Rafael Cəbrayılov hökuməti tənqid etdi

Rafael Cəbrayılov hökuməti tənqid etdi

07-12-2016 15:26 / Bu xəbər 1408 dəfə oxundu

"Milyardlar xərclənsə də, ciddi uğurlar əldə edilməyib"

''Regionlar iqtisadi muxtariyyətə nail ola bilməyiblər''

"Azərbaycanda regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənsə də, bu sahədə ciddi uğurlar əldə edilməyib və kifayət qədər problemlər qalmaqdadır”.

Modern.az-ın xəbərinə görə, bunu deputat Rafael Cəbrayılov Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının yeganə optimal yolu regionların sosial-iqtisadi inkişafı prosesini sürətləndirilməsi və bu sahədə ciddi uğurların əldə olunmasına nail olunmasıdır:

"Düzdür, regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün bir sıra dövlət proqramları həyata keçirilib və bu proqram çərçivəsində çox böyük işlər görülüb, milyardlarla vəsait xərclənib. Amma etiraf etməliyik ki, bu qədər vəsait xərclənsə də, kifayət qədər uğurlar əldə edə bilməmişik. Bunun nəticəsidir ki, regionlarda problemlər qalmaqdadır. Hesab edirəm ki, regionların inkişafına nail olmaq üçün hökumət özəl sektoru bu prosesə ciddi surətdə cəlb etməli və normal münasibətlərə nail olmalıdır. Bunun üçün özəl sektora lazımi şərait yaradılmalı və lazım gələrsə, onlara güzəştli kreditlər verilməlidir”.

Rafael Cəbrayılov vurğulayıb ki, bu qədər dövlət proqramlarının həyata keçirilməsinə baxmayaraq, regionlar iqtisadi muxtariyyətə nail ola bilməyiblər:

"Deməli, bu sahədə uğurlar əldə edilməyibsə, yetərincə problemlər var və bu, həll edilməlidir. Məhz bunun nəticəsidir ki, regionlarımızın böyük əksəriyyəti dövlət dotasiyası hesabına dolanırlar”- deyə, millət vəkili bildirib.

Deputat seçildiyi Şirvan şəhərinin üzləşdiyi problemləri qaldıraraq, onun həlli üçün hökumətdən yardım istəyib.

Bildirib ki, Şirvan şəhəri tipik sənaye şəhəri olmasına baxmayaraq, burada işsizlik yüksək səviyyədədir:

"Sənaye şəhərində belə vəziyyət gələcəkdə ciddi fəsadlara yol aça bilər. Odur ki, hökumət bu məsələyə daha diqqətlə yanaşmalıdır”.

R.Cəbrayılov Şirvanda bir vaxtlar fəal olan futbol klubunun son vaxtlar maliyyə baxımından tamamilə dağılmasından narahatlığını bildirib və şəhərdə normal stadionun olmadığını qeyd edib: "İndi şirvanlılar futbol oynamaq üçün kilometrlərlə yol qət edib, Salyan rayonu ərazisindəki Qaraçala qəsəbəsindəki stadiona gedirlər”.