''ReAL növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacaq''

''ReAL növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacaq''

05-02-2018 17:19 / Bu xəbər 904 dəfə oxundu

''ReAL növbədənkənar prezident seçkilərinin nəticələrini tanımayacaq''

''Bu, legitimliyi şübhə doğuran bir addımdır''

Respublikaçı Alternativ (ReAl) növbədənkənar prezident seçkilərinin elan edilməsini tələsik və arxasında heç bir ciddi əsasın göstərilmədiyi addım kimi qiymətləndirir. 

Bu barədə ReAL hərəkatının fevralın 5-də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən sərəncam verilərək ölkədə aprelin 11-də növbədənkənar prezidenti seçkilərinin keçirilməsi barədə sərəncamına münasibət bildirən bəyanatında deyilir http://www.realpartiya.org/position/72/respublikaci-alternativ-teskilatinin-erken-prezident-seckilerinin-elan-edilmesi-ile-bagli-movqe-senedi

Bəyanatda qeyd edilir ki, demokratik ölkələrdə növbədənkənar seçkilərin çağırılması üçün istifadə edilən əsasların heç biri hazırda mövcud deyil və bu İlham Əliyevin vaxtından əvvəl yenidən eyni vəzifəyə yiyələnməsi üçün atılmış legitimliyi şübhə doğuran bir addımdır.

"Bu, hakimiyyətin 2016-cı ildə həyata keçirdiyi hüquqazidd Konstitusiya dəyişikiklərinin davamıdır. Növbədənkənar seçkilərin elan edilməsi ilə Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün onsuz da məhdud vəziyyətdə olan imkanlar bir az da məhdudlaşdıırlmış oldu”.

Bəyanat müəllifləri hesab edirlər ki, belə məhdudiyyətlərdən biri ReAl sədri, prezidentlik postuna əsas alternativ namizəd olan İlqar Məmmədovun 2013-cü ildən, yəni ötən Prezident seçkilərdən əvvəl həbsdə olmasıdır. 

"Bundan başqa, çoxsaylı jurnalist və bloggerlər siyasi motivlərlə həbsdədirlər, alternativ informasiya mənbələri hakimiyyət tərəfindən yox səviyyəsinə çatdırılıb, mövcud olanların üzərinə total hücumlar var, həmçinin sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi basqılar mövcuddur. Məhz bu basqılar nəticəsində ReAl-ın təsis qurutayı keçirərək siyasi partiyaya çevrilməsinə hakimiyyət tərəfindən ciddi maneələr yaradılmaqdadır”.

ReAL hərəkatı hesab edir ki, növbədənkənar seçkilərin elan edilməsinin ağlabatan səbəbləri izah edilməyəcəksə, yuxarıda qeyd edilən və qeyd edilməyən digər məhdudiyyətlər aradan qaldırılmayacaqsa, azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlər təmin edilməyəcəksə bu seçkilər legitim ola bilməz və seçki prosesi ümumilikdə "pis hazırlanan teatr tamaşası”ndan başqa bir şey olmayacaq.

"ReAl yuxarıda qeyd edilən şərtlərin və İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq və seçiciləri bu tamaşada iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək!”///Meydan Tv