REAL-a yenə "yox" deyildi

REAL-a yenə

29-11-2017 02:40 / Bu xəbər 209 dəfə oxundu

Respublikaçı Alternativ Hərəkatı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatın qurultayla bağlı müraciətinə cavab vermədiyini deyir. 

Hərəkatdan Toplum.tv-yə bildiriblər ki, ReAL-ın qurultay üçün nəzərdə tutduğu yerlərdən biri Əmircan qəsəbəsindəki Mədəniyyət Evidir, ancaq Təşkilat Komitəsinin Mədəniyyət və Turizm Baş İdarəsinə ünvanladığı müraciət cavabsız qalıb. 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev isə Toplum.tv-yə açıqlamasında REAL Hərəkatının qurultayla bağlı sorğusuna yazılı cavab verdiklərini deyib. 

Nazim Əliyev bildirib ki, qurum REAL-ın qurultayına yer ayırmaqdan imtina edib, çünki özlərinin hər gün tədbirləri olur: "İlin əvvəlindən tədbirlər planına uyğun olaraq hər gün öz tədbirlərimiz olur. Öz işimizi buraxıb nəsə başqa işlə məşğul ola bilmərik. Biz dövlət qurumuyuq”.

ReAL ilk dəfə oktyabrın 29-da qurultay keçirilməsi üçün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət etmişdi. Təşəbbüs Qrupu "Təbriz” və "Bakı” kinoteatrlarında və ya Bəhlulzadə adına Mədəniyyət Sarayında qurultay keçirilməsini istəmişdi. 

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi müraciəti rədd edərək bildirmişdi ki, təsis qurultayından ötrü istənilən məkanlardan "Təbriz” və "Bakı” kinoteatrları baş idarənin balansında deyil. Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi olacaq.

ReAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki azadlığa buraxılmayıb.