Rayon sakinləri: "Cəlilabad təhsilində özbaşınalıq var"

Rayon sakinləri:

30-09-2018 09:35 / Bu xəbər 1769 dəfə oxundu

Cəlilabad rayonunda etiraz aksiyası gözlənilir.

Bu barədə paytaxt.org-a rayon müəllimləri məlumat veriblər.

Buna səbəb isə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Hafiz Cavadovun bir qrup müəllimi işdən uzaqlaşdırması, həmçinin məktəblərdən pul toplanmasıdır.  

Onlar bildiriblər ki, bu barədə  ölkə başçısına və Baş prokurora müraciət edəcək, qanunsuzluğa son qoyulmazsa, Prezident Adminstrasiyasının qarşısında da aksiya keçirəcəklər: "Cəlilabad təhsili sahibsiz qalıb. Regional idarə də problemlərlə maraqlanmır. Hafiz Cavadov 129 məktəb direktorunu çağırıb deyib ki, kiçik məktəb direktorları 3 min, böyük məktəb rəhbərləri isə işdə qalacağı halda 5 min verməlidir. Bu pulları da direktorlar gəlib bizdən yığır. Əks halda, məktəbə komissiya göndəriləcəyi ilə bizi hədələyir. Rayonda özbaşınalıq sərhəd tanımır".

Müəllimlər təhsil şöbəsindəki rüşvətxorluqdan da bəhs ediblər: "Müqavilə ilə işləyən və ayda 300 yüz manata maaş alacaq müəllim müdirə mütləq əvvəlcədən 1000-1400 manat "şirinlik" verməlidir. Direktorlardan ayda 300-500 manat və müqavilə ilə işləmək istəyən hər müəllimdən alınan 1300 manat pullar isə rayon İcra hakimiyyətinə verilir. Müdir də deyir məlum adama verirəm, kimdir məlum adam?"

Şikayətçi ziyalılar iddia edirlər ki, Hafiz Cavadov kənd və rayon məktəblərində sinif komplektləri açdıraraq 1300 manat qarşılığında parallel siniflərin yaradılmasını da təşkil edir: "Yeni dəyişikliyə görə, indi artıq "aylıqlar" inzibati ərazi üzrə bir neçə direktor tərəfindən yığılaraq mərkəzə gətirilir. Əvvəllər kontingentindən aslı olaraq kiçik məktəblər 200, böyük məktəblər 500 verirdisə , indi 300-600 manat hesab qoyulub".

H. Cavadov isə mediada və sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirməyib.