Rüfət Əliyev: "Sorgulanmanı boğmaram, tənqidə güzgü kimi yanaşaram"

Rüfət Əliyev:

06-12-2019 17:37 / Bu xəbər 1292 dəfə oxundu

77 saylı Astara seçki dairəsi üzrə Hamoşam kənd bələdiyyəsinə namizədliyini irəli sürən Rüfət Əliyev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı yenidən seçicilərə müraciət ünvanlayıb.

O bildirib ki, seçiləcəksə, bələdiyyənin fəaliyyəti şəffaf olacaq: "Əgər etimad göstərib, məni bələdiyyə üzvü (sədri) seçəcəksinizsə, bələdiyyə şəffaf olacaq. Birmənalı olaraq, bələdiyyənin bütün iclasları sizə açıq olacaq. Bələdiyyənin gəlirləri və xərcləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, hər altı aydan bir size hesabat veriləcək. Eyni zamanda, bu hesabat bələdiyyənin rəsmi səhifəsində dərc olunacaq. Yəni hesabatın əlçatanlığı təmin olunacaq. Siz ilin, günün, istənilən vaxtında bələdiyyənin rəsmi səhifəsinə girib, gəlirləri, xərcləri fəaliyyət proqramları ilə tanış ola bilərsiniz. Eyni zamanda bu hesabatlar, çap olunub, kəndin görməli yerlərində yapışdırılacaq. Bələdiyyənin xərcləri ilə bağlı qərarları, sizinlə ilkin razılaşdırmadan sonra, sizin etimad göstərib, seçəcəyiz 9 nəfər bələdiyyə üzvü birlikdə verəcək". 

Onun sözlərinə görə, sədr yalnız icra funksiyasını yerinə yetirəcək: "Əgər hesabatlar arası dövürdə, bələdiyyənin fəaliyyəti, gəlir və xərcləri barədə hər hansı bir şübhələriniz olacaqsa, bunun üçün hesabatı gözləməli olmayacaqsız. İstənilən an, sorğulaya, təftiş edə bilərsiz. Sizin sorğularınıza dərhal cavab veriləcək, fəaliyyətinizdə nöqsan olacaqsa, dərhal düzəldəcəyik. Mən sorgulanmanı boğmaram, tənqidə güzgü kimi yanaşaram. Necə mən bu gün hakimiyyətin bütün qullarını, tənqid edib, sorğulayıramsa, eyni qaydada siz də mənim olduğum bələdiyyə hakimiyyətini tənqid edə, sorğulaya bilərsiniz. Tənqid, inkişafa aparan ən mütərəqqi yollardan biridir. Yetər ki, ona sağlam yanaşıb, sağlam nəticə çıxara biləsən. Şəffaflığı da, hesabatlığı da, bələdiyyə hakimiyyətinin hər bir vətəndaşın hakimiyyəti olduğunun nümunəsini də, demokratiyanı da biz birlikdə yaradıb, bütün ölkə üçün mayak rolunu oynayarıq, örnəkləri verərik. Biz birlikdə bütün bunları bacaracağıq".

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.