“Rejim beynəlxalq birliyi danışıq masasına geri qaytarmaq istəyir” - İsa Qəmbər

“Rejim beynəlxalq birliyi danışıq masasına geri qaytarmaq istəyir” - İsa Qəmbər

27-08-2017 01:08 / Bu xəbər 1997 dəfə oxundu

İctimai-siyasi şəxslər Mehman Əliyevin həbsini pisləyir

Avqustun 25-də Yasamal Rayon Məhkəməsi "Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır.

Meydan TV Mehman Əliyevin həbsi ilə əlaqədar jurnalistlərə, siyasi, ictimai xadimlərə müraciət edib.

Elçin Şıxlı: "Mehman Əliyevin həbsi hakimiyyətdaxili qrupların savaşının nəticəsidir”

"Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Mehman Əliyevin həbsini "biabırçılıq” adlandırıb.

Onun fikrincə, Mehman Əliyevin əllərinə qandal vurulması sadəcə dəhşət idi:

"Məgər o, resedivistdir, qaçacaq? Heç nə anlamaq olmur”.

Elçin Şıxlı deyir ki, Mehman Əliyevin həbsilə ölkədə yeni heç nə baş vermir:

"Neçə illərdir aparılan siyasətin son nöqtəsini qoyurlar. Azad mətbuat çoxdan məhv edilib, bir "Turan” İA ilə səs çıxmaz. Ümumiyyətlə, bu agentliyin fəaliyyətinin davam etdirilməsinin də mənası yox idi”.

Elçin Şıxlı iddia edir ki, Mehman Əliyevin həbsi hakimiyyətdaxili qrupların savaşının nəticəsidir:

"Bu mübarizənin qurbanlarından biri hazırda mühacirət həyatı yaşayan Rauf Mirqədirov oldu. Rusiyaya bağlı "beşinci kolon” öz işini görür, hər şey göz önündədir”.

Zərdüşt Əlizadə

 

Zərdüşt Əlizadə.

Zərdüşt Əlizadə: "Bu həbsi həyata keçirənlər İlham Əliyevin bədxahlarıdır”

Siyasi icmalçı Zərdüşt Əlizadə düşünür ki, Mehman Əliyevin həbsinə göstəriş verənlər Azərbaycan xalqının düşmənləridir. Bu adamlar şəxsən prezident İlham Əliyevin bədxahlarıdır:

"Agentlik direktorunun həbsini istəyənlər Azərbaycan dövlətinə ləkə vurmaq, tənə, tənqid hədəfi edib prezidenti zərbə altında qoymağı özlərinə məqsəd seçiblər. Onsuz da Azərbaycanın adı bədnamdır, medianın, mətbuatın, məhkəmələrin icra hakimiyyətindən asılı olması, insan haqlarının durumu bax��mından "qara siyahı”dadır. Mehman Əliyevin həbsi isə Azərbaycan düşmənlərinin ölkə üçün "şahənə hədiyyə”sidir. Ki, gəlin, Azərbaycana növbəti təpkini yönəldin”.

Zərdüşt Əlizadə hesab etmir ki, Mehman Əliyevin həbs qərarı birbaşa İlham Əliyevdən gəlib:

"Bu, elə bir məsələdir ki, həbsi həyata keçirəndə prezidentə məruzə etmirlər. Məruzə edəndə də, Mehman Əliyevin haqqında yanlış məlumat verirlər”.

Zərdüşt Əlizadə deyir ki, Mehman Əliyevin həbsini sifariş edənlər Rusiyaya bağlı "beşinci kolon”dur. Bu adamlar Rusiyaya bağlı olmasaydılar, hakimiyyətdə yüksək təsirə malik postları tutmazdılar. İkinci, onlar istintaqa, məhkəməyə və vergiyə nəzarət edirlər. Bu məmur korpusunun kimlərdən ibarət olduğunu təxmin etmək çətin deyil.

Arif Əliyev foto Meydan TV

 

Arif Əliyev foto Meydan TV.

Arif Əliyev: Mənim üçün gözlənilməz oldu

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev "Turan” İA-nə hücumların gözlənilən olduğunu düşünsə də, Mehman Əliyevin həbsini gözlənilməz sayır:

"Son mərhələdə saytlar bloklandı, amma Mehman Əliyevin həbsini gözləmirdim. Bu, artıq media ilə hökumət arasında qalmış sivil münasibətlərin qalıqlarına həlledici zərbdədir. Məsələ ondadır ki, Mehman Əliyev müstəqil Azərbaycan mediasının əsasının qoyulmasında yaxından iştirak edib, hətta azad mətbuatın tənzimlənmə orqanlarının qurulmasında rolu olub. Onsuz da Mehman bəy istintaq orqanlarından yayınmırdı, bu mənada jurnalistin həbsinə heç bir əsas görmürəm”.

Arif Əliyevin agentlik direktorunun həbsinin hakimiyyətdaxili qrupların qarşıdurmasının nəticəsi olması barədə deyilənləri bölüşsə də, hesab edir ki, bu hadisədə vahid hakimiyyət məsuliyyət daşıyır:

"Düzdür, Mehman Əliyevin sonuncu çıxışlarında hakimiyyət daxilindəki "beşinci kolon”a eyhamlar vardı. Bu məsələləri 5-10 ekspert bilər və izahını verər. Ancaq ictimaiyyətin gördüyü vahid səhnədir, cəmiyyətə izah etmək olmur ki, hakim zümrə "beşinci kolon”la bacara bilmir. Hər halda bu həbs Azərbaycanın adına gələn zərbədir. Ona görə də hansısa hakimiyyət daxilindəki qrupun bu həbsdə "əməyi” olubsa, iqtidara haqq qazandırmazdım. İstənilən halda Azərbaycana zərbədir”.

Eldar Namazov

 

Eldar Namazov.

Eldar Namazov: "Mehman Əliyev həbsə layiq insan deyil”

Siyasi icmalçı Eldar Namazov Mehman Əliyevin ölkə daxilində və xaricində tanınmış jurnalist və ictimai xadim olduğunu xatırladaraq bildirib ki, müstəqillik dövründə yeni nəsil jurnalistikanın əsasını rəhmətlik Nəcəf Nəcəfov qoyub. Mehman Əliyev də yeni nəsil jurnalistikasının əsas simalarından biridir və son 30 ildə onun xidmətləri danılmazdır.

"Əgər onun hansısa məqaləsi kimdəsə qıcıq doğurubsa, yazıyla cavab vermək olardı, yaxud rəhbərlik etdiyi agentlikdə vergilərlə bağlı nöqsanlar olmuşdusa, o, bütün sənədləri təqdim etməyə hazır olduğunu demişdi. Yəni bu nöqsanları aradan qaldırmağa vaxt verilərdi, sərt addımların atılmasında məntiq və lüzum görmürəm. Mehman Əliyev həbsə layiq insan deyil. Mən ictimai xadimlərin, jurnalistlərin prezidentə müraciətinə qoşuluram”.

Eldar Namazov Mehman Əliyevin həbs sifarişinin dövlətin maraqlarına cavab verdiyinə inanmır:

"Nə dövlətə, nə hakimiyyətə bu həbs divident gətirmir. Axı o, ağır bir cinayət törətməyib, ölkədən də qaçmağa hazırlaşmır, öz mövqeyini müdafiə etməyə də hazırdır”.

İsa Qəmbər Meydan TV

 

İsa Qəmbər Meydan TV.

İsa Qəmbər: "Rejim bu həbslə beynəlxalq birliyi danışıq masasına geri qaytarmaq istəyir”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Mehman Əliyevin həbsində bir səbəb axtarmağın tərəfdarı olmadığını düşünür:

"Birinci səbəb odur ki, rejimin ifadə və söz azadlığını boğmaq siyasəti davam edir. Azərbaycanda azad sözün təmsilçisi olan media strukturlarının tam əksəriyyəti sıradan çıxarılıb, "Turan” İA son mogikanlardandır. İkinci səbəb, bu ilin sonu və 2018-ci il ölkəni gərgin böhran mərhələsi gözləyir. Bu mərhələdə hakimiyyət müstəqil medianın qalmasın ilə barışmaq istəmir. "Turan” İA sakit, təmkinli informasiya yayıcısı olsa da, çox dərin təhlil yazıları verir, iqtisadi göstəriciləri hərtərəfli təqdim etməklə bunun idarəetməylə bağlı olduğunu aydın şəkildə ortaya qoyur. Eyni zamanda deyilməyən bir səbəb var ki, mən o barədə də düşünürəm. Son vaxtlar beynəlxalq təşkilatlar hakimiyyətlə siyasi məhbus bazarlığını dayandırıblar. Əvvəllər rejim siyasi məhbus istehsalıyla məşğul olurdu, tanınmış fəalları həbs edirdi, beynəlxalq təşkilatlar da onların azadlıqlarını tələb edirdi, danışıqlar başlayırdı, bir neçə nəfər azad olunurdu. Hansısa mərhələdə bunu uğur kimi qiymətləndirirdilər, amma ardınca başqaları həbs olunurdu. Məncə, son vaxtlar beynəlxalq təşkilatlar siyasi məhbus bazarlığını dayandırdıqlarından rejim narahatdır. Mehman Əliyev beynəlxalq mediada tanınan, hörmət bəslənilən azsaylı xadimlərdəndir, onun həbsilə beynəlxalq birliyi danışıq masasına geri qaytarmaq istəyirlər. Mən bu ehtimalı kifayət qədər ciddi sayıram”.

İsa Qəmbər iddia edir ki, hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti "beşinci kolon”un nümayəndələridir. Ona görə də hakimiyyətdə xüsusi "beşinci kolon” axtarmaq məntiqli deyil:

"Bəli, hakimiyyətdaxili ziddiyyətlər hər gün dərinləşir, bu prosesin də Mehman Əliyevin həbsinə təsiri ola bilər. Bir daha deyirəm, səbəblər çoxdur, bu da onlardan biridir”.

Rauf Mirqədirov: "Sistem müstəqilliyin bizə bəxş etdiyi dəyərləri məhv edir”

Rauf Mirqədirov

 

Rauf Mirqədirov.

Mühacirətdə olan jurnalist Rauf Mirqədirov düşünür ki, bütövlükdə məsuliyyət qurulan sistemin üzərinə düşür:

"Azərbaycanda bu cür hadisələr baş verəndə hakimiyyətdə islahatçılar, mühafizəkarlar olduğu qeyd edilir və məsuliyyətin də ikincilərin üzərinə qoyulur. Amma söhbət ayrı-ayrı qruplardan yox, mövcud sistemdən getməlidir. Azərbaycandakı mövcud sistem bütün azadlıqları əzir. Yaxud söhbət yalnız Mehman Əliyevin həbsindən, "Turan”ın bağlanmasından, siyasi, iqtisadi azadlıqların sıradan çıxarılmasından getməməlidir, mövcud sistem azadlıq adına hər şeyi sıradan çıxarır, məsələ belə qoyulmalıdır. Bəli, ümidlərimiz ölür, amma yeni ümidlər yaranmalıdır. "Turan” İA da fəaliyyətini dayandırması acınacaqlı haldır, çünki bu, son azad media istehkamı olmaqla bərabər, müstəqilliyin bizə bəxş etdiyi müstəqil agentlikdir. Sovet dövründə belə şey olmayıb. Son illər görün nə baş verdi, müstəqlliyimizlə gələn azadlıq dəyərləri var, məsələn, təhsildə test sistemi, bu qaydanı sıradan çıxartmaq haqqında rəsmilər açıqlama verir. Bu sistemin məhv edilməsi təhsilin məhvi deməkdir. Mətbuata gələk, "Azadlıq”, "Zerkalo” qəzetləri bağlandı, radioların tezlikləri qapandı, saytlar bloklandı. Son dövrlərdəki fəaliyyətindən hamımızın narazı olduğu, həddən artıq güzəştlərə gedən ANS-in fəaliyyətini dayandırdılar. Bu kanal müstəqil televiziyanın qaranquşu idi, amma bağladılar. Sadaladıqlarım sistemin yarıtmaz və qüsurlu olduğunun göstəricisidir. Bəlkə də Mehman Əliyev apelyasiya mərhələsində azad olunacaq, amma sistem qalacaqsa, bu da heç nəyi dəyişməyəcək, sistemin qalması Azərbaycanın gələcəyi ilə bağlı təhlükədir. Bu təhlükə odur ki, sistem cəmiyyətdə nifrət yaradır. Baxın, vaxtilə hakimiyyətdə olan şəxslərə, onlar əzici sistemin "vintləri”ydi, amma təqib olunanda azad mətbuata üz tutdular. Rəsul Quliyev, Fərhad Əliyev, Əli İnsanov, Akif Çovdarov. Əli İnsanovun jurnalistə "konkret rədd ol” deməsi unudulmayıb, amma yenə də sonda azad mətbuata üz tutdu. Bu gün hakimiyyətə xidmət edən media orqanları sabah başqa bir hakimiyyətə xidmət edəcəklər. Ancaq azad media tamam fərqli hadisədir, onun təmsilçiləri qalsaydı, başqa mənzərə yaradacaq və təqibə məruz qalanların sözlərini çatdıracaqdılar. Bütövlükdə belə baxmalıyıq: azad medianın, jurnalistikanın sıradan çıxarılması ilə Azərbaycanın gələcəyi zərbə altına qoyulur”.