Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır"

Rayon sakinləri:

04-08-2018 10:50 / Bu xəbər 2563 dəfə oxundu

"Üç kəndin suyunu aparıb bizi köçmək məcburiyyətində qoyurlar"

Bunu Toplum.Tv-yə Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri deyiblər.

Onlar problemlə bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də dövlət qurumlarına müraciət ediblər. 

Onlar bildirirlər ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov zorla kəndlərinə yaxın və üç kəndin istifadə etdiyi bulağın suyunu qonşu Şingədulan kəndinə, eləcə də icra başçısın müavini Habil Məlikovun kəndinə - Kürdəsərə aparırlar.

"Zorla aparırlar, şikayətlərə də reaksiya yoxdur"

Prezidentə ünvanlanan müraciətdə deyilir ki, iki məmur - Rövşən Bağırov və Qorxmaz Hüseynov bu kəndlərdən qisas alır. Bunun da səbəbi bu iki məmurla bağlı edilən şikayətlərdir.
 
Biləvər kənd sakini İbrət Azadov məlumatı Toplum.Tv-yə təsdiqləyib. O deyib ki, dəfələrlə prezidentə və dövlət qurumlarına müraciət edilib, ancaq şikayətlərə reaksiya verilmir: "İcra başçısı Rövşən Bağırov və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bizi susuz qoymaqda israrlıdırlar. Şingədulan kəndində üç su mənbəyi var. Bundan əlavə, kəndin yanından "Alaşar" çayı axır. Daha böyük su ehtiyatına malik Əvilə çayı da Şingədulandan uzaqda deyil. Amma icra başçısı və Qorxmaz Hüseynov israrla 15 km-lik məsafə olmasına baxmayaraq, suyu aparır və bizi susuz qoyurlar".
 
Biləvər kənd sakini İbrət Azadov 
 
"Bizim məktublarımızı əngəlləyən kimdir?"

"Artıq bir maşın su borusu gətirib Mulalan kəndində töküblər. Bu da onu göstərir ki, icra başçısı bizim suyu zorla aparmaq niyyətindədir. Bu zülmə son verin. Bizim Sizə və Prezident Adminstrasiyasına etdiyimiz mürciətlərə cavab verilmir. Bir neçə gün öncə Prezident Adminstrasiyasında rayonumuz üzrə kurator olan şəxs də rayona gəlib, amma bu qədər narazlıq və şikayətimizə baxmayaraq, bizimlə görüşməyib. Bizim məktublarımızı əngəlləyən kimdir? Rövşən Bağırovu belə himayə edən kimdir ki, bizim Sizə yazdığımız məktubları əngələyirlər? İzah edən də yoxdur ki, Rövşən Bağırovla Qorxmaz Hüseynovun bizimlə davası nədir? Nədir bu qərəzin və hikkənin səbəbi? Niyə daha böyük su hövzəsi və ehtiyatı olan Əvilə çayından su çəkmirlər? Niyə 4 km məsafədə olan "Şərətük" çayından su çəkmirlər?"  - prezidentə ünvanlanan müraciətdə deyilir. 


"İcra başçısı bizi qəbul etmir, dinləmək istəmir"

Kənd sakinləri deyiblər ki, bu su aparılacaqsa, onlar bu ərazilərdən köçmək məcburiyyətində qalacaqlar: "Prezidentə yazmışıq ki, siz dəfələrlə məmurların vətəndaşları incitməməsi ilə bağlı tapşırıq vermisiniz. Bəs bizim səsimizə niyə səs verən yoxdur? 1200-dən çox sakini olan bu kəndlər hara köçsün? Bizə deyirlər ki, yazmayın. Yaxşı, yazmırıq, dayanırıq. Onda siz də bizdən əl çəkin, suyumuza toxunmayın. Axı bu suyun getməsi 20 hektardan çox meşənin məhv olmasına gətirib çıxaracaq. Yaxşı, Ekologiya Nazirliyi niyə səsini çıxarmır? Nazirliyin rayon şöbəsinin müdiri deyir ki, Qorxmaz Hüseynovla Muxtar Babayev yaxın dostdur, artıq məsələ həll olunub. Yaxşı, bəs biz kimdən kömək istəyək? Lerikin deputatı İqbal Məmmədov deyir ki, mən Qorxmaz Hüseynovla bir yerdə işləmişəm, dostuq. Bir "dost şəbəkəsi" birləşib Sizin Lerikin su təminatı üçün ayırdığınız 1 milyon manatı bizim suyu aparmaqla silmək istəyir?"

Sakinlər deyiblər ki, ölkədə müraciət etmədikləri qurum qalmayıb, amma hələ də nəticə yoxdur. Onlar ölkə başçısında bu məsələyə əncam çəkməyi xahiş ediblər. 

Müraciəti isə aşağıdakı şəxslər imzalayıblar: 





İyunun 27-də rayon sakinləri "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə gəliblər. Qurumdan bildiriblər ki, məsələ araşdırılır: "Həmin mənbəyə də, digər mənbələrə də baxış keçiririk. Hansı mənbə uyğun olsa, oradan su götürəcəyik”.

İcra başçısının müavini: "Su dövlətindir, kimə istəsə, satar”

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə Meydan TV-yə açıqlamasında bidirib ki, su dövlətə məxsudur: "Su dövlətindir, kimə istəsə satar. Dövlətin ərazisindəki yeraltı və yerüstü sərvətlər dövlətə məxsusdur”.