"Qurd ürəyi” "yeyən" şairin evindən REPORTAJ

29-12-2015 23:15 / Bu xəbər 6587 dəfə oxundu

Onu çoxları tanıyır, şeirlərini əzbər bilənlər də çoxdur. Ötən həftə həbs olunması da ədəbi cameədə hadisəyə səbəb oldu. Amma onun haqqında "tannmış şair" ifadəsinin işlədilməsinə ağız büzənlər az olmadı. Söhbət tanınmış şair Saday Şəkərlidən gedir...

Bəs əslində kimdir Saday Şəkərli? 

- Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. Burada səkkizillik məktəbi bitirib. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil alıb(1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirib(1980-1985).

Bədii yaradıcılığa tələbəlik illərində başlayn şairin "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilib. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olub. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun Suvarma İdarəsində başlayıb. Sonra burada kiçik müəssisə təşkil edib. 1993-cü ildən Bakıda yaşayır. "Təbriz" nəşriyyatının direktoru işləyib. Üç övladı, iki nəvəsi var. 

Əsərləri: 

Дерево любви. Саратов: ПКИ, 1985, 48 стр. Torpağa oğul sözü. Bakı: Yazıçı, 1986, 66 səh. Məni soruşan olsa. Bakı: Təbriz, 1995, 62 səh. Alça çiçəkləyib. Bakı: Təbriz, 1996, 16 səh. Gecədən çıxan kimi (şeir və poemalar). Bakı: Təbriz, 1996, 208 səh. Gümüş şamın şöləsi. (başqırd dilində). Ufa: 2000, 48 səh. Ömrün yorğun kölgəsi (şeirlər və poemalar). Bakı: Elm və təhsil, 2009, 328 səh. Birİnci kitab. Bakı: Araz 2010, 214 səh. Музыка дождя. Москва: Новый век, 2010, 82 стр. Haydı. Vaşinqton: 2011, 84 səh. Ölümdən qayıdan. Təbriz: 2011, 90 səh. Atamdan qalan payız. İstambul: 2011, 104 səh. Qurd ürəyi. Bakı: Araz 2015, 232 səh. kitabları dərc olunub. 

Amma bu gün həm televiziyada, həm də bəzi saytlarda Saday Şəkərli haqqında həqiqətəuyğun olmayan məlumatlar yayımlayırlar. O üzdən dekabrın 23-də Vergilər Nazirliyinin binasında həbs edilən tanınmış şair Saday Şəkərlinin ailəsi ilə görüşmək üçün evlərinə yollandım. Məni əvvəlcə şairin 15 yaşlı oğlu Ərşah Şəkərli qarşıladı, birlikdə evə getdik. Bizi qarşılayan şairin həyat yoldaşı Aminə xanım "belə olmamalıydı" deyə ağladı. 

"Saday Şəkərli bu günə kimi kiməsə hədə-qorxu gələrək pul alıb ailəsini saxlamayıb. Həm televiziyada, həm də bəzi saytlarda Saday haqqında həqiqətəuyğun olmayan məlumatlar yayımlanır. Sadayın özünü aldadaraq iş qurmaq adıyla pulunu mənimsəyiblər. O, dörd il idi ki, məhkəmələrdə çəkişirdi. Məhkəmə pulun alınaraq bizə qaytarılmasına qərar çıxarsa da, təssüfflər olsun ki, bu günə kimi iş icra olunmur. Bu il bizim üçün çox çətin oldu: atamı itirdim, bunun ardınca Saday həm anasını, həm də qardaşını itirdi. İşsizlikdən də çox əziyyət çəkirdi. Hara gedirdi iş tapa bilmirdi. Əsəbləri korlanmışdı bu problemlərdən. Səkkiz aydı, evimizin kreditini də ödəyə bilmirik. Elə o, hədə-qorxuyla pul ala bilsəydi, gedib öz əliylə verdiyi pulunu alardı. O, romanına görə həbs edildi, bunu hamı bilsin", - bunu da həyat yoldaşı deyir.

Aminə xanım həmin günü belə xatırlayır: "Dekabrın 23 də "Qurd ürəyi” adlı romanından əlli nüsxə evə gətirdi. Həmin kitabın bir nüsxəsini Vergilər nazirliyinə də vermişdi. O, elə fikirləşirdi ki, onu nazirliyə çağırıb işsizliyi ilə bağlı ona köməklik edərlər".

- Axı bu kitabda nazirə təşəkkür edib, bu nəylə bağlıdır?

- O, təşəkkürü ona görə edib ki, nazir Fazil Məmmədova bir neçə dəfə kitab hədiyyə edib və nazir də ona bir neçə dəfə maddi köməklik göstərib. Həmən gün onun mobil telefonuna zəng gəldi və Sadaya gileyləndilər ki, bu nədi yazmısan? Sadayı telefonda hədələdilər. Saday da dedi ki, mən neyləmişəm ki? Bu avtobioqrafik romandı, burada mən öz həyatımı yazmışam. Bu söhbətlərdən sonra sağollaşdılar. 

"Gülə-gülə dedilər ki, şair gəl nazirliyə..."
 
- Sonra nə oldu bəs?

- Sadaya bir az sonra təzədən zəng gəldi və gülə-gülə dedilər ki, şair gəl nazirliyə! Saday da sevindi, dedi ki, çağırırlar gedim görüm mənə bir iş-filan düzüb-qoşarlar. Saday evdən çıxanda saat 5 idi. Dedim ki, oradan çıxandan sonra zəng vurarsan. Amma sonra mən zəng vurdum, zənglərimə cavab vermədi. Axşam saat 10 idi, qapı döyüldü. Ərşah qapını açdı və məni çağırdı. Gəldim gördüm ki, qapıda bir neçə nəfər polis var. Bir-iki nəfər də mülki geyimli şəxs var idi. Bunları görən kimi hiss etdim ki, Saday getdi. Gözümün qabağında 1937-ci il canlandı. Dedim ki, 1937-ci ildi bala? Gözümün qabağına Müşfiqin həbs olunması gəldi. Evimizdə axtarışa başladılar. Dedim ki, sizə nə lazımdı? Bura şair evidi, bəlkə, səhv gəlmisiniz? Dedi ki, biz beş şey axtarırıq: qızıl – zinət əşyaları, külli miqrdarda pul, silah, narkotik və bir də elektron ötürücüləri... Dedim ki, siz sadaladığınız predmetlərdən heç birisini mənim evimdə tapa bilməzsiniz. Evdə axtarışa başladılar. Dedilər ki, hanı onun sonuncu məqalələri? Nəyə yazırdı yazılarını? Protokol tətbiq edib kitablarının hər nüsxəsindən birini götürdülər, həmçinin "Qurd ürəyi” romanının bir nüsxəsini də götürdülər. Bundan başqa iki kompüter götürdülər. Bunlardan biri Sadayın, o biri isə kürəkənimindir. Kürəkənimin kompüterində ailəvi şəkillərindən başqa bir şey yoxdu. Mənə dedilər ki, biz gedirik bir saata Saday Şəkərli özü sizə zəng vuracaq. Axşam saat 3-də Saday zəng vurub dedi: "Mərd ol, mətin ol, mənim günahım olmaya-olmaya məni ilişdirdilər. Çox güman ki, kitaba görə məni tuturlar. Sən nə Dilbərdən, nə də Şükriyyədən artıq deyilsən. Sən də onların biri”.  
Səhəri gün təzədən iki nəfər gəldi və "Qurd ürəyi” romanının bütün nüsxələrini yığıb apardılar.

- Bəs orda nə baş verib, bilirsiniz?

- Sadaya orada on min pul veriblər, o da götürməyib. Şübhələnib ki, bu nəsə qurğudu. Deyiblər ki, götür şair, bir dərdinə verərsən! O da deyib ki, yaxşı qoyun çantama. Deyiblər ki, yox e, qoy ürəyinin başına biz də rahat olaq. Şair adamsan get, problemlərini həll elə. Bu da pulu alan kimi korrupsiyanın əməkdaşları girib içəri Sadayı həbs ediblər. Üç ay həbs-qətimkan tədbiri seçilərək Kürdəxanı həbsxanasına yollayıblar. 

Turan İbrahimov ATV-nin "Olaylar” verilişində yanlış məlumat yayaraq bildirir ki, bəzi dırnağarası şairlər kiməsə hədə-qorxu gələrək şantaj yolu ilə pul tələb edib. Turan İbrahimova demək lazımdı ki, bir şair o, boyda nazirə necə hədə qorxu gələ bilər?! 

Mən buradan cənab Prezidentə müraciət edib xahiş edirəm ki, şair Saday Şəkərlinin azadlığa buraxılması üçün göstəriş versin. Sadayın azyaşlı nəvələri - dörd yaşlı Nuray və altı yaşlı Xuraman, on beş yaşlı oğlu Ərşah və biz ondan çox nigaranıq. Belə əziz gündə hamı kimi biz də yeni ilimizi Sadayla keçirərdik...

Vasif Əlihüseyn
Arqument.Az