REAL-ın 2018-ci il seçki planları: Natiq Cəfərlidən AÇIQLAMALAR

REAL-ın 2018-ci il seçki planları: Natiq Cəfərlidən AÇIQLAMALAR

24-09-2017 13:16 / Bu xəbər 2601 dəfə oxundu

İcraçı katib İlqar Məmmədovun da  mövqeyini  çatdırır...

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli, Toplum Tv-nin 2018-ci il prezident seçkiləri ilə bağlı suallarını cavablandırıb.

- 2009-cu ilin yanvar ayından REAL Hərəkatının partiyaya çevrilməsi prosesi gedir. Yekun nə zaman olacaq?
- Bizim ilk gündən cəmiyyətə verdiyimiz mesaj bundan ibarət olub ki, formallıqdan kənar, insanların gözləntilərinə cavab verə biləcək və insanların yeni yanaşma ortaya qoya biləcəyi siyasi təşkilat qururuq. Formallığa qalsa, Azərbaycan qanunvericiliyinə görə çoxdan 1000 nəfərin ərizəsini alıb, Ədliyyə Nazirliyinə müraciət edib, qeydiyyatla bağlı prosedura başlada bilərdik. Əmin də deyilik ki, qeydiyyat baş tutacaq. Ən azından bu formal tərəfi gerçəkləşdirə bilərik. Üzvlərimizin sayı da qanunun tələbindən dəfələrlə çoxdur. Amma bizim qayəmiz, əsas istəyimiz odur  ki, ilk gündən təbii, orqanik bir proses kimi cəmiyyətdə nüfuzu olan şəxslərin, vətəndaşlarla işləyərək onların siyasi aktivliyini artıra biləcək, yeni yanaşma və  yeni siyasi baxışları, həmçinin proqram sənədlərimizdə yazılan hədəfləri insanlara izah edə biləcək regional komandalar formalaşdıraq. 

- İki il az vaxt deyil, nələrə nail olmusunuz? 
- Hədəfimiz 21 bölgədə məclisimizin formalaşması idi. Demək olar, bu proses bitir, sadəcə, 2 məclisin formalaşması qalıb. Bakı, Abşeron və Sumqayıtda məclislər uzun müddətdir ki, fəaliyyət göstərir. Hətta biz çalışırıq ki, onlar mərkəzə bağlı yox, avtonom şəkildə, özləri müzakirələr açmaqla fəaliyyət göstərsinlər. Regional liderlərin yaranmasına səbəb olsunlar. Yəni bu proses gedir və qısa bir zamanda yekunlaşacaq. Çox güman ki, rəsmi müraciətimiz olacaq. Bir daha təkrar edirəm, rəsmi müraciətə müsbət cavab alacağımızı düşünmürük. Belə bir illüziyamız da yoxdur. 

- Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, İlqar Məmmədov azadlığa buraxılmasa, REAL-ın B planı nə olacaq?
- Əslində, 2018-ci il prezident seçkilərinə qədər İlqar Məmmədovun azadlıqda olacağını düşünürük, ümid edirik. Nazirlər Komitəsi də növbəti qərarını açıqlayıb. Burada oktyabr ayının sonuna qədər İlqar Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarın yerinə yetirilməsi tələb olunur. Səhv etmirəmsə, 8-ci belə qərardır. Bu dəfə sərt şərtlər qoyulub və bəlli müddət təyin edilib. Ümid edirik ki, bu problem tezliklə həllini tapacaq. Avropa Məhkəməsinin qərarı yerinə yetiriləcək və İlqar azadlıqda olacaq. Biz buna çalışırıq və böyük ümid bəsləyirik. Amma Azərbaycan reallıqlarını da nəzərə alsaq, İlqar Məmmədovun azadlığa buraxılmadığı təqdirdə REAL seçkilərdən kənarda qalmayacaq, seçkilərdə iştirak edəcək. Bu, hər hansı formada öz namizədi ilə də ola bilər, müəyyən siyasi qrup və maraq dairələrinin ortaq namizədi ilə də ola bilər. Amma hələ ki bizim əsas strategiyamız İlqar Məmmədovla seçkiyə getməkdir. Əminik ki, bu seçkiyə İlqar Məmmədovla getmək Azərbaycanda yeni bir siyasi situasiyanın, seçkiyə yeni bir marağın yaranmasına səbəb olacaq amilə çevriləcək.

- İlqar Məmmədov azadlığa buraxılsa belə, onun məhbus olması, seçkilərdə təmsil olunmaması üçün hər hansı bəhanəyə əsas ola bilərmi?
- Azərbaycan reallığında hər şey ola bilər. Amma Avropa Şurası və Avropa Məhkəməsinin qərarı tam yerinə yetirilsə, qərarda İlqar Məmmədov hüquqi məsuliyyətdən tam azad olunması və kompensasiyanın tam ödənilməsi nəzərdə tutulur. Yəni İlqar Məmmədova qarşı irəli sürülən bu ittihamlar ləğv edilməlidir. Ümid edirik ki, verilmiş qərara sonunacan əməl olunacaq və bütün hüquqi maneələr aradan qaldırılacaq. 

- Əgər 2018-ci il seçkilərində hökumətə alternativ müxalif qanad, vahid namizəd üzərində razılaşarsa, ReAl bu prosesə dəstək olacaqmı?
- İndidən bu barədə danışmaq tezdir. REAL-ın illərdir ki, "net” mövqeyi var. ReAl bu mövqeyi 2013-cü il prezident seçkilərində də, 2015-ci il parlament seçkilərində də bəyan edib. Biz şəxslərin deyil, dəyərlərin ətrafında birləşirik. Hər hansı bir formada proqramın ətrafında birləşməyi daha məqsədə uyğun sayırıq. Çox təəssüf ki, Azərbaycanda bu gün də lider dedikdə şəxs nəzərdə tutulur. Halbuki, lider artıq 21-ci əsrin siyasətində funksiyadır. Həmin məqamda, işlək proqramı yerinə yetirə biləcək, hər hansı formada ölkənin dəyişiklikləri yerinə yetirə biləcək formada imici olan belə bir şəxs, komanda ortalığa çıxa bilsə, təbii ki, REAL Azərbaycanda bütün siyasi qrup və təşkilatlarla danışığa, müzakirələrə hər zaman açıq olub. Hətta 2013-cü ildə Milli Şura yarananda ReAl yeganə təşkilat idi ki, Şuranın ideyası ilə bağlı 7 dəfə görüş keçirmişdi. Bizim o vaxt və indi də səsləndirdiyimiz ana xətt ondan ibarət idi ki, şəxsin deyil, proqram və komandanın ətrafında birlik modeli qurmaq olar. O zaman sonradan modelin dağılmasını da görməzdik. Çox təəssüf ki, Azərbaycan dəfələrlə belə birliklər qurulub,  sonra  isə dağılıb. Ona görə də, əgər dediyimiz çərçivədə, komanda, ideya və proqramı ilə cəlbedici ola biləcək bir şəxs və ya siyasi qurum olacaqsa, məmnuniyyətlə həmin təşkilat və şəxslərlə danışıqlar apara bilərik. 

- İlqar Məmmədovla seçkilər barəsində müzakirə aparılıbmı? Onun şəxsi mövqeyi hansı yöndədir?
- İlqar Məmmədovun dəfələrlə səsləndirdiyi mövqe ondan ibarətdir ki, qeyri-qanuni həbs sona çatacaq və 2018-ci ildə seçkilərdə əsas namizədlərdən biri, bəlkə də, birincisi olacaq.

Gülzar N. Məmmədli
Toplum Tv