Rəsmi qurumların mətbuat xidmətləri niyə işləmir?

Rəsmi qurumların mətbuat xidmətləri niyə işləmir?

27-09-2016 13:48 / Bu xəbər 800 dəfə oxundu

Son günlər jurnalistlərin sosial şəbəkədə şikayət etdiyi əsas məsələ nazirlik və digər dövlət qurumlarının mətbuat xidmətlərinin laqeydsizliyi, jurnalistlərin suallarına cavab verməməsi və yaxud da suallardan yayınma hallarıdır.

Bir çox dövlət qurumlarından rəsmi mövqe almaq "daşdan tük qoparma”ya bənzəyir. Halbuki mətbuat xidməti məhz jurnalistlərin suallarını cavablandırmaq, ictimaiyyəti məlumatlandırmaq üçün yaradılıb. Bəs, mətbuat xidmətlərinin fəaliyyətsizliyinin səbəbi nədir və belə olan halda jurnalistlər nə edə bilər? Bu suallara media üzrə ekspert Ələsgər Məmmədli cavab verdi. 

Ekspert Qaynarinfo.Az-a bildirdi ki, bu sahədə dövlət nəzarət olmadığından problemlər yaranır: "2005-ci ildə "İnformasiya əldə etmə haqqında qanun qəbul oldu. Qanunun 8-ci maddəsində aydın şəkildə göstərilib ki, jurnalistlərin rəsmi qurumlardan və rəsmi şəxslərdən operativ məlumat almaq hüququ var. Qanunun icrasına nəzarət təəssüf ki, 6-7 il boş qaldı. 2012-ci ildə isə "İnformasiya əldə etmək haqqında" nəzarət məhz Ombudsmana verildi. Təəssüf ki, bu səlahiyyət veriləndən bu günə qədər heç bir addım atılmayıb. Faktiki olaraq, qurumlar bilir ki, heç bir dövlət qurumu qarşısında bu məsələdə məsuliyyət daşımayacaq, heç bir öhdəlikləri yoxdur. Ona görə də, bu cür problemlər yaranıb və məlumat vermək refleksi azalıb. 

Əvvəllər, qeyri-hökumət təşkilatları monitorinq aparırdı, hesabatlar açıqlayırdı ki, kim yaxşı fəaliyyət göstərir, kim pis. Bu istiqamətdə də iş dayandı, dövlət nəzarəti də yoxdur. Belə olan halda jurnalistlərin tək yolu qalır. İnformasiya ala bilmirlərsə, Ombudsmandan bununla bağlı tədbir görməsini tələb etməkdir ki, qarşı tərəf informasiya verməklə bağlı məcbur edilsin və işini effektiv qursun. 

İkinci çıxış yolu isə məhkəmə vasitəsilə həmin qurumları informasiya verməyə cəlb etməkdir. Bununla bağlı, inzibati məsuliyyət də var. Həmin qurumların məsul şəxsləri informasiya vermədikləri üçün inzibati məsuliyyət daşıyırlar".