Regionların inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı olacaq

Regionların inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı olacaq

29-01-2018 20:00 / Bu xəbər 687 dəfə oxundu

Qubad İbadoğlu: ''Regionlar işsizlikdən, aclıqdan və səfalətdən əziyyət çəkir''

Heydər Əliyev Mərkəzində yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Konfransda çıxış edən prezident İlham Əliyev bildirib ki, regionların inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb və qarşıda duran vəzifələr icra edilib.

Prezident "Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı”nın icrasına başlanılacağını deyib:

"Bu proqramların həyata keçirilməsi regionların inkişafında dönüş yaradıb. 2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitlik təmin edilib, bunun da mənbəyində xalqın iradəsi, xalq-iqtidar birliyi durur. Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir”.

Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub

Ölkə başçısı son 14 ildə Azərbaycan əhalisinin 1,5 milyon nəfər artdığını deyib:

"İqtisadiyyat 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Ölkədə 30 elektrik stansiyası tikilib. Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. 

Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300  km yol çəkilib. Bu il bu rəqəm 15 min km-ə çatdırılacaq. Bundan əlavə, ölkədə 7 aeroport, Ələt Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu inşa olunub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb. Bütün bunlar ölkəmizə siyasi, iqtisadi müstəqillik verib”.

Yeni iş yerlərinin açılmasının daimi proses olması vacibdir

İlham Əliyev gələcək planlardan da danışıb:

"Bu il yeni torpaq sahələri suvarılacaq, avtomobil yolları çəkiləcək: "6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman kompleksi tikiləcək, 3 "ASAN Xidmət” mərkəzi, xalça fabrikləri açılacaq, yeni sənaye müəssisələri fəaliyyətə başlayacaq. Yeni iş yerlərinin açılmasının daimi proses olması vacibdir. Özünüməşğulluq, həmçinin ailə biznesinə "Asan dəstək”, "Abad proqramı” əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, həm də ölkədə dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı işlər görülür”.

İşsizlik, yoxsulluq yüksək həddədir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-yə deyib ki,  2004-2017-ci illərdə, yəni 13 il ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı layihələrə 62 milyard 800 milyon manat xərclənib.  2004-cü ildən bugünədək hər il dövlət büdcəsindən bölgələrin inkişafı məqsədilə təxminən 5 milyard manat ayrılıb. "Rəsmi məlumatlarda da bildirilir ki, təkcə 2004-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı məqsədilə bütün mənbələrdən 50 milyard 700 milyon manat vəsait sərf edilib (həmin dövr üçün təxminən 60 milyard dollara yaxın). 2014-cü ildə əlavə olaraq, 4,5, 2015-ci ildə 3,6, 2016-ci ildə isə 4 milyard manat vəsait ayrılıb. Bu, kifayət qədər böyük vəsaitdir. Buna baxmayaraq, bölgələrdə nəinki inkişaf gedib, işsizlik, yoxsulluq yüksək həddədir. 62,8 milyard manat vəsait nə deməkdir? 66 rayonun hər birinə orta hesabla təxminən 1 milyard vəsaitdir. 1 milyard 13 il ərzində bir rayonun nəinki inkişafı, hətta onun çiçəklənməsi, şəhərə çevrilməsi üçün kifayət idi. Xərclənən vəsaitlərin hesabına ən çox qazanan dövlət büdcəsi olmalı idi. Ancaq 2018-ci ilin büdcəsində yerli gəlirlər 3,23 faizdir. 2018-ci ilin dövlət büdcəsinə yerli vergilər hesabına 650 milyon manat daxil olması proqnozlaşdırılır. Bu pul 62,8 milyard manat vəsaitin 1,3 faizidir. Təsəvvür edin, biz 62 milyard vəsait qoyduq, ancaq bu gün həmin vəsaitin cəmi 1 faizi vergi şəklində geri dönüb” – Qubad İbadoğlu əlavə edir.

62,8 milyard manatlıq sərmayə haradadır?

İqtisadçı deyir ki, Azərbaycanın real əhalisinin 50 faizi bölgələrdə yaşayır:

"Belə çıxır ki, bu gün rayonlarda müəyyən infrastruktur var, amma iqtisadiyyat yoxdur. Müəyyən bölgələrdə yollara, qaza, elektrikə müəyyən vəsait xərclənib. Əslində bundan sonra iqtisadiyyat inkişaf etməli idi. Azərbaycan dövləti rayon iqtisadiyyatından bəhrələnməli idi. Ancaq əksinə oldu, bu gün iqtisadiyyatımız raxit xəstəyə bənzəyir. Başı böyük, bədəni arıqdır. Baş Bakıdır, bədən isə bölgələr. Bədən xəstə vəziyyətdədir. Ona görə də əhali Bakıya axın edir. Nəticədə Bakıda sıxlıq yaranıb, tıxac problemi var. İnsanlar ya Bakıda iş tapır, ya da ölkəni tərk edib, xaricə gedirlər. Bölgələrə yatırılan sərmayə korrupsiyasız, rüşvətsiz, bir sözlə, düzgün istiqamətlənsəydi, bunların heç biri olmayacaqdı. İnsanlar bölgələrdə iş yerləri tapar, dolanışıqları düzələrdi. Sual olunur, 62,8 milyard manatlıq sərmayə haradadır? Həmin vəsait hesabına Azərbaycanı 2-3 dəfə yenidən qurmaq olardı. Bu gün Azərbaycandakı əsas inkişaf Sumqayıt, Bakı və Abşeron yarımadasındadır. Gəncədə də nisbətən inkişafa nail ola bilmişik. Ancaq regionlar işsizlikdən, aclıqdan və səfalətdən əziyyət çəkir. Bu baxımdan da görünən ondan ibarətdir ki, Azərbaycanda hazırkı siyasət, xüsusən də regionların inkişafı ilə bağlı olan siyasət ciddi dəyişilməlidir. Azərbaycan regionlarının inkişafını yalnız iqtisadi rayonlar üzrə həyata keçirmək düzgün deyil”.

Regionlarda işsizlərin və intiharların sayı artıb

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, regionların inkişafı üzrə ikinci proqramda konkret layihələr də nəzərdə tutulmuşdu, tam mənada heç nəyə nail olunmayıb:

"Məsələn, taxılçılığın inkişafına müəyyən qədər maliyyə ayrıldı, bəs nəyə nail olundu? Azərbaycan hazırda buğdaya olan ehtiyacını tam idxalın hesabına ödəyir, heyvandarlıqda istifadə olunan taxı məhsullarının da bir hissəsi idxalın hesabına ödənilir. Əgər taxıl istehsalında artım olubsa, o zaman idxal azalmalıydı, amma əksinə son 14 ildə idxal ciddi şəkildə artıb. Heyvandarlığa gələk, 2017-ci ildə 70 faiz ət idxalı artıb, 65 faiz kəsim üçün gətirilən mal-qaranın sayı artıb, süd idxalı ciddi şəkildə artıb, ümumilikdə 680 milyon manat dəyərində heyvandarlıq məhsulları gətirilib. Son 2-3 ildə 35 faiz yeyinti məhsullarının idxalı artıb, amma alıcılıq qabiliyyəti aşağı düşüb. Deməli, istehsalda artım yoxdur. Əslində, 2015-ci ildə yerlərdə yaradılan kənd təsərrüfatı idarələri statistikanı şişirtməklə məşğuldurlar. Əgər 2017-ci ilin göstəricilərini inkişaf kimi təqdim edirlərsə, yanılırlar”.

Vahid Məhərrəmov bildirib ki, bazar iqtisadiyyatı şəraitində əsas məhsul istehsalı deyil, əsas məhsuldarlığın, keyfiyyətin yüksək olması, malın, məhsulun rəqabətqabiliyyətli olmasıdır:

"Azərbaycanın pambığa ehtiyacı yoxdur, çünki pambıqdan parça, paltar və sair məhsullar əldə edə bilmir, ucuz ixrac edir və Rusiyanın xammal bazasına çevrilib. Keçən il məhsuldarlıq 15,2 sentner olduğundan əksər kəndlilər zərərlə işlədilər. Zərər təxminən 10 milyon manatdan çoxdur. Kartofçuluğa gələk, bu gün bazarlarda təklif olunan kartof İrandan, Rusiyadan, Türkiyədən gətirilir, deməli, ucuz gətirilir, yəni ölkədə baha başa gəlir. Bu müddətdə dövlət büdcəsindən 62 milyard dollar civarında regionların inkişafı adı ilə maliyyə vəsaiti ayrıldı, amma bunun hesabına heykəllər, bayraq meydanları, idman kompleksləri, parklar salındı, indi heç kimə lazım deyil. Beləliklə, regionlarda işsizlərin və intiharların sayı artıb. Yanvarın 29-da 4 nəfər intihar edib. Çünki əhali borc işində boğulur”.///meydan.tv