Qubad İbadoğlu çağırış etdi: "Virusu məktəbə buraxmayaq!"

Qubad İbadoğlu çağırış etdi:

29-02-2020 18:04 / Bu xəbər 1485 dəfə oxundu

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri Qubad İbadoğlu ictimaiyyətə müraciət edib.

O, "Virusu məktəbə buraxmayaq!" kampaniyasına start verildiyini qeyd edərək hər kəsi bu aksiyada aktiv olmağa çağırıb: "Bu günə olan məlumata görə, Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Artıq 1 nəfərdə koronavirus tapılıb, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb. Bu rəqəmlər hər gün artır. Odur ki, bir daha təklif edirəm: baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın. Bununla əlaqədar olaraq buraxılan dərslər buraxılan tədris ilinin sonuna əlavə olunsun".

"Eyni zamanda bu müddət ərzində məktəblər sanitar gigiyenik ekspertizan keçirilsin, dezinfeksiya olunsun, onların su təminatı yaxşılaşdırılsın, tualetlər təmir edilsin və ya yenidən qurulsun, əlləri yumaq yerləri sabun və digər gigiyenik vasitələrlə təchiz edilsin, qurulayıcı vasitələr quraşdırılsın, sanitar-gigiyenik tələblərə dair posterlər nəşr edilib siniflərdə yerləşdirilsin, müəllimlər təlimlərə cəlb edilsin", - Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə ciddi yanaşmalıdır: "Qanuna görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir. Gəlin birlikdə Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edək ki, kütləvi xəstəlik ehtimalının yüksək olması səbəbindən qabaqlayıcı tədbir kimi baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın. Virusu məktəblərə buraxmayaq # hashtag ilə kampaniya başlamağı təklif edirəm. Kampaniyaya qoşulun, paylaşın və dəstək olun".