Rəsulzadənin mətbuat haqqında yazdıqlarından sitatlar

Rəsulzadənin mətbuat haqqında yazdıqlarından sitatlar

23-07-2017 04:48 / Bu xəbər 2430 dəfə oxundu

Azərbaycan Mətbuatının yaranması günü münasibəti ilə aşağıdakı yazını oxuyucuların diqqətinə çatdırırıq. M.Ə.Rəsulzadənin mətbuat haqqında müxtəlif qəzetlərdə yazdıqları:

"Mocibi-heyrət”

"Doğrudur, qəzetlər arasında hər bir vaxt, hər bir zaman mübahisə, mücadilə, mübarizə olur. Lakin bu bəhs, bu cidal, xəncər və tapança davası olmayıb müsadimeyi-əfkar (ictimai fikir), mübarizeyi-təsəvvürdən ibarətdir və bu toqquşma və vuruşma qəbih(pis) olmayıb, bəlkə ən gözəl və ən müstəhsən(bəyənilən) mübarizə təriqidir(yoludur).
...Şəhərimizdə bir qəzetə nəşr edilərkən millətimizə "həyat” bağışlandı. Həyat olandan sonra irşad lazımeyi-mədəniyyət olduğundan "İrşad”ın zühuru mətlubi-təbii olmazmı?”

"İrşad”qəzeti, N189, yanvar 1906.

"Yeni qəzetə”

"Qəzetənin məsləki – hürriyətpərvərlikdir... Doğruya-doğru, əyri¬yə-əyri demək "Vətən xadimi”nin borcu olduğu kimi aləmi-islamiy¬yətdə cərəyan edən əhval və vəqayedə zaman, məkanın müdafiəsinə görə acı-acı tənqid etmək məsləkimiz müqtəziyyatındadır (vacibdir)”.

"İrşad”qəzeti, N108, 9 may 1906.

"Tan Yuldızı”(Dan Ulduzu)

"Kazan şəhərində çıxan "Tan Yuldızı” qəzetəsinin əvvəlinci və ikinci nömrələrini aldıq. Qəzetənin şiyveyi – təhririyyəsi qafqaziyalılar anlayacaq bir dildə deyilsə də, mündəricartı o qədər maraqlı, məsləki o qədər müstəqimdir(doğru,sağlam) ki, hər bir sahibi-zövq hıqqana-hıqqana olsa da onu oxuyub məzmunundan xəbərdar olacaqdır. Arzu edilirdi ki, ədəbiyyatımızın üfüqündə bu tövr yulduzlar çoxlaşıb "Tan Yuldızı”nın məsləki aramızda bərqərar olaydı”.

"İrşad” N128, 1 iyun 1906.

"Yeni inqilab xadimi”

"İnqilab ilə əksinqilab həmişə vuruşub çəkilməkdədir. Bu vuruşmanın, bu çəkişmənin asari aləmi-mətbuatda pək yaxşı müşahidə olunur. Bu gün bir qəzetə nəşr olunur. İnqilab tərəfdən isə həqiqətsevər, ədalət tələb edər isə, sabah bağlanar. Əvəzində surətini dəyişib, özgə bir surətdə nəşr edər. O da bağlanar, təbid (uzaqlaşdırma) edilər. Nəhayət, olduğu şəhərdə çap olunmağa qoyulmaz, özgə şəhərdə çap olunar. Çap olunar da dediyini deyər, yazdığını yazar, nəhayət, şiddətli də yazar. Xülasə, heç bir mümaniət (mane olmaq) və işğaldan çəkinməyib, kəlami-hümmət və qeyrət ilə inqilab əksinqilab ilə boğuşar, savaşar”.

"İrşad”qəzeti, N139, 14 iyun 1906.

"İran işləri”

"Madam ki, mətbuat hökumət amirlərinin təhti-təftiş və nəzarətindədir, madam ki, qələm azad deyil, xanlar, vəzirlər hər nə istəsələr eləyəcəklər – seçkinin üsulunu bildirmək və hökumət amirlərinin xəyanətini kəşf etmək üçün lazımdır ki, mətbuat azad olub, hər bir təcavüzdən məsun (toxunulmaz) qalsın”.

