Rəsmi Bakı beynəlxalq jurnalistlərin Qarabağa getməsinə icazə verdi

Rəsmi Bakı beynəlxalq jurnalistlərin Qarabağa getməsinə icazə verdi

09-05-2018 16:09 / Bu xəbər 2498 dəfə oxundu

Media qurumları Paşinyanın mətbuat konfransında iştirak edəcəklər

Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq mətbuatın Ermənistanın Baş naziri Paşinyanı Qarabağda müşayiət etməsinə icazə verdi.

Baş nazir Nikol Paşinyan bu gün – mayın 9-da Xankəndində mətbuat konfransı keçirəcək.

"Financial Times, Associated Press, Agence France Press kimi media qurumları rəsmi məktubla Azərbaycan Respublikası XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazə verməsini xahiş ediblər”.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumatda belə deyilir.

H.Hacıyev bildirib ki, sözügedən beynəlxalq KİV-in Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin işğal olunmuş ərazilərə səfərinə etiraz edilməyib:

"Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər. Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”.

Ermənistanın yeni Baş naziri Nikol Paşinyan Xankəndində yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirməyi planlaşdırır.