"Qul bazarı"nın fəhlələri: "Aya 100 manat qazanmırıq"

06-12-2016 15:03 / Bu xəbər 1217 dəfə oxundu

"Hər günümüz belə keçir, aya 50-100 manatdan çox pul evə apara bilmirik". 

Bu sözlər "Papanin körpüsü" altında iş gözləyən fəhlələrə aiddir. Yol boyu müxtəlif təmir üçün avadanlıqlar düzən fəhlələr soyuq havada da toplaşaraq bir qarın ac, bir qarın tox iş gözləyirdilər. Amma nə iş var, nə də çörək. Mənimlə söhbətləşən fəhlələrin birinə "necə dolanırsız" sualını verdikdə, əlini cibinə atdı. Yumruğunu cibindən çıxarıb ovucunu açdı və qurudulmuş çörək qırıntılarını mənə göstərib dedi: "Qardaş evə üzüm yoxdur, pulsuz getməyə. İş axtarıram, amma nə iş var, nə də iş verən. Bu çörək qırıntılarını görürsən, bəzən axşama kimi bu çörək qırıntıları ilə dolanıram..." 

Balaca ocaq qurub istisinə yığışan fəhlələr elə bir-birinə baxıb deyirdi: "Ayə, bu ocaq da sönsə, necə duracağıq burda". Hərdən öz aralarında zarafat edirdilər, hərdən də dərin fikrə dalırdılar.Onlara yaxınlaşan adamlara ümidlə baxırdılar ki, birdən iş təklif edən olar. Amma bu soyuq havada körpünün altında yalnız onlar idi ki, saatlarla dayanırdılar. Hətta, onlardan biri mənə yaxınlaşıb dedi ki, qardaş nömrəmi götür, birdən iş olar, mən dam qırlayıram, baxma da birdən lazımın olsa canla-başla hazıram. Elə gördüklərimin təsiri altında Papanin körpüsünün altından 3-cü mikrorayon dairəsinə tərəf hərəkət etdim. 

Dairəyə çatmamış fəhlələrin sıra ilə düzülüşünü gördüm. Yaxınlaşıb vəziyyətlərini soruşdum. Soruşmaq məncə yersiz idi, çünki vəziyyət elə göz qabağında idi. İşsiz qalan fəhlələr bir-birilərinin üzlərinə baxıb keçirdilər. Sanki bu baxışlarla bir-bilərinə "bu axşam necə olacaq, evə nə aparacağıq" demək istəyirdilər. Donduqları üçün ciblərindən əllərini çıxarmırdılar. Qar və yağış dənələri üzlərinə dəysə də, gözləri müştəri axtarışında idi. Elə onlara uğurlar arzulayıb fəhlələrdən ayrıldım. Avtobusa minəndə isə insanlar avtobusun şüşəsindən onlara baxıb nəsə düşünürdü, elə bəlkə də mənim düşündüklərimi onlar da düşünürdü...

 

Arqument.Az