"İrşad”qəzeti, N186, 8 avqust 1906.

"Dəbistan”

"Məlum olduğu üzrə şəhərimizdə uşaqlara məxsus ayda iki dəfə nəşr olunan "Dəbistan” jurnalı 7 aydır ki, nəşr olunur. Demək olar ki, "Dəbistan” Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə "Cocuqlara məxsus qəzetə” çıxır, lakin Sultan Həmid tərzi-idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır...
Lakin özlüyündə tək-tənha olan bu jurnal 25 milyon Rusiya müsəlmanları demirəm, beş milyon Qafqaz müsəlmanları arasında olsun necə gediyor? İnsan xəyal ediyor ki, iki həftədə bir dəfə çıxan jurnal nədir ki, o da yeriməsin, o da xərcini ödəməsin?
Lakin heyhat, heyhat! Müsəlman jurnalı olduğu üçün bu fikrin əksini görürük.
"Dəbistan”da haləti-nəzidədir. Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur.
İştə baxın qardaşlar, insaf eləyin bu rəvamıdır?”

"İrşad”qəzeti, N280, 7 dekabr 1906.

"Hürriyyəti mətbuat müsəlman mürəttiblərinə dair”

"Ümumən hər tayfanın arasında mürəttiblər qeyri fəhlələrə nisbətən "ziyalı fəhlə” hesab olunurlar. Yəni qeyri-bisavad fəhlələrə nisbətən mürəttiblər öz savadları cəhətinə-tərəqqiyə və mədəniyyətə artıq mail olurlar.
Hər bir vilayətdə mürəttiblər öz hüquqlarını tələb etməkdə, ittifaqlar və cəmiyyətlər təşkil etməkdə pişrov olaraq qeyri-bisavad fəhlələrə misal olub bu tövr işlərə cəlb ediblər. Həmişə də bunların ittifaqları və cəmiyyətləri qeyri fəhlələrə görə münəzzəm (böyük) olublar”.

"Təkamül”qəzeti, N1, 16 dekabr 1906.

"İslam mətbuatı”

"Elə bir gün yoxdur ki, zülm və istibdad altında qalmış vətənimizdə bir qəzetə və ya bir jurnal bağlanmasın. Bunlara ümdə səbəb ya idareyi-ürfiyyeyi-əsgəriyyələrdi (voyennoye polojeniye-hərbi vəziyyət) ki, həqqaniyyəti (ədaləti) izhar edici mətbuata nəfəs vermiyorlar və yaxud həqqaniyyəti (ədaləti) icra etmək niyyətində olan mücahidlərin bacardıqları dərəcə özlərinin tavakası (xahişi) olmayıb müştərilər tərəfindən kömək və ianə görmədikləridir”.

"Təkamül”qəzeti, N3, 30 dekabr 1906.

"Cavaba cavab”

"Tərcüman” qəzetəsi, "Təkamül”ə cavab olaraq Baxçasarayda xuliqan müsəlmanların olması əsilsizdir –diyor və buna binaən "Təkamül”ün xatirini incitmək istəməyib, özünün nə iştirakiyyun tərəfdarı, nə də millətçilik dairəsindən xaric fəhlə tərəfdarı olmadığını bildirərək ümumi hürriyyətpərəst olduğunu mühafizəyə qalxışıyor. Hürriyyətpərəstləri biz qəlbən seviriz – diyor. Lakin biz bir dəqiqəliyə tutalım ki, "Tərcüman” hürriyyətpərəstdir. Qoy belə olsun. Onda bəs "Tərcüman”ın müdiri İsmayıl bəy cənablarının müsəlmanlar ittifaqi-mərkəziyyəsində söylədiyi "Ülfət”in qırx doqquzuncu nömrəsində dərc olunan bu nitqinə nə ad qoyalım?”

"Təkamül”qəzeti, N5, 20 yanvar 1907.

