Qurbanəli Yusibov: "47 saylı dairənin nəticələri ləğv edilməlidir"

Qurbanəli Yusibov:

18-02-2020 23:22 / Bu xəbər 585 dəfə oxundu

47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədlər Qurbanəli Yusibov DSK-dan MSK-ya şikayət edib.

Bu barədə arqument.az-a Qurbanəli Yusibov məlumat verib.

"Bu gün yenə Mərkəzi Seçki Komissiyasında idim, "əlavə dəlil və sübutlarınız varsa, təqdim edin, sabah işinizə baxılacaq, iştirak etmək istəyirsizmi", -dedilər. Sabah saat 16:00-da MSK- da iclasda olacağam. Qeyd edim ki, seçkiqabağı və sonrakı pozuntulardan, 47 saylı Mingəçevir Seçki Dairəsindəki nəticələrdən, 14 məntəqədəki cinayət faktlarından, DSK- nın şikayətimiz haqda ədalətsiz 15 fevral qərarından MSK-ya etiraz vermişəm. Bu ikinci şikayətimizə də, qanun pozuntularına dair video/foto faktlar, aktlar, aktivlik vərəqləri və protokollar əlavə edilib", - o bildirib. 

"Sosial şəbəkələrdə Mingəçevirdəki pozuntular geniş yayılmayıb deyənlərə dostlarımız sayəsində artıq cavabımız var. Təkcə bir videomuza 100 mindən artıq baxış gəlib. Əgər, sadəcə, məntəqələrin ləğvi ilə məni sakitləşdirmək istəsələr, məhkəməyə müraciət edəcəyik. Bütün faktlar əlavə olaraq baş prokurorluğa da göndəriləcək", - Qurbanəli Yusibov deyib. 

O qeyd edib ki, 47 saylı Mingəçevir seçki dairəsinin nəticələri ləğv olunmalı, qanun pozuntularına yol verənlər layiqli cəzalandırılmalıdırlar: "Qeyd edim ki, dairəmizdəki 10 müstəqil namizəddən 8- i müxtəlif formatda müraciətlər etsə də, 14 məntəqədən faktlarla dairənin ləğvi üçün rəsmi qaydada şikayət verən və hüquqi prosedura uyğun işini aparan mən Qurbanəli Yusibov və İbrahim Salamovdur. Bundan başqa, bir namizəd ümumi olaraq (dəlillərsiz) şikayət verib, digəri isə cəmi 5 məntəqədən. Geri qalan namizədlər yalnız müraciətlər ünvanlayıblar. Onu da qeyd edim ki, biz digər 4 namizədlə birgə seçkilərin nəticələri elan olunduğu andan öz etirazımızı bildirmiş, tanımadığınızı bəyan etmiş, bütün aiddiyyatı qurum və şəxslərdən haqqımızı tələb etmişik. Hazırda MSK-da baxılan da, məhz mənimlə, İbrahim Salamovun Dairənin çıxardığı ədalətsiz qərardan verdiyimiz şikayətdir. Əgər sabah da, yenidən haqsızlığa uğuradılacağıqsa, məhkəməyə müraciət edəcəyik".   

"47 saylı Mingəçevir seçki dairəsinin YAP namizədi Aydın Mirzəzadənin xeyrinə saxtalaşdırdığı nəticələr ləğv olunsun. Başda dairə sədri Oktay Məmmədov olmaqla, qanun pozuntularına yol vermiş məntəqə sədrləri və digərləri layiqli cəzalarını alsınlar!", - namizəd qeyd edib.