə baxdı.Axı bu vaxta qədər heç kim onun fərqinə varmamışdı. Süpürgəçilər - Bakının gözəgörünməz sakinləridir axı... 

Bu necə oldu? O məni necə görə bildi? - deyə qadın sual dolu baxışlarla qıza baxırdı. Bir az duruxdu . Sonra salfeti götürüb təşəkkür etdi. Göz yaşlarını sildi. Elə bu zaman qadının qabarmış, zəhmətkeş əlləri qızın diqqətini çəkdi. Qırışmış əllərində min bir yaşanmışlıq vardı sanki.Gənc qızın gözləri doldu, lakin qadına bildirməmək üçün özünü saxladı.Bir müddət sükunətdən sonra başladılar söhbətə. 

Gənc qız:
- Niyə ağlayırsınız?

Ağbirçək qadın susqunluğunu pozdu:
- Bu gün 27 mart onun ölümündən artıq 1 il ötür.
- Kimin?
- Cəmilənin... 

Hıçqırtı ilə ağlamağa davam eləyir. Çünki artıq susmağa taqəti qalmayıb. Hayqırmaq istəyir. Bu yer-göy, dəniz, Bakı səssiz hayqırışlarını eşitsin istəyir... 
- Cəmilə də mənim kimi süpürgəçi işləyirdi. O qanlı gündə yük maşını onu əzdi. Zalımın oğlu, içkiliymiş. Necə çarpıbsa Cəmiləyə... O elə yerindəcə keçindi.İki uşağı da yetim qaldı. Onun küçə boyunca axan qanı hələ də gözümün qabağındadır.

Qadının gözündən süzülən yaşlar səhralara belə seli gətirərdi. Qadın sözünə davam etdi:
- Qızım, bilirsən adama nə pis dəyir? Bu gün 1 il ötür o gündən. Amma heç kim Cəmiləni xatırlamır. Hamı unutdu onu. Ah, Cəmilə! Gün üzü görmədin, Cəmiləm!
- Bəs o sürücünü tutdular?
- Hə, qızım . Amma nə fayda? Cəmilələr çoxdu, qızım...
- Xala, axı siz pensiyaya çıxmalısınız. Bu yaşda bu cür ağır işə necə dözürsünüz?
- Qızım, pensiya yaşları artırıldı. Mənim yaşım düşmür hələ... 

O vaxta qədər yaşayarammı bilmirəm. Əlbəttə çətindi mənə. Amma əlacımız nədir? Çörək avarasıyıq. İşin ağırlığını qoyaq kənara. Qızım, bizi insanların alçaldıcı baxışları, biganəliyi incidir...

Onlar bir müddət susdular. Sükunətin səsini dinlədilər. Ağbirçək artıq rahatlamışdı. Susduqlarını dilə gətirmək ona sakitlik gətirmişdi. Özünü toparladıqdan sonra qıza onu dinlədiyi üçün təşəkkür edib sağollaşdı. Ağlamaqdan taqətdən düşən yaşlı qadın ağır süpürgəsini götürüb gözdən yavaş-yavaş uzaqlaşdı...

Gənc qız düşüncələrə qərq oldu: "Görəsən, nə vaxt Bakının "gözəgörünməz "sakinlərini duya biləcəyik? Günümüzdə hər kəs bir yerlərə tələsir. 
Bir anlığa durub özümüzə qayıtmalıyıq.  Bu təlaş içərisində özümüzü, bizi insan edən vicdanımızı unuduruq.

Bakının küçələri kimi insanları da boz rəngə bulanıb artıq. Ruhu ölmüş şəhərin göy qurşağı belə zövq vermir.

Süpürgəçi ağbirçəyin yanından ötüb keçən robotlaşmış insanlar onu "duymur”, "görmürlər”. Gözlərini qaçırdır, başlarını çevirib yollarına davam edirlər.
Pinokkio belə sonda insan olmağı bacardı. Bizlər isə hələ də...

Məgər Cəmilənin qanı bizim də əlimizə bulaşmayıbmı? Ruhu ölmüş, Bakı, sən yalnız qaranlıqda gözəl görünürsən mənə. Bər-bəzəkli işıqlarının arxasında gizlətmə, unutma, Cəmilələri!”