"Rəsmi göstəricilər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində deyil" - İqtisadçı

29-05-2019 17:14 / Bu xəbər 732 dəfə oxundu

"Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq". 

Bunu Prezident İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında deyib.

Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu feysbukda yazıb.

"Nəticələrə diqqət edin: 
2015-2016-cı illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan müşahidə olunan asılılığın zəifləməsi 2017-ci ildən dünya bazarında xam neftin qiymətinin bahalaşmasından sonra yaranan əks-effektlə əvəzlənir. Belə ki, dövlət büdcəsinin daxilolmalarında neft gəlirlərinin 2017-ci ildəki 47,7 faizlik payı 2018-ci ildə 59,5 faizə, ixracatda xam neft, neft məhsulları və təbii qazın payı müvafiq olaraq 2017-ci ildəki 88,62 faizdən 2018-ci ildə 91,17 faizə, nəhayət, neft-qaz sənayesinin ÜDM-də payı 2017-ci ildəki 37,17 faizdən 2018-ci ildə 42,56 faizə qədər artıb. Burada sadalanan rəsmi göstəricilər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində deyil, bir resursdan asılılığın güclənməsi istiqamətində önəmli dəyişiklikləri ifadə edir", - iqtisadçı bildirib.