"Mətbuat xüsusunda”

"Rusiya mətbuatı olmazın təvyiqatı(yubandırma,gecikdirmə) çəkmiş 17 oktyabr manifestindən bəri bir hürriyyəti-mətbuat xülyasına göz tikmiş olan Rusiya qəzetələri budur 3 ildir hələ sıxıntıdadırlar!
Mətbuat bu qədər bir təzyiqi, bu qədər bir sıxıntını çəkiyor, olmazın cərimələr veriyor, mühərrirlərinin mənfu (sürgün olunmuş) və məbus olduğuna qatlanıyor, bunların hamısına davam ediyordu!..
...Vüzarət komissiyası tərəfindən Dumaya həll olunmaq üçün verilmək üzrə mətbuat barəsində olan qanun layihəsi hazırlanmışdır. Bu xüsusda Peterburq qəzetələri layihənin üzünü dərc etməklə bərabər müxtəlif yollu tənqidatda bulunmuşlar”.

"Tərəqqi”qəzeti, N108, 21 noyabr 1908.

"Bizim məramımız”

"...Qəzet millətin danışan dilidir. Bir millətin ki, qəzeti yoxdur, elə bil ki, o millətin dili yoxdur...
...Vətən dərdlərinə mətbuat dərman olur. İstibdadın yurd-yuvasını qəzetlər dağıdıb və dağıdır. Qəzet həmişəlik qaravuldadır(gözətçilikdədir), qoymur ki, ölkənin inkişaf yolu bağlansın.
...Qəzet inanılmış bir qoruyucudur ki, hökumətin iş və hərəkətlərini görür, onların səhv və xətalarını açıb göstərir, milləti hökumətin səhv və xəyanətlərindən xəbərdar edir.
...Qəzet camaata və tək-tək adamlara öz vəzifəsini göstərib başa salır, vətəni sevməyi onlara öyrədir, lazım olanda parlaman və hökumətə kömək edər.
Qəzet bir çıraqdır ki, əyri və düz yolu millətə göstərir, onu sərvət və sahman yoluna yönəldir”.

Təhririyyə-heyəti
"İrani-Nov”qəzeti, N1, 23 avqust 1909-cu il.

"Biçarə mətbuat”

"Məzlum millətin mətbuatı da məzlum olur. Bizim əzəmətli vətənimiz İran düşdüyü bu biçarə vəziyyətdə hər tərəfdən xarici və daxili tamahlara düçar olub, uzun müddətdir ki, ağır xəstələnib və indi də qansızlıq və gücsüzlükdən iztirablı, zəif haldadır. Şübhə yoxdur ki, biz – millətin dili adlanan jurnalistlər də zəif və aciz olacağıq.
...15 milyon əhalisi olan bir ölkə bir neçə gündəlik milli qəzetini saxlaya bilmirsə, öz yeniləşməsi barədə hansı yaxşı fikirlər yarada bilər?.. Bu elə bir sualdır ki, onun cavabını səhv iş görən fəsad əhli verməlidir”.
"İrani-Nov”qəzeti, N113, 17 yanvar 1910-cu il.

"Şəms” qəzeti

"İstanbulda bir yarımvərəq qəzet çıxır. Ona "Şəms” deyirlər. İranlı oxucuların az bir qisminin fikrinə görə o prins Ərbəüddövlənin məddahı olan miskin bir qəzetdir. Az qismi ona görə deyirik ki, müştərisi yoxdur...
"Şəms” qəzeti də bu cür şöhrətpərəstlərdəndir. Bu yarımvərəq istədi ki, məşhur olsun və eyni zamanda xidmət göstərsin: bir neçə nəfər Milli Məclisin vətənpərəst möhtərəm millət vəkillərinə qarşı yazılar verdi.
Təbiidir ki, şöhrətpərəstlik vaxtında millət vəkillərini alçaldan bu məktub meydana çıxdı. Çünki bunlar öz alçaq məntiqlərinə əsasən təsəvvür edirdilər ki, nə qədər çox məşhur adamla tərəfi-müqabil olsalar, o qədər də şöhrətləri və oxucularının sayı artacaq.
Qələmin hörməti və izzəti-nəfsilə tanış olmayan bu yazıçı (hörmətli yazıçılar inciməsinlər) təsəvvür edir ki, məsələn, əgər tərəfdarı çox olan ağayi Tağızadəyə qarşı bir şey yazsa, yəqin ki, onun tərəfdarlarının azı yarısı bu qəzeti alacaq, bu isə onun yeganə məqsədinə çatması üçün ən asan yoldur”.
"İrani-Nov”qəzeti, N137, 20 fevral 1910-cu il.

