Ramana sakinləri etiraz edir

Ramana sakinləri etiraz edir

10-09-2018 18:53 / Bu xəbər 935 dəfə oxundu

Burada addımbaşı "satılır" elanlarına rast gəlmək olur. 

Ramanadakı Şuşa qəsəbəsinin ətrafında yaşayanlar tezliklə köçməyi arzulayırlar. Çünki qəsəbənin marşrut, yol, kanalizasiya və saymaqla bitməyən dərdləri var.

"Ermənilər küçəsidir bura? Nə bir kanalizasiya, nə işıq, nə qaz var. Belə olmur axı. Evdə iki əlil uşağım, nəvəm var. Mən nə etməliyəm? Mənə lazım idi ki, qonum-qonşu uşağımın yasına gəlib, yolumu düzəltsin? Qışda maşın sürülmürdü ki, meyiti aparıb basdıra bilsinlər. Bu, nə yaşayışdır?

"17 ildir kirayələrdəyəm. Ramanada kirayə qalmadığım ev qalmayıb. 3 uşaqdır, böyüyürlər, nə vaxta kimi kirayədə qalım? Burada torpaq aldım ki, bir balaca dam tikib yaşayım. Nə qazı var, nə işığı. Qaz xəttini, işıq dirəklərini yarıyacan çəkiblər. Biz abunəçiyik də, bunu dövlət çəkməlidir. Mən də işlətdiyimi ödəməliyəm. Daha cibimin xərci ilə çəkəcəkdimsə, nə edirdim burada yaşamağı?”.

Qəsəbənin ancaq bir marşrutu var. Yollarını da elə öz güclərinə asfaltladıqlarını deyirlər. Sakinlərin sözlərinə görə, bələdiyyə, icra orqanları bu vəziyyətdən xəbərdardır. Ancaq bir əlac etmirlər.

"Avropa oyunları başlamazdan əvvəl 214 nömrəli marşrut "Koroğlu” metrosundan keçib, "Vasmoy bazarı”na gedirdi. Avropa oyunları başlayandan sonra avtobus körpünün üstündən getdi. İndi də elə qalıb. "Koroğlu” metrosunda düşmək istəyən "Qara Qarayev”də düşməli olur. Bir marşrut xətti çəksinlər ki, camaat şəhərə də gedə bilsin. İki dəfə marşrut dəyişəndə 70-80 qəpik pul çıxır. Biz indiki zəmanədə nə qədər pul qazanırıq ki, o qədər yolpulu verək?”

Sakinlər payız-qış aylarının gəlməsini istəmirlər. Çünki yağışlar yağan kimi burada bataqlıq əmələ gəlir. Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov da mətbuata açıqlamasında bu ərazidə qrunt sularının səviyyəsinin yer səthindən qat-qat yüksək olduğunu söyləyib.

"5 ildir bura köçmüşük, bu 5 ildə elə bil qocalmışıq. Çox çətinliklə yaşayırıq. Həyətimizi uşaqlar qışda çəkib internetə qoyur. Qayıq lazımdır üzməyə”.

"Qışda buralardan qəti "sapok”suz, maşınsız keçmək olmur. Su basır buraları, hovuz kimi olur. Özümüz motor, şlanq alırıq. Bunu hamısı - bələdiyyə də bilir”.

Ramana sakinlərinin problemləri ilə bağlı qəsəbə nümayəndəliyinə, bələdiyyəyə zəng vurduq. Ancaq cavab almaq mümkün olmadı.

2014-2016-cı ilin Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramında qəsəbələrarası və məhəllədaxili yolların tikintisi və əsaslı təmiri, kanalizasiya sistemlərinin yaxşılaşdırılması göstərilib. Sakinlərsə illərdir kanalzasiya, yol problemindən əziyyət çəkdiklərini deyirlər.///Meydan.tv