ReAL qurultayını Müsavat Partiyasının qərargahında keçirəcək

ReAL qurultayını Müsavat Partiyasının qərargahında keçirəcək

13-12-2017 17:11 / Bu xəbər 876 dəfə oxundu

I Təsis Qurultayı dekabrın 17-də baş tuta bilər

Respublikaçı Alternativ Partiyasının (ReAL) I təsis qurultayı Müsavat Partiyasının qərargahında keçiriləcək.

Təşəbbüs Qrupunun yaydığı məlumatda deyilir ki, Müsavat Partiyasına ünvanlanan müraciətə müsbət cavab verilib. Beləliklə, Respublikaçı Alternativ Partiyasının I Təsis Qurultayı dekabrın 17-də Müsavat Partiyasının qərargahında yerləşən zalda keçiriləcək.

Partiya I Təsis Qurultayını bu ilin oktyabr ayının 29-da keçirilməsi ilə bağlı qərar vermişdi. Bununla bağlı Bakı şəhərində yerləşən 4 və 5 ulduzlu otel və özəl obyektlərə partiya qurultayının keçirilməsi üçün yerin ayrılması (bir günlük kirası) xahişi ilə müraciət etmişdi. Lakin müraciət olunan özəl yerlər siyasi partiya tədbirlərinə yer verməkdən imtina ediblər. 
Bunu nəzərə alan Təşəbbüs Qrupu Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanmışdı. Hər iki qurum cavab məktublarında qurultayın keçirilməsi üçün onlarda uyğun yerin olmadığını əsas gətirərək, yer ayırmaqdan imtina etmişdilər.

"Biz, partiya olaraq ideyalarımızı hakimiyyətə daşımaq əzmindəyik. Cümhuriyyət dəyərlərini paylaşan və bu yolu bizimlə birgə getmək istəyən vətəndaşlarımızı Azərbaycan Respublikaçılarının yeni qurulacaq Partiyasına dəstək verməyə çağırırıq!” – Təşəbbüs Qrupunun məlumatında qeyd olunur.