Rəsmi: Ötən il pensiyaçıların sayı azalıb

Rəsmi: Ötən il pensiyaçıların sayı azalıb

23-01-2020 20:25 / Bu xəbər 674 dəfə oxundu

İqtisadçı: "Pensiyaçıların sayının azalmasına onların dünyasının dəyişməsi də təsir göstərib”

2020-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

İqtisaçı Qubad İbadoğlu deyir ki, ötən 1 il ərzində təqaüdçülərin sayı 11717 nəfər azalıb. İqtisadçı bildirib ki, 2019-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1299,5 min nəfər olmaqla ölkə əhalisinin 13,2 faizini təşkil etmişdi:

"Bu, o deməkdir ki, ötən il ərzində pensiyaçıların sayı 11717 nəfər azalıb. Eyni zamanda, 2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20900 nəfər azalıb. Son 2 ildə pensiyaçıların sayının 32617 nəfər azalması hakimiyyətin apardığı pensiyaların yaş həddinin artırılması siyasətinin əməli nəticəsidir. Təbii ki, pensiyaçıların sayının azalmasına onların dünyasının dəyişməsi də təsir göstərib”.

İqtisadçı Azərbaycandakı rəqəmləri MDB ölkələri ilə müqayisə edir.

MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

"Belə ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 278 min təqaüdçüyə və ya əhalinin 12,8 faizinə pensiya verir”, - Qubad İbadoğlu əlavə edir.

Ekspertə görə, ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

2017-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklə pensiyaya çıxmaq həddi 65 yaş müəyyən edildi.

Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi.

Lakin bu müddət mərhələli şəkildə uzadılır. Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

İqtisadçı Nemət Əliyev də deyir ki, pensiya yaşının artırılması hökumətə xeyir gətirib. Ancaq sadə insanlar üçün eynisini demək olmaz. Məsələn, təkcə bircə ildə, yəni 2018-ci ildə pensiyaçıların sayı 20.9 min nəfər azalaraq 1 milyon 320.4 mindən 1 milyon 299.5 minə düşüb.

Müxalif və müstəqil iqtisadçılar Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hökuməti daim tənqid edirlər. Rəsmilər isə belə tənqidləri düzgün saymayaraq, bunu islahatların tərkibi adlandırırlar.

Nemət Əliyev
Mənbə: Foto: sosial şəbəkə

"Orta aylıq pensiya məbləğinin 222.6 manat olmasını nəzərə alıb sadə hesablama etsək, məlum olur ki, hökumət pensiyaçıların hesabına bir aya təqribən 4.6 milyon manat, bir ilə 56 milyon manata yaxın irəli düşüb”, - deyə iqtisadçı vurğulayıb.