"Quyruqlu ulduzun təsirləri”

"Arzu edirəm ki, yarımvərəq qəzetələr öz adlarını "İran müfəttişi” qoyub, müxbir adı ilə xalqın cibinə girməyə, bununla da mətbuatı abırdan salıb, xəcalətli edib, keçmişdəki kimi ağızlarına gələni yazmağa cürət etməsinlər”.

"İrani-Nov”qəzeti, N166, 30 mart 1910-cu il.

"Müsahibənin tərcüməsi”

"Yerli qəzet redaktorlarından biri "Şərq” və "İrani-Nov” qəzetlərinin bağlanması məsələsi barədə baş nazirdən müsahibə almışdır.
Bu müsahibə elə bir xüsusi dildə yazılıb ki, avam adamlar onu başa düşməzlər. Ona görə də hörmətli oxucuların onu başa düşməsi üçün ixtisarla da olsa, onu sadə fars dilinə tərcümə etməyi özümüzə borc bildik.
Əlbəttə, bilirsiniz ki, biz "Şərq” qəzetini bağladıq. "İrani-Nov”un da qol-qanadını sındırdıq. Çünki onlar çox danışırlar. Qəzet ümumə məlumat vermək üçün deyil. Elə eyblər var ki, qara camaat onları bilməməlidi. Qəzet əhalini ayıltmamalıdır. Qəzet dövlət mexanizmini hərəkətə gə-tirmək və millətin mənafeyi üçündür. Bu qəzetlər isə əksinə hərəkət edir¬lər. Onlar xarici qəzetlərin bizim kabinə haqqında yazdıqları xəbərləri mülahizəsiz tərcümə və nəşr edirlər. Bununla da bütün iranlıların hüququna toxunurlar. Odur ki, biz də iranlıların əsas hüquqlarının müdafiəsini rəva bilib qəzetlərin hər ikisini məhkəmə və istintaqsız bağlamışıq. Bəs siz nə bilirdiniz?”

"İrani-Nov”qəzeti, N216, 28 may, 1910-cu il.

"Mətbuat azadlığı”

"Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır.
O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun...
...Mətbuatın tərifi və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunların biri yoxdursa, mətbuat da yoxdur.
...Mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üç qüvvəsi, birincisi – qanunvericilik, ikinci – icraedici, üçüncü – hüquq orqanları. Bundan sonra mətbuat gəlir.
...Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə çatdırandır. O, dövrünün mədəniyyət carçısıdır, öz dövrü, başqa dövrlər barədə lazımi məlumatı camaata çatdıra bilir.
...Mətbuat xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir.
...Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir...
...Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir.
...Mətbuat o zaman öz vəzifəsini yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində - yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir.
...Mətbuat azadlığı insan azadlığının əsas sütunudur, çünki o, əqlin, təfəkkürün əsas qüvvəsidir.
...Mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etmək¬dir...
...Mətbuatın əsarəti əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyi və yax¬şı xüsusiyyətləri aradan çıxarır, yalan danışmağı, oğurluğu, əyrilik və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxarır...”

"İrani-Nov”qəzeti, N28, 34, 40, 46, 50, 53; 28 aprel, 6, 11, 20, 24, 28 may 1911-ci il.

Yazı Məmməd Əmin Rəsulzadə irsini araşdıran, tarixçi Nəsiman Yaqublunun "facebook" hesabından götürülmüşdür.