REAL mitinqdə iştirak etməyəcək

REAL mitinqdə iştirak etməyəcək

05-03-2018 19:18 / Bu xəbər 1346 dəfə oxundu

REAL hərəkatı Milli Şuranın sədri Cəmil Həsənlinin mitinqlərdə birgə iştirakla bağlı çağırışına cavab verib.

Arqument.Az xəbər verir ki, REAL-ın yaydığı məlumata görə, təşkilat Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək: 

"Sərbəst toplaşmaq hüququ xalqın, vətəndaşların fundamental, konstitusiyada təsbit olunmuş hüquqlarından biridir. Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var.

REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir, elə bu dəfə də cox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşklatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərimizin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxacaq. 

Xatırladırıq ki, REAL digər  siyasi məhdudiyyətlərlə yanaşı, prezidentliyə namizədi və İlham Əliyevin əsas rəqibi olan İlqar Məmmədovun qanunsuz şəkildə həbsdə saxlanıldığına və artıq ikinci dəfə Prezident seçkilərində iştirakına süni maneələr yaradıldığına görə bu seçkidə iştirakdan imtina edib.  

Bu səbəblə REAL legitimliyi şübhə doğuran bu seçkidə strateji məqsədlərimizlə üst-üstə düşən alternativ metodlardan istifadə edəcək və seçki nəticələrinin cəmiyyət tərəfindən qəbul olunmaması üçün ardıcıl addımlar atacaq. 

REAL təşkilatı olaraq bu seçkilərin öncəsi, seçki günü və seçkidən sonrakı proseslər haqqında həm ölkə, həm də beynəlxalq ictimayəti məlumatlandırmaq, həqiqətləri bəyan etmək üçün fəaliyyət planı qəbul edib, həyata keçirəcək".