“Rektor bu qədər qanun pozuntusunu necə ört-basdır edəcək?”

“Rektor bu qədər qanun pozuntusunu necə ört-basdır edəcək?”

23-08-2019 16:53 / Bu xəbər 1822 dəfə oxundu

Elmira Baxşəliyeva: "Bəs niyə araşdırılmır ki, bu boyda zəngin universitet büdcəsi hara getdi və niyə bizim pullarımız kəsilir?” 

Azərbaycan Dillər Universitetində müəllimlərlər rektor arasında gərginlik davam edir. Tərəflər ən maksimum dərəcədə bir birilərini ittiham etməyə çalışırlar. 

Jamaz.info-ya müraciət edən ADU-nun Kadrlar şöbəsinin keçmiş baş mütəxəssisi Elmira Baxşəliyeva rektor Kamal Abdullanın onun barəsində dediklərinə cavab verib. 

Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Son dövrdə dalbadal, bir-birinə bənzər müsahibələr verən Kamal Abdulla özünü sanki ideal birisi kimi təqdim etməyə çalışıb. Lakin həqiqətlə show arasındakı fərqi hamı görə bilir. Mən hələ bu yaşıma qədər bir insandan bu boyda ağır zərbə almamışdım. Bu insanda ayıb anlayışı yoxdur, qadının mənliyini, ləyaqətini alçaltmaqdan çəkinmir, düşünmür ki, mənim ailəm, nəvələrim üçün də travma yaradır. Mənim yaşda ömrünü, həyatını universitetə həsr etmiş bir qadın haqqında lağ-lağı ilə danışmağına, şəxsiyyətimi ələ salmağına kim ixtiyar verib ona? Kim nə iddia qaldırırsa, deyir şər-böhtandı. Rektor da şər-böhtan söhbəti edər? 

2018-ci ilin oktyabrın 23-dən mənim əmrimi verib ki, Həmkarlar İttifaqı komitəsinə keçirir məni, şöbəyə də yox, komitəyə. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov da öz postunu itirməkdən qorxduğu üçün bu qanunsuz əməllərə ortaq olur. Birincisi, bir rektor olaraq Kamal Abdullanın səlahiyyəti çatmır ki, Həmkarlar İttifaqı Komitəsinə işçi təklif etsin, çünki onun təşkilatı başqa, sədri başqa. İkincisi, deyir ki, işdən çıxartmamışam, burda işləyir. Dekabrın 5-nə qədər işə gəlmişəm, daha sonra isə bu yaşımda onun təzyiqləri məni necə ağır vəziyyətə saldı ki, xəstəxanaya düşdüm. İşlədiyim illər ərzində bircə dəfə də olsa xəstəlik kağızım olmamışdı, Kamal Abdulla sayəsində oldu. Hər müsahibəsində özünü yalandan haqlı göstərməyə çalışan rektor deyir ki, Elmira xanımı işdən çıxarmamışam bəs onda bülleten pulumu niyə vermir? Mənim bülleten pulumu niyə mənimsəyib rektor? 

Aldığımız məlumata görə hətta 4-cü rübün smetasını da açdırıb büdcə boş olduğu üçün. Avqust ayında məzuniyyətə gedənlərin pulunu isə 1-ci kursa qəbul olan tələbələr ödəniş etdikdən sonra verib. Bəs niyə araşdırılmır ki, bu boyda zəngin universitet büdcəsi hara getdi? Niyə bizim pullarımız kəsilir? Niyə rektora yaxın, Slavyan universitetinin əməkdaşları yerləşdirilir universitetə, işlək və bacarıqlı kadrlar isə uzaqlaşdırılır? Gah deyir işdən çıxarmamışam, gah deyir pensiya yaşındadı işə yaramır. Bəs çox maraqlıdır ki, mən 72 yaşımda adi işçiyəm, administrativ vəzifə də daşımadığım halda, 70 yaşlı Kamal Abdulla, 74 yaşlı Məsmə Qazıyeva bəs necə administrativ vəzifələrdə oturublar, özlərini işə yarayan hesab edirlər? Onların bəs pensiya yaşları keçməyib? Soyub taladığı universitet büdcəsi Kamal Abdullaya yetmir, hələ bir mənim bülleten pulumu da mənimsəyir! 

İşdən çıxarması üçün bəhanəsi də özünəməxsusdur. Deyir ki, bir nəfəri qanunsuz şəkildə məzuniyyətə göndərmişəm. Çıxıb bir sual verən də olmur ki, Elmira Baxşəliyeva rektor idi, ya kadrlar şöbəsinin müdiri? Bəyəm kadrlar şöbəsinin adi bir işçisinin də səlahiyyəti var ki, əmr versin kimisə məzuniyyətə göndərsin? Çox maraqlıdır ki, nə zamandan kadrlar şöbəsinin sıravi işçisi əmr hazırlayır və rəisin xəbəri olmadan, rektorun xəbəri olmadan növbəti məzuniyyətə imza atıb əmr verir? Yaxşı olardı ki, kadrlar şöbəsinin işini dərindən öyrənəsin və sonra ittiham etsin. Mən 52 ildir ki, bu universitetdə ömrümü qoyub xeyli təltiflər, mükafatlar almışam və yaxşı işçi olduğuma görə bir neçə dəfə pulla mukafatlandırılmışam. 1968-ci ildən bu yana çoxsaylı ayrı-ayrı rektorlar və rektoru əvəz edənlərlə işləyib bu günə kimi yaxşı işçi sayılıb, Kamal Abdulla gələn gündən etibarən isə birdən-birə pis işçi olaraq işdən azad olundum.

Kadrlar şöbəsində uzun illər işləmiş baş mütəxəssis Lətafət Vəliyevanı da, Mahirə Qurbanovanı da qeyri-qanuni şəkildə maddə ilə işdən çıxartdı. Universitetə sanki cəllad olaraq gəlib Kamal Abdulla. Bu məsələ də məhkəməyə qədər gedib çıxdı. Lakin ört-basdır etmək üçün Mahirə Qurbanovaya məhkəmədən iddia ərizəsini geri götüzdürdü, maddəsini ləğv etdi, onu, öz ərizəsini yazıb işdən çıxmağa vadar etdi. Söz-söhbətin miqyası böyüyəcək deyə, Lətafət Vəliyevanı isə Ümumi şöbəyə yerləşdirdi, amma hələ də ortalıqda qalıb, qapıağzında, normal oturmağa yer də verilməyib. Bu nə oyundur axı? Kadrları bir şöbədən başqa şöbəyə sürüşdürməkdən ibarətdir Kamal Abdullanın apardığı islahatlar? 

Kadrlar şöbəsində Lətafət Vəliyevaya ehtiyac olduğu halda onu digər şöbəyə keçirib maaşını 750 manatdan 300 manata saldı, yerinə isə özünəyaxın başqa bir işçi götürdü. İşçi yararsızdırsa, onu ağır maddə ilə işdən çıxarırsansa, sonra necə başqa şöbəyə təyin edirsən? Bu davranışlar əvvəlki ADU əməkdaşlarının "soyqırımıdır” sanki. Kamal Abdulla niyə tədrislə, inkişafla maraqlanmaq əvəzinə insanların taleyi ilə oynayır, əmək kitabçalarını ləkələməklə məşğuldur? Deməli, hər yerdə ancaq Kamal Abdullanın Slavyan universitetindən gətirdiyi kadrlar, ya da dost-tanışları işləməlidir? Hər şöbəyə, hər kafedraya işçi götürdükdən sonra deyir "işçi çoxdur, ixtisar olmalıdır”. Beləliklə də, təzə gətirdiklərini yerləşdirir, təcrübəli kadrları isə uzaqlaşdırır.

Ən dəhşətli və ağrılı məqam isə başqa bir faktdır ki, hələ də biz onun bu addımına bir ad verə bilmirik. Uzun illər ADU-nun Müharibə və Əmək Veteranları Şurasının sədri, daha sonra sədr müavini işləmişəm. Universitetin ikinci mərtəbəsində Qarabağ veteranlarının, döyüşlərdə iştirak edən ADU əməkdaşlarının guşəsini yaratmışdıq. Kamal Abdulla bizim universitetə rektor təyin olunan kimi həmin o guşəni ləğv etdirdi. Bu çox ağır və acınacaqlı faktdır. Kamal Abdullanın Qarabağ döyüşlərinin iştirakçısı olan universitet əməkdaşlarına etdiyi bu hörmətsizliyə nə ad vermək olar? 

Ermənilərin hərəkətlərindən daha ağır davranış deyil onun bu davranışı? Deməli, universitet tələbələrinin, əməkdaşlarının, universitetə gələn qonaqların Qarabağ veteranlarını, Qarabağ döyüşlərində fədakarlıqla canını qoymuş ADU əməkdaşlarını tanımasının qarşısını almağa çalışır Kamal Abdulla. Həmin guşədə ADU-nun dosenti, Qarabağ əlili, şəhid anası Aida İbrahimovanın da şəkli var idi. Təsəvvür etmək necə çətindir ki, bu müəllim döyüşlərdə iştirak edib, oğlu şəhid olub, qızı bir gözündən əlil olub, bütün bunlara baxmayaraq, əzmkarlıqla universitetdə çalışır. Kamal Abdulla isə Aida İbrahimovanın da şəklini çıxartdırıb, guşəni tamamilə ləğv etdirib. Bildiyimizə görə, hal-hazırda kafedrada da ona dərs bölgüsü ilə bağlı təzyiq göstərilir.

Rektorun sifarişli saxta aktlarına universitet əməkdaşlarını qol çəkməyə məcbur edən, bütün bu ağrılı məqamlarda həvəslə fəaliyyət göstərən Məsməxanımın qızı isə mükafatlandırılaraq prorektor təyin edildi. Ümumiyyətlə, bir universitetdə prorektor və bilavasitə onun tabeliyində olan kafedra müdiri, ana-bala rəhbər vəzifələri tutması qanuna zidd deyilmi? Hansı faydalı fəaliyyətinə görə Sevinc Zeynalova prorektor olub, görəsən, biz bilmirik!? 50 ilə yaxındır mən həmin universitetdə işləmişəm. Kimin kim olduğunu, hansı məsuliyyət, savad və fəaliyyət sahibi olduğunu mən çox gözəl bilirəm.

Rektorun sağ əli olan Nüşabə Tanrıverdiyeva isə qolları əlil olan Mehparə Manafovanı onu döyməkdə ittiham edir, təhqiramiz və sarsıdıcı böhtandır, qolları olmayan savadlı, uzun illər Almaniyada yaşamış bir müəllim Nüşabəni necə döyə bilər universitetdə? Həmin Məsməxanım da tələm-tələsik akt tərtib edir, hamını vadar edir ki, qol çəksinlər saxta akta. Bu qadınların heçmi vicdanı yoxdur? Universitet yaxşıca araşdırılsa, həmin xanımlar əliqandallı getməlidir o universitetdən. Nə qədər hədə-qorxu gəlmək olar, nə qədər şər-böhtan olar, nə qədər insan həyatını, taleyini sarsıtmaq olar? Hara gedir bu universitetin gələcəyi?

Hazırda mənim, Vüsalə Ağabəylinin, Pərvin Mürsəlovanın da işi məhkəmədədir, lakin Kamal Abdullanın məhkəməyə təsiri davam edir. Bir məhkəmə sistemi ki, ədaləti araşdırarkən Kamal Abdullanın təsirinə məruz qalacaq, nəyimizə gərəkdir onda bu məhkəmə bizim? Kimə lazımdır Kamal Abdullaya xidmət edən məhkəmə? Məni dinləyən belə yoxdur məhkəmədə. Artıq iki mərhələni keçmişəm və indiyə qədər hakimlər dinləmədən dərhal Kamal Abdullanın xeyrinə qərar veriblər. İndi Ali Məhkəməyə müraciət etmişəm və sonuna qədər bu işin arxasıyca gedəcəm. Sadəcə hamıya maraqlıdır ki, bu qədər açıq-aşkar qanun pozuntusu edən rektor elə düşünür ki, bütün bunları ört-basdır edə biləcək?

P.S. Müraciətdə yazılanlar müəllifin şəxsi fikirləridir. Qarşı tərəfi də dinləməyə hazırıq.