Ramiz Həsənov yoxlamaları bərpa etməyə çalışır - komitə sədrindən ilginc əsaslandırma

Ramiz Həsənov yoxlamaları bərpa etməyə çalışır -  komitə sədrindən ilginc əsaslandırma

29-06-2016 13:50 / Bu xəbər 797 dəfə oxundu

Artıq bir neçə aydır Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SPMDK) sahibkarlıq obyektlərində apardığı yoxlamalar kəskin məhdudlaşdırılıb. Bu isə komitə əməkdaşlarının ürəyincə deyil.

Vəziyyətdən ən çox narazı qalan isə SPMDK sədri Ramiz Həsənovdur. Qaynarinfo.Az-ın məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, o, hökumət dairələrini inandırmağa çalışır ki, rəhbərlik etdiyi qurumun təftişlərinin dayandırması bir sıra sahibkarların geniş əl-qol açmasına və vətəndaşlardan bazara çıxarılan mal və məhsulların keyfiyyəti ilə bağlı daxil olan şikayətlərin artmasın agətirib çıxarıb.  Elə bunu əsas gətirən komitə sədri SPMDK-nın yoxlamalara başlamasına icazə verilməsini istəyir. 

Mənbənin əldə etdiyi məlumata görə, hazırda ancaq Vergilər Nazirliyi əvvəlki qaydada yoxlamalar aparmaq səlahiyyətinə malikdir.

Digər qurumlara, o cümlədən, SPMDK-ya, Şahin Mustafayebin rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə xüsusilə sahibkarlıq subyektlərində yoxlamaları dayandır barədə qeyri-rəsmi göstəriş verilib. 

Nəticədə həmin qurumların əməkdaşları çətin vəziyyətdə qalıblar. İndiyədək bu cür yoxlamalar onlara gizli qazanc imkanı tanıyırdı. Hazırda isə həm Ramiz Həsənov, həm də Şahin Mustafayevin işçiləri əsasən maaşla, eyni zamanda ara-sıra apardıqları təftişlər zamanı onlara edilən "görüm-baxım”la kifayətlənməli olurlar.

Qeyd edək ki, Ramiz Həsənov üç ay öncə sahibkarların fəaliyyəti ilə bağlı sahələrdə yoxlamaların ləğvi məsələsi ilə bağlı danışarkən demişdi ki, bütün ölkələrdə istehsalata, bazara dövlət nəzarəti var: "Ancaq ölkəmizdə bu, başqa bir forma daşıyırdı. Yersiz yoxlamalar həddindən artıq çox idi. Prezident İlham Əliyev yoxlamalar sahəsində müvafiq dəyişikliklərin aparılması, xarici təcrübələrin öyrənilməsinə dair tapşırıqlar verib. Tək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi deyil, həmçinin yoxlayıcı orqanlar da bu məsələnin üstündə işləyirlər. İslahatlar olacaq, bununla bağlı təkliflər hazırlanıb. Təbii ki, yaxın zamanlarda yeni qaydalar qəbul ediləcək. Mən ümumiyyətlə planlı yoxlamaların əleyhinəyəm. Çünki məlum tarixdə hansısa şirkətdə yoxlamaya gedirsənsə, artıq həmin insanlar buna hazırlıqlı olurlar. Bu baxımdan da hesab edirəm ki, nəzarət sistemi bazar vasitəsilə təkmilləşməlidir. Yəni istehlak bazarında olan məhsulları alırıq, yoxlayırıq və nəticəyə əsaslanıb kiminsə qapısını döyə bilərik".  

Bu açıqlamanın üstündən xeyli vaxt keçməsinə baxmayaraq, yoxlamalarla bağlı hansı yeniliyin edildiyi məlum deyil. Sadəcə, o məlumdur ki, Həsənovun komitəsinə sahibkarlıq fəaliyyətlərinin yoxlanılması yönündə qadağa qüvvədə qalır. Komitə sədri isə bu qadağanın keyfiyyətsiz mal və məhsulların bazara ayaq açmasına, istehlakçıların durumdan ciddi şəkildə şikayətçi olmasına yol açdığını əsas gətirərək, aradan qaldırılmasını istəyir. 

R.Həsənovun əsaslandırması nə qədər inandırıcı qəbul ediləcək və SPMDK sahibkarlıq fəaliyyətlərini yoxlamağa nə zaman başlaya biləcək? Bu sualın cavabı isə hələlik açıq qalır.   

Arqument.Az