Repetitorlar da vergi ödəyəcəklər

Repetitorlar da vergi ödəyəcəklər

28-04-2020 15:06 / Bu xəbər 1921 dəfə oxundu

Nazirlər Kabinetinin  qərarına əsasən, aprelin 27-dən xüsusi karantin rejimində tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılır.

Fəaliyyətinə icazə verilən sahələrdən biri fərdi tədris və repetitor xidmətləri müəyyən edilib. 

Repetitor xidmətini göstərən şəxsin əvvəl dərs keçdiyi yerə getməsi və evində repititor kimi fəaliyyət göstərməsi üçün "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir.

Müəllim gün ərzində istədiyi qədər repititor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, "icaze.e-gov.az” portalında qeydiyyatı olsun. 

Şagird isə gün ərzində bu xidmətdən yalnız 1 dəfə, ondan da 3 saat ərzində istifadə edə bilər.

Nazirlər Kabinetinin qərarında deyilir ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Qərara əsasən, artıq repititor fəaliyyətini icra edənlər fərdi sahibkar hesab olunur və onlar gəlirlərindən vergi ödəməlidirlər. Buna qədər isə repititor kimi fəaliyyət göstərən müəllimlər vergi ödəmirdilər. 

Bəs müəllimin portalda qeydiyyatdan keçməsi niyə vacibdir?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, repetitorun portaldakı xidmətdən istifadə etmək üçün elektron və ya ASAN imzasında "möhürvurma səlahiyyəti” olmalıdir. 

Repetitorun "möhürvurma səlahiyyəti”nin olması üçün isə VÖEN-i olmalıdır. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir: "Repititor və buna bərabər təhsil xidməti göstərən hər kəs fərdi sahibkardır, gəlir əldə edir. Onun dövlət təhsil müəssisəsində müəllim və ya digər vəzifədə çalışması buna təsir göstərmir”. 

Repetitorlar VÖEN almaq üçün vergi orqanına getmədən cəmi 2-3 dəqiqə vaxt sərf etməklə www.e-taxes.gov.az vasitəsi ilə və ya asan xidmət, eyni zamanda Vergilər Nazirliyinin regional bölmələrinə, idarələrinə getməklə öz VÖEN-ini, elektron və ya ASAN imzasını ala bilər. Beləliklə, repititor fəaliyyətindən gəlir əldə edən şəxs kimi hesabat rübü ərzində (3 ay) təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergi kimi ödəməlidir. 

Vergi ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. 

Repetitorlar vergi bəyannaməsinin onlayn rejimdə göndərilməsi üçün İnternet Vergi İdarəsindən (e-taxes.gov.az) istifadə edirlər: "Çoxu deyir ki, müəllim bütün ili repetitor kimi məşğul olmuruq, aylar ürə müxtəlif xidmət haqqı alırıq, şagirdin əksəriyyətini pulsuz hazırlaşdırırıq”. 

Ekspert bildirir ki, müəllim rüb ərzində gəlir əldə etdiyi məbləğin 2 və ya 4 faiz vergisini ödəməlidir. Məsələn, bir ay 500, o biri ay 400, 3-cü ay 800 manat repititorluqdan gəlir qazanılırsa, 3 aylıq gəlir toplanır (500+400+800 =1700), onun 2-4 faizi vergi kimi ödənir. Əgər gəlir əldə etmirlərsə, vergi bəyənnaməsi 0-la verilə bilər.

"Deyə bilərlər, kim müəyyən edəcək ki, mən nə qədər şagird hazırlayıram, nə qədər pul alıram. Bunu müəyyən etmə mexanzmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repititorluğa tətbiq edilmir. Bəli, heç kim dəqiq gəlirinin vergisini ödəmir. Bu, insanların insafına qalıb”, - deyə ekspert bildirir. 

K.Əsədov hazırki qərarın faydalı cəhəti kimi repetitotun bankdan kredit götürəndə, təqaüdə çıxanda ödənilən vəsaitlərin yenidən özünə qaydacağını bildirir: "Müəllimlər yanlış olaraq narahatdırlar. Bu gün taksi sürücüləri, gözəllik salonları, evini, obyektini kirayə verənlər və ümumilikdə gəlir əldə edən hər bir şəxs vergi ödəyir və ödəməlidir”.///Toplum.